Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 15:35:00
Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi videobağlantı imkanı məsafə maneəsini aradan qaldırır   

2008-ci ildən icrasına başlanılmış “Azərbaycan Təhsil Şəbəkəsi” (ATŞ) layihəsi ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ölkə üzrə ən böyük daxili təhsil şəbəkəsidir. Layihə hazırda ölkə üzrə 2800-dən çox təhsil müəssisəsini əhatə edir. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 89 faizinə və pedaqoji heyətin 80 faizinə bərabərdir. 

AzEdu.az xəbər verir ki, ATŞ-nin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması, Azərbaycan dilində elektron tədris vəsaitlərinə çıxış imkanın yaradılması, telekonfrans rabitəsinin (IP telefoniya, videobağlantı) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Müasir dövrdə dayanıqlı və əlçatan kommunikasiyalar bütün digər sahələrdə olduğu kimi təhsil sistemində də çox şeyi həll edir. Məsafədən asılı olmayaraq istənilən məkanda daim əlaqəyə çıxa bilmək imkanı qərarvermə prosesinin effektivliyinin artırılmasına müsbət təsir göstərir. Bu baxımdan,  ATŞ-nin milli təhsil sistemi üçün yuxarıda qeyd olunan çoxsaylı faydaları sırasında videobağlantı imkanı xüsusi əhəmiyyət kəsb edir. Beləki, bu imkan vasitəsi ilə təhsil müəssisələri bir-biri ilə real vaxt rejimində operativ, kəsintisiz və təhlükəsiz əlaqə yarada və interaktiv formada məlumat mübadiləsi apara bilirlər. ATŞ nəinki təhsil müəssisələrini, həm də təhsil sahəsinə cavabdeh olan dövlət qurumlarını da (Təhsil Nazirliyini və onun yerli idarə və şöbələrini) ortaq intranet şəbəkəsi daxilində birləşdirir və bir-biri ilə əlaqələndirilməsini təmin edir.  

Qeyd edə bilərik ki, cari ilin iyun ayında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini canlı videobağlantı vasitəsilə qəbul etmişdir. Adıçəkilən rayonlarla yanaşı, Sumqayıt və Gəncə şəhərləri, İsmayıllı, Yevlax, Sabirabad rayonlarında da videokonfrans avadanlığı üzərindən rabitə imkanları yaradılmışdır. Bu müasir kommunikasiya vasitəsi ilə vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını genişləndirilmiş və regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanı yaradılmışdır.  

Eyni zamanda, sözügedən rabitə vasitəsi ilə təhsil müəssisələrində aparıcı müəllimlərimiz dərslərini digər ölkələrdə video nümayiş etdirə bilir və milli təhsil sistemini dünyada tanıtmaq imkanı əldə edirlər. Həmçinin, müəllimlər digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra edir, beynəlxalq təcrübəni öyrənirlər. Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Sözügedən layihə çərçivəsində müəllimlər təhsil müəssisəsini tərk etmədən, onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və bacarıqları səmərəli yolla əldə etməyi öyrənir,  müxtəlif təlim və kurslarda iştirak edirlər. Sözsüz ki, bu imkanların tətbiqi və istifadəsində ATŞ-ə çıxışın olması mühüm rol oynayır.

Göründüyü kimi, ATŞ-nin təqdim etdiyi videobağlantı imkanı sinif otağından və ya iş yerindən ayrılmadan uzaq məsafədə olan şəxslərlə görüş keçirməyə şərait yaradır. Nəticədə, yola sərf olunan zamana və maddi resurslara qənaət olunur, həmçinin bir neçə fərqli məkanda olan şəxslərlə eyni anda əlaqə yaratmaq mümkün olur. Beləliklə, ATŞ-ə qoşulmuş bütün təhsil müəssisələri və qurumları öz aralarında kənar amillərdən asılı olmayan dayanıqlı ünsiyyət imkanları əldə etmiş olurlar.