XƏBƏRLƏR

03.07.2019 11:04
Maksimal bal toplayan Zaqatala məktəblisi - “Çox da davamlı oxumur, istirahətə də yer ayırırdım”

“Hər yolun öz çətinliyi var. Sadəcə, iradəli insan dözərək bunun öhdəsindən gəlir. Heç kim deyə bilməz ki, nəyi isə asanlıqla əldə edib”.

Yay qəbul imtahanlarında maksimum – 400 bal toplayan Fazil Səfərov AzEdu.az-a açıqlamasında uğur sirrini belə izah edir. O, Zaqatala rayon 3 saylı tam orta məktəbin məzunudur. Qəbul imtahanlarındakı ümumi göstəricisi isə 689.08 baldır:

“Əsas hədəfim maksimum bal toplamaq idi. Bunun üçün çox çalışırdım. Nəticəm 700 olmasa da, 690-a yaxın oldu. İmtahan nəticələri açıqlananda çox həyəcanlı idim. Nəticəmi görüb sevindim.

Bilirdim  ki,  imtahan çətin olacaq. Düzü, elə buna görə də 700-ə çox da ümid etmirdim.

Sınaq imtahanlarında 650-dən çox bal toplayırdım. Hətta 670 ballıq nəticə göstərdiyim vaxt da olub. Nəticələrim normal olsa da, imtahanın həyəcanını danmaq olmaz”.

“Çox da davamlı oxumur, istirahətə də yer ayırırdım”.

Fazil Səfərov Bakı Ali Neft Məktəbinin tələbəsi olmağı düşünür:

“İki seçim - Proseslərin avtomatlaşdırılması mühəndisliyi və ya Neft–qaz mühəndisliyi fakültələri - arasında qalmışam.

Nəticəm bu iki fakültədə oxumağa əsas verir. Əslində, çox da davamlı oxumur, istirahətə də yer ayırırdım.

Bilirsiz, yüksək bal toplamaq üçün çox çalışmaqla yanaşı, rejimlə oxumaq lazımdır. Hədəfə doğru addımlayırsansa, zəhmət çəkməlisən.  Universitetə hazırlıq kurslarının birində hazırlaşmışam.  Məktəb dərslərindən də geri qalmırdım”.

“Heç kim deyə bilməz ki, nəyi isə asanlıqla əldə edib”

O, yüksək nəticə göstərmək istəyən abituriyentlərə belə məsləhət verib:

“Abituriyentlər bacardıqca rejimlə oxusunlar. Telefon, kompüterlə çox az məşğul olsunlar. Sonuncu il əsasdır. Maksimum nəticə göstərmək istəyirlərsə, bütün potensiallarını sərf etsinlər.

Hər yolun öz çətinliyi var. Sadəcə, iradəli insan dözərək öhdəsindən gəlir. Hamının çətinliyi olur. Heç kim deyə bilməz ki, nəyi isə asanlıqla əldə edib”.

Qeyd edək ki, 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri dünən açıqlanıb. Nəticələrə əsasən, 700 bal toplayan olmasa da, 7 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə – 400 bal toplayıblar.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu