Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 16:11:00
“Şagirdlərimizə repetitor yanına getməyə icazə verilmir” – Mübariz İbrahimov adına kompleksdə mükəmməl addım  

“Abituriyent” jurnalının 12-ci nömrəsində orta təhsil müəssisələrinin 2018-2019-cu tədris ilində göstərdikləri nəticələr qeyd olunub.

Jurnalda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Lisey-Məktəb Kompleksinin də adı keçir.

Bu təhsil müəssisəsini təmsil edən orta statistik abituriyentin qəbul imtahanında 625.310  topladığı qeyd olunub. Jurnalda yazılanlara görə, ötən qəbul imtahanlarında lisey məzunlarının hamısı 500, 20 nəfəri isə 600-dən çox bal toplayıb.

“Bu il ən yüksək nəticəmiz 689 baldır”

XI sinif şagirdlərinin sinif rəhbəri isə həmin məktəbin sosial proqramlar üzrə şöbə müdiri Ayşən Kazımlıdır.

AzEdu.az imtahan nəticələri ilə bağlı onun fikirlərini öyrənib. Müəllim bildirib ki, bu il də nəticələr keçənilki kimi yaxşıdır:

“Builki  XI sinif şagirdlərinin də hər biri 500-dən yuxarı bal toplayıb. Ən aşağı nəticə 500 baldır. Yay imtahanlarından sonra nəticələri daha dəqiq biləcəyik. Amma yay imtahanlarını nəzərə almasaq, hələlik ən yüksək nəticəmiz 689 baldır. Hesablamalarımıza əsasən, yay qəbul imtahanlarından sonra yetirmələrimiz arasında 692 bal toplayan da ola bilər.

O, bildirib ki, məktəbin bütün XI siniflərinə bir müəllim rəhbərlik edir. Sinif rəhbəri hər hansı fənni tədris etmir.

“Uğurun bir sirri var : vicdanla işləmək”

Müəllimin sözlərinə görə,  təhsil kompleksi 6 ildir ki, Respublika birincisidir:

“Bu uğurun bir sirri var: vicdanla işləmək. Burada hər kəs işinə məsuliyyətlə yanaşır. Məqsədimiz birinciliyi hər zaman əlimizdə saxlamaqdır. Buna nail olmaq üçün şagirdlərlə hərtərəfli iş aparırıq.

Bilirsiz ki, bu il abituriyentlər yeni sistemlə imtahan veriblər. Amma bu, yüksək nəticələrə  əngəl olmayıb. Yay qəbul imtahanlarından sonra nəticələrin daha da artacağına inanıram”.

“Şagirdlərimiz  repetitor yanına getmirlər”

O, bildirib ki, məktəbdə bütün ixtisas qruplarına hazırlaşan şagirdlər var. Məktəblilərə digər fənlər də tədris olunsa da, əsas üstünlük ixtisas qruplarının fənlərinə verilir. Amma qazanılan uğur yalnız bunun nəticəsi deyil:

“Məktəb-lisey kompleksinə qəbul V sinifdən imtahan yolu ilədir. Amma yuxarı siniflərdə də əlavə qəbullar həyata keçirilir. V sinifdən bura qəbul olunmaq istəyən şagird Azərbaycan dili, Riyaziyyat və Məntiqdən imtahan verməlidirlər. İngilis dilini bilmək isə üstünlük hesab olunur.

Şagirdlərimiz repetitor yanına əlavə hazırlığa getmirlər. Liseydə buna icazə verilmir.

Burada nə keçirlərsə, odur. Heç şagirdlərin özlərinin də əlavə hazırlığa ehtiyacları olmur. Məktəblinin hər hansı mövzudan çətinliyi varsa, müəllimlər dərsdən sonra da burada qalıb onunla əlavə məşğul olurlar. Təsəvvür edin, müəllim heç bir təmənna güdmədən öz vaxtını ayırır və dərsdən sonra şagirdlə məşğul olur.

XI siniflərdə 31 şagird təhsil alır. Amma işi elə qururuq ki, dərs prosesində heç bir məktəbli diqqətdən kənar qalmır. Hər ay sınaq imtahanları keçiririk”.

Məktəbdə tədris saat 8-dən 4-ə qədər davam edir. Təbii ki, yemək saatları da bura daxildir.

Ayşən müəllim onu da bildirir ki, bu il də nəticələrin yüksək olmasına baxmayaraq, daha çox bal gözlədiyi şagirdləri olub:

“Amma hər şey dərsdən asılı deyil. Uşaqların şəxsi həyatlarını da nəzərə alaq. Ailəsində problem olan, fikrini toparlaya bilməyənlər də ola bilər. Yaş dövrünün nəzərə alsaq, belə problemlər çox olur.

Bunları nəzarətdə saxlamağa, sinfin bütün problemlərini həll etməyə çalışıram”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları