Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-03 12:35:00
“Bu şagirdlər tez əsəbiləşir, bəzən ağlayır dərsdən çıxırlar” - Ən çətin tədris metodu - MÜSAHİBƏ  

Bir çox ölkələrdə əlilliyi olan uşaqlar digərləri ilə birlikdə məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərdə təhsil alırlar. Bu, cəmiyyətdə sosial bərabərliyə gətirib çıxaran, fiziki məhdudiyyətli uşaqların daha asan təhsil almasına şərait yaradan sistemdir.

Təhsildə əlilliyi olan şəxslərin cəmiyyətə məhz bu cür inteqrasiyasına inklüziv təhsil deyilir.

AzEdu.az xüsusilə peşə təhsil müəssisələrində inklüziv təhsilin mənzərəsini əyani canlandırmaq üçün Bakı şəhər 4 saylı Peşə Liseyinin təhsil və istehsalat işləri üzrə direktor müavini Aytac Rzayeva ilə müsahibəni təqdim edir:

“Əsas tələbat dərzi, aşpazlıq, ağac üzərində oyma  kimi yaradıcı ixtisaslaradır”.

Aytac Rzayeva ilk olaraq,  peşə təhsil müəssisələrində inklüziv təhsilin tarixindən bəhs edir. Bu zaman o,  əsas tələbatın yaradıcı sahələrə olduğunu da bildirir:

“İnklüziv tədris metodu 2017-2018-ci tədris ilindən başlayaraq artıq ikinci  ildir, tətbiq olunur. Ötən tədris ilində 9, bu il isə 5 tələbə inklüziv təhsil alır. Bu, tədris metodunda əsas tələbat dərzi, aşpazlıq, ağac üzərində oyma  kimi yaradıcı ixtisaslardır. Ötən il 9 nəfər tələbə “Soyuducu qurğuların maşinisti” üzrə ixtisas qrupunda təhsil aldırdı ki,  onlardan da yeddisi  işlə təmin olunub, ikisi isə başqa ölkəyə köçüb. Bu ixtisası tədris edən müəllimimiz fabrikdə işə düzəldiyi üçün təəssüf ki yenidən həmin qrupu aça bilmədik. Hazırda  inklüziv təhsil alan 5 tələbə isə dərzi ixtisasındadır. Onlar öz ixtisaslarını mükəmməl səviyyədə bilirlər.

Onu da qeyd edim ki, belə uşaqlarda praktiki dərslərə həvəs daha çoxdur. Nəzəri dərslərdə isə  sıxılırlar”.

“Bizim əsas çətinliyimiz müəllimlərin cəlb olunması ilə bağlıdır”.

Müsahibə zamanı müsahibimiz qarşılaşdıqları çətinliklərdən də söz açdı:

“Fiziki məhdudiyyətli uşaqlar digərləri ilə eyni qruplarda təhsil alırlar. İnklüziv təhsil üçün isə xüsusi qruplar yaradılmalıdır. Bizim əsas çətinliyimiz müəllimlərin cəlb olunması ilə bağlıdır. Çox istərdik ki, fiziki məhdudiyyətli uşaqlarla işləmək üçün ştat yeri yaradılsın.  Müəllimlə təminat baxımdan çətinlik aradan qaldırılıb, inklüziv təhsil üçün xüsusi qrup yaradılarsa bu sahəyə tələbatın artacağına əminəm.  Bizim peşə təhsil müəssisəsində fiziki məhdudiyyətli uşaqlarla işləyən müəllimlər bu işi təmənnasız yerinə yetirirlər. İnklüziv qruplarda iki müəllim dərs keçir. Onlardan biri xüsusi kurs keçmiş müəllimimiz Samirə Cabbarovadır. Dərsləri uşaqlara bədən dili vasitəsilə izah edir. Bütün bu işləri könüllü  həyata keçirir”.

Fiziki məhdudiyyətli uşaqlar üçün daim internat məktəbləri və digər təhsil müəssisələri ilə əlaqə yaradan Aytac xanım, uşaqların həvəslərini artırmaq üçün daim yeni layihələrə imza atır:

“İnklüziv təhsillə bağlı daim internat məktəbləri, fiziki qüsurlu uşaqlar üçün təhsil müəssisələri ilə əlaqə saxlayırıq. Bizə əsas müraciət 3 saylı Fiziki və əqli qüsurlu uşaqlar üçün  internat məktəbindən olur. Burda bacarıqlı şagirdlər çoxdur. Böyük əksəriyyətinin peşəyönümlü bacarıqları yüksəkdir. Onlar digər uşaqlarla müqayisədə  qabiliyyətli həvəslidirlər və daha çox uğur qazanmaq istəyirlər. Dərsə hazırlıqları da yüksəkdir. Bu gün bizdə təhsil alan 5 fiziki məhdudiyyətli tələbədən  üçü əlaçıdır.

