Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 09:32:00
Dünyanın ilk proqramçı ledisi - FOTOLAR  

Tələbə idim, kafedra müdirimiz, mərhum professor Vaqif Pirməmmədovun kabinetində gözümə o vaxt üçün nadir rastlanan rəngli bir kitab sataşdı. Kitabı qaytarmaq şərti ilə götürmək istədim. Ancaq əziz müəllimim və diplom rəhbərim kitabı vermədi, "Get diplom işini müdafiə elə sonra" dedi. Diplom müdafiəsindən sonra Naxçıvana hərbi təlimə apardılar bizi. Kitabda gördüyüm gözəllər gözəli qadını da unutdum, kitabın özünü də. Sonra Vaqif müəllimdən kitabı ala bilmədim - çox erkən dünyasını dəyişdi qəfil ürək tutması ilə. Bu axşam haradansa o gözəl alimi xatırladım və yadıma Ada düşdü…

O qadın diqqətimi gözəlliyi ilə deyil, soyadı ilə çəkmişdi. Auqusta Adanın qızlıq soyadı Bayron idi, şöhrətli ingilis şairi lord Bayronun qızı idi. Tam adı Auqusta Ada Kinq Bayron, Kountess of Lovelis (1815-1852) olan Ada Lavleys fırtınalı həyatı ilə bir vaxtlar Londonun ən çox danışılan qadınlarından idi. Bayron qızını cəmi bir dəfə görmüş, o görüşdən sonra da ailəsini və İngiltərəni tərk edib getmişdi.

Adanı anası böyütmüşdü. Riyaziyyata olan həvəs və istedadı da ona anasından keçmişdi. Anna İzabellanın dəqiq elmlərə olan həvəsinə görə lord Bayron onu "Paralleloqramlar Kraliçası" adlandırırdı. Ada gənc yaşda Çarlz Bebbiclə tanış olur, bu da onun həyatını dəyişdirir. Bebbic tanınmış riyaziyyatçı, filosof və mühəndis olmaqla bərabər elm tarixinə proqramlaşdırılan kompüter konsepsiyasının ilk müəllifi kimmi düşüb. O qədər hərtərəfli insan idi ki, Bebbic XIX əsrin ən görkəmli polimatlarından biri sayılırdı.

Ada Bebbicə heyran qalır, onun zəkasının tilsiminə qapılır. Bebbic də ilk növbəsində onun gözəlliyinə və istedadının təsirinə düşür, hazırladığı ilk hesab maşınının prototipini ona göstərir. 1842-43-cü illərdə Ada analitik maşınlar haqda mühazirələr tərcümə edir. O, tərcüməyə orjinaldan üç dəfə daha çox şərh yazır. Şərhlərdən birində İngiltərə elmi ictimaiyyəti əsərlə maraqlanır, Faradey müsbət rəy verir.

Şərhlərdən birində Ada Berneulli rəqəmlərinin Bebbicin "Analytical Machine" adlı ibtidai kompüteri ilə necə hesablanmasından yazır. Məhz elə bunu da elm tarixçiləri dünyanın ilk kompüter proqramı hesab edirlər. "Analytical Machine" isə modern kompüterlərin əsasını təşkil edir.

Ada Lavleys analitik maşınların nəyə qadir olacağını ilk bilən və onların potensialını ən doğru qiymətləndirən riyaziyyatçı idi…

İbrahim Nəbioğlu