Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 12:40:00
Bu il məzun olacaq şəxslərdən MİQ üzrə müsabiqəyə qeydiyyat zamanı arayış tələb olunmur - Nazirlik

Müəllimlərin işə qəbulu müsabiqəsinə elektron qeydiyyat zamanı bu il məzun olacaq şəxslərdən universiteti başa vurduqlarına dair heç bir rəsmi sənəd tələb olunmur.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları mərkəzinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, mövcud qaydalara əsasən, bu il ali və ya orta ixtisas təhsili müəssisələrindən məzun olacaq namizədlər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Murad Camalzadənin sözlərinə görə, həmin namizədlər elektron qeydiyyatdan keçərkən “diplomun seriya nömrəsi” hissəsinə sadəcə arayış sözünü yazmalıdırlar.

Məlumata əsasən, lakin müəllim olmaq istəyən şəxslər müsabiqənin test imtahanı mərhələsindən sonra müsahibəyə gələrkən və vakansiya seçərkən artıq yekun dövlət attestasiya imtahanından uğurla keçdiklərini təsdiq edən arayışı təqdim etməlidirlər.

Qeyd edək ki, iyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin I mərhələsi iyulun 3-də başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin 8-24 iyul tarixlərini əhatə edəcəyi planlaşdırılıb.