Belə uşaqlara dəstək olmaq həqiqətən çox vacibdir. Əgər biz bunu etməsək, onlar cəmiyyətdən tamamilə təcrid olunacaqlar. Biz də belə istedadları itirəcəyik. Onlar cəmiyyətin bir üzvüdür və biz  onları cəmiyyətə cəlb etməliyik.

Elə buna görə də 4 saylı Bakı Peşə Liseyi olaraq, daim  internat məktəblərində, fiziki məhdudiyyətli uşaqlar üçün olan təhsil müəssisələri ilə əlaqədə olub, peşəyönümlü təbliğatlar aparıb, özəl şirkətlərlə xeyriyyə aksiyaları həyata keçiririk. Daha sonra sosial layihələr həyata keçirib onların  əl işləri sərgisini təşkil edirik. Həmçinin, müxtəlif yarışlar zamanı verdiyimiz  hədiyyələrlə onların həvəslərini artırmağa çalışırıq. Bütün bunlarla yanaşı,  yenə də inklüziv təhsillə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var.

Belə uşaqların digər yoldaşları ilə münasibətləri də çox yaxşıdır. Onlar daha mehriban və ünsiyyətli  olurlar.

Hətta qrupdakı digər uşaqlar da onların sayəsində yavaş-yavaş bədən dilini öyrənməyə başlayıblar. Sadəcə, bildiklərini izah edə bilmədikləri üçün daha tez əsəbiləşirlər. Bəzən də ağlayıb, dərsi yarım qoyub çıxmaq istəyirlər. Buna görə də bəzi valideynlər saat 9-dan 3-ə kimi övladlarını gözləməli olurlar.

Uşaqların maraqlarını artırmaq onları gələcəklə bağlı həvəsləndirmək üçün əl işlərindən ibarət sərgilər də təşkil edirik. Belə sərgilərdən biri Bakı Biznes Mərkəzində təşkil olundu. Burda iqtisadi inkişaf nazirliyi və bir neçə təşkilatların dəstəyi ilə yanvar və mart aylarında sərgi təşkil olundu. Burda uşaqların əl işlərinin satılması  onları  hədsiz sevindirdi.

Daha sonra Gülnarə Xələfovanın bir neçə sosial layihəsində iştirak etdilər, sərgilərdə əl işləri nümayiş etdirildi. Qadın Sahibkarlar Birliyinin rəhbərləri, Bakı Tikiş Fabrikinin sədri Səkinə Babayeva bizim uşaqlar üçün konfranslar təşkil etdi. Bundan əlavə, Səkinə xanım bizim tikişçi ixtisası məzunlarına real iş təklifi edib. Bakı Tikiş Fabriki kimi müəssisənin belə  bir münasibəti həm təhsil mərkəzi kimi bizim, həm də tələbələr üçün sevindirici haldır. 

Bundan əlavə biz tələbələrə biznes təlimlər keçirdik. Bu təlimlərdə onlara öz arzularına çatmaq üçün yollar izah olundu. Məsələn, onlardan  birinin belə bir arzusu var idi ki, gələcəkdə öz dərzi salonunu və əl işlərini satmaq üçün internet mağazasını yaratsın. Bu gün cehizlik üçün alınan çay dəsmalları, çaydan tutacaqları və s. kimin əl işlərini internetdən alsaq həm vaxtdan, həm də maddiyatdan qənaət etmiş olarıq. Bu ideya ilə də peşə təhsil müəssisələri arasında birinci yerə layiq görüldülər”.

Sonda Aytac xanım  qazandıqları uğurlardan və gələcək planlarından da söz açdı:

“Bura gələnə kimi də o uşaqların qazandıqları uğurlar vardı. Tələbələrdən Nigar Əliyeva 3 saylı əqli qüsurlu internat evində böyüyüb. Biz onu məktəbə qəbul etdikdə onun 40-a yaxın diplom və sertifikatları var idi. O eyni zamanda I dərəcəli eşitmə və nitq qüsurludur. Onun əl işləri bir çox ölkədə elektron formada nümayiş etdirilib.

 Nigar uşaqlıqdan modelyer olmağı xəyal edir. Bu gün də deyir ki, mən Elnarə Xəlilova Fəxriyyə Manafova kimi modelyer olacağam, öz tikiş salonumu açacağam. Onun qeyri adi bacarığı var.  Qədim xalçalarımızın naxışlarını muncuqlarla toxuyur. Bir sözlə bu qız qeyri-adi tələbədir”.

Rəna Nəbi