Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 11:50:26
“Planetdə xeyli ərazi su altında qalacaq, Buz dövrü yaşanacaq” –Antarktidadakı xanım alim-MÜSAHİBƏ

“Dəniz səviyyəsindən 60 metrdən az yüksəklikdə yerləşən bölgələr suların altında qalacaq”

“Qlobal iqlim dəyişikliyi səbəbiylə Aralıq dənizində tarixdə misli görülməmiş fırtınalar, Sibirdə bu günə qədər rast gəlinməyən yağışlar yağmağa başlayıb”

Oxuduqlarınız dünyanın yaşadığı və bundan sonra yaşayacağı faciələr barəsindəki qəzet yazılarının xülasəsi deyil... Müsahibimiz Burcu xanıma – Antarktidada 5 dəfə elmi ezamiyyətdə olan, xüsusi tədqiqat qrupunun rəhbəri Burcu Özsoya aiddir. 

Kifayət qədər maraqlı və bəşəriyyətin gələcəyi üçün vacib olan elmi tədqiqat sahəsi var.  Söhbət əsnasında da bunu hiss edəcək, Burcu xanımla birlikdə özünüzü Antarktidada salınan elmi düşərgələrdə sanacaqsınız... Bəzən, Hollivud filmlərinin yaşatdığı xüsusi  “gərilim”  modunda da olacağıq. Bizdən deməkdir, bu “səyahətə” hazırıqsa, gəlin, birlikdə yola çıxaq. Burcu xanım bizi gözləyir... Amma, yox, qoy, əvvəlcə özünü tanıyaq:

Buzlaqların türk ledisi

Burcu Özsoy bakalavr təhsilini Türkiyənin Yıldız Texniki Universitetində alıb. Daha sonra İstanbul Texniki Universiteti (İTÜ) Dənizçilik fakültəsində araşdırmaçı kimi fəaliyyət göstərib. ABŞ-ın Texas ştatında  isə doktorantura səviyyəsi üzrə təhsilini davam etdirib.

Hazırda İstanbul Texniki Universiteti Qütb Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzinə (İTÜ PolReC) rəhbərlik edir. Eyni zamanda, İTÜ-nün Dənizçilik fakültəsinin müəllimidir.

Burcu Özsoy “End of the Earth” (dünyanın sonu) adlandırılan Antarktida qitəsinə 5 dəfə səfər edib.

99% ərazisi buzlaqlarla örtülü, elm adamlarından başqa heç kimin yaşamadığı bu qeyri-adi ərazidəki bir çox   elmi bazalarda qadın araşdırmaçılar çalışmasa da, Türkiyədən qitəyə təşkil olunan 3 səfərin başçısı məhz Burcu Özsoy seçilib.

Dünyanın ən soyuq, ən küləkli və ən quraq yeri olaraq tanınan qitədə ən aşağı temperatur -93,2 C qeydə alınıb.

Antarktikada 2 fəsil mövcuddur: yaz və qış. Alimlərin əksəriyyəti araşdırmalarını yaz fəslində həyata keçirirlər. Qitədə qış aylarında, yəni aprelin sonlarından etibarən günəş 4 ay müddətinə qalıcı olaraq batır.

Burcu xanımı da beləcə tanımış olduq. Həə, indi başlayaq bu “buzlu səyahətimizə”... Sizi  AzEdu.az “gəmisi” ilə Burcu xanım Antarktidaya aparıb, ora səfərin çətinlikləri, burada hökm sürən sərt hava şəraiti, qitənin həyatımızda oynadığı və fərqində belə olmadığımız rolu barədə şəxsən məlumat verəcək.

- Antarktidaya təşkil olunan 3 elmi ezamiyyətə rəhbərlik etmisiniz. Heç bir ölkəyə aid olmayan və qadağalar bölgəsi kimi tanınan Antarktidaya gedəndə hansı çətinliklərlə qarşılaşdınız?

-Antarktida həyatıma doktorantura təhsilimi aldığım ərəfələrdə daxil olub. 2005-ci il idi, dəniz buzlaqları ilə bağlı araşdırma aparırdım və  özümü bu sirli dünyada  tapdım. 2010-cu ildə səfərdən geri qayıdandan sonra kimsəyə aid olmayan, sülhün və elmin hökm sürdüyü qitədə araşdırmalar aparmağı qarşıma məqsəd qoydum.

2015-ci ildə əsasını qoyduğum  və hələ də rəhbəri olduğum İstanbul Texniki Universiteti Qütb Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi (İTÜ PolReC) məhz bu məqsədə xidmət edir.

2017, 2018 və 2019-cu illərdə Türkiyə milli səviyyədə Antarktidaya səfərlər həyata keçirib. 3 dəfə ezamiyyət qrupunun rəhbəri kimi xidmət göstərmişəm.

Təbii ki, Antarktidaya getməklə dünyanın hər hansı bir yerinə səfər etmək fərqli anlayışlardır. Çünki bölgəyə çatdıqdan sonra “kaş, bunu da yanımda gətirsəydim” deyə düşünmək və ya hər hansı bir əşyanı oradan əldə etmək kimi şansınız yoxdur. Hər səfərin ən çətin hissəsi məhz həmin səfərə olan hazırlıqlardır.

Buraya getmək həm fiziki, həm də maddi cəhətdən hazırlıqlı olmağı tələb edir.  Təxminən,  36 saat vaxtımız təyyarə ilə havada keçir. Ölkə statusu olmayan bir yerə səfər etdiyimiz üçün gömrükdə ciddi problemlərlə qarşılaşırıq.  Cənubi Amerikanın ən ucqar nöqtəsinə çatdıqdan sonra - bu nöqtədən sonra Cənubi Amerikada həyat yoxdur- yolumuza gəmi ilə davam edirik. Bir neçə gün çəkən dəniz səfəri ilə olduqca təhlükəli bölgələrdən keçirsiniz. Bura Atlantik okeanla Sakit okeanın böyük dalğalarına, şiddətli küləyə məruz qalacağınız yerlərdir. Hava şəraiti hər zaman pisdir, külək şiddətlidir. Buna görə də səfər zamanı göyərtəyə çıxmaq qadağandır. Əks halda, 10 dəqiqə içində bədən temperaturunun kəskin aşağı düşməsi səbəbiylə ölə bilərsiniz.

-Antraktidada bir neçə ölkənin elm düşərgələri fəaliyyət göstərir və burada mövcud olan hər iki fəsildə alimlər mütəmadi araşdırmalar aparırlar. Türkiyənin də qitəyə elmi səfərlər təşkil etməkdə əsas məqsədi müvəqqəti elm bazası yaratmaq olub. Sərt hava şəraitinin hökm sürdüyü, alimlərdən başqa heç kimin yaşamadığı bu qitədə qarşıya qoyduğunuz məqsədə nə dərəcə nail ola bildiniz?

-Antarktida dünyanın “ən”lərini özündə birləşdirən məşhur və beşinci böyük qitədir. Buraya dünyanın ən soyuq, ən quraq, ən yüksək, ən küləkli yeri də deyə bilərik. Bu qədər müxtəlifliyin yaşandığı yerdə planlı şəkildə araşdırma aparmaq, əlbəttə, çox çətindir. Çünki planlarınızı səfərin ilk günlərindən etibarən dəyişdirmək məcburiyyətində qalırsınız.

Üstəlik, bu dəyