Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-28 09:25:22
Azərbaycanlı alimin tədqiqatlarının nəticəsi kənd təsərrüfatında istifadə olunacaq

Məlum olduğu kimi, 14 dekabr 2018-ci ildə Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, sintezi, tətbiq sahələri və perspektivləri” mövzusunda Rəyasət Heyətində məruzə ilə çıxış edib, özünün birbaşa və ya rəhbərliyi altında aparılan tədqiqatların nəticələrini təqdim edib. Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib və bu istiqamətdə tədqiqatların davam etdirilməsi və hazır olan nəticələrin AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) ilə birgə istehsalata tətbiq edilməsi ilə bağlı tədbirlər görülməsi məqsədəuyğun hesab olunub.

Aparılan tədqiqatlar nəticəsində əldə edilən nəticələrdən biri də bioloji aktiv maddələrlə zəngin “MBB-77” yem əlavəsi ilə bağlı olub və onun istehsalata tətbiqi mümkün hesab edilib. Daha sonra “MBB-77” yem əlavəsinin heyvandarlıq və quşçuluq sahəsində tətbiq edilməsi ilə bağlı AR Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Belə ki, nazirlik tərəfindən Baytarlıq Elmi-Tədqiqat İnstitutuna (BETİ) göstəriş verilib və qeyd edilən məhsulun heyvandarlıq və quşçuluq təsərrüfatlarında yoxlanılmasını məqsəduyğun hesab edib.

Buna müvafiq olaraq Mikrobiologiya İnstitutu yem əlavəsindən 3 kq hazırlayaraq AMEA YTP-nin nümayəndələrinin iştirakı ilə BETİ-yə təqdim edib. Təqdim edilən məhsul iribaşlı mal-qara və toyuqlar üzərində sınaqdan keçirilib. 30 gün müdətinə davam etdirilən işlər artıq başa çatıb və yem əlavəsinin iribuynuzlu mal-qarada südün miqdarının yüksəlməsinə, toyuqlarda isə yumurtlamaya müsbət təsir etməsi müəyyən olunub. Belə ki, 2,52 kq yemin istifadəsi əlavə olaraq 270 litr süd və 120 ədəd yumurta əldə edilməsinə imkan verib. Yem əlavəsinin tətbiqi nəticəsində əldə edilən məhsullar əsas göstəricilərinə görə də analiz edilib və onların da tələblərə cavab verməsi müəyyən olunub.

Hazırlanan yem əlavəsi kənd təsərrüfatı məhsullarının istehsalında faydalı olmaqla yanaşı, praktikaya yönəlik elmi tədqiqatlara diqqətin artırılmasının zəruriliyini bir daha qeyd etməyə imkan verir.