Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-29 10:11:00
“Azərbaycan məktəbi” jurnalının 2019-cu il üçün ilk sayı işıq üzü görüb

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin beynəlxalq  elmi-nəzəri, pedaqoji nəşri olan  “Azərbaycan məktəbi” jurnalının 2019-cu il birinci nömrəsi çapdan çıxıb.

AzEdu.az xəbər verir ki, jurnalın  builki ilk nömrəsində  oxucular “Qiymətləndirmə”, “Pedaqogika”, “İnnovasiyalar”, “Metodika”, “Beynəlxalq təcrübə”, “Praktika”, “Sosiologiya”, “İdarəetmə” rubrikaları altında istər ölkəmizin,  istərsə də xarici ölkələrin təhsil mütəxəssislərinin, tanınmış alimlərinin bir-birindən maraqlı elmi-nəzəri, metodiki, həmçinin tədqiqat xarakterli  yazıları ilə  tanış ola bilərlər.   Ümumilikdə jurnalda Azərbaycan, rus, ingilis və türk dillərində təhsilin müxtəlif sahələrini əhatə edən 14 məqalə dərc olunub.

Jurnalın ilk səhifələrində baş redaktor,  fəlsəfə üzrə fəlsəfə doktoru  Rahil Nəcəfin “Bilik -gücdür” adlı geniş  məqaləsi oxuculara təqdim olunur. Məqalədə təhsilimizin müasir inkişaf strategiyası və eləcə də onun konseptual mahiyyəti barədə  ətraflı söz açılır. Bundan başqa, jurnalda  Xəzər Universitetinin dosenti, Humanitar təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədlinin “Azərbaycanlı şagirdlərin PIRLS-2016 nəticələrinin təhlili”,  ABŞ-ın Corc Vaşinqton Universitetinin doktorantı Sevinc Məmmədovanın “Keyfiyyətli müəllim, yoxsa keyfiyyətli tədris”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru Afət Süleymanovanın “Qloballaşma prosesinin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər”,  Türkiyənin  Mərmərə Universitetinin Təhsil Tədqiqatları İnstitutunun  elmi işçisi Serkan Yaşar Güney və professor  Midrabi Cihangir Doğanın birlikdə qələmə aldıqları “Storyline metodunun elmi nailiyyətə və təhsilin davamlılığına təsiri” və digər  məqalələr qloballaşan dünyanın təhsilə yeni baxış bucağından yanaşmasını əks etdirən dəyərli elmi tədqiqatlardır. 

Bundan başqa, Rusiyadan “Bələdiyyə təhsili: innovasiyalar və təcrübə” jurnalının baş redaktoru, tədqiqatçı alim Yelena Sidenkonun “Pedaqoqun fəaliyyət motivasiyası və təlim metodlarının qarşılıqlı əlaqələri haqqında”, dosentlər, pedaqoji elmlər namizədi Yelena Zubova və pedaqoji elmlər doktoru Mixail Neçayevin “Tərbiyəedici mühitin nəzəri əsasları, yaradılması və inkişafı məsələlərinə həsr olunmuş elmi pedaqoji tədqiqatlar” adlı məqalələri  də ümumilikdə həm Rusiya, həm də xarici ölkələrlə birlikdə komparativist yanaşma tərzində pedaqoqun fəaliyyət mexanizmasını və metodik üslubunu araşdıran yeni elmi fikir və ideyalarla zəngindir.

Jurnalda həmçinin  tarix fənninin uşaqlara daha çox sevdirilməsi və arxeoloji ekspedisiyalara şagirdlərin cəlb edilməsi ilə bağlı tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Şamil Nəcəfovun “Açıq tarix dərslərində arxeoparklara gəzintinin təşkili və arxeoloji materiallardan istifadənin tədrisin keyfiyyətinə təsiri” adlı yazısı sosial qruplar və kütlə psixologiyasının hərtərəfli öyrənilməsi baxımından, eləcə də  AMEA Fəlsəfə İnstitutunun sosial psixologiya şöbəsinin elmi işçisi Ruhiyyə Məmmədovanın “Sosial psixoloji aspektdə qrup fenomeninin tədqiqinə metodoloji yanaşma” adlı məqaləsi  də olduca diqqətçəkən və aktualdır.

Bu il  pedaqoji mətbuatın ən qocaman jurnalı olan “Azərbaycan məktəbi” özünün 95 yaşını qeyd edəcəkdir. Bununla bağlı jurnal öz səhifələrində pedaqoji elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü Hüseyn Əhmədovun “Azərbaycan məktəbi” jurnalının sələfləri və pedaqoji mətbuat tarixindəki xidmətləri” adlı sanballı, tarixi tədqiqat materialları ilə zəngin  məqaləsini də dərc edib. (Azərbaycan müəllimi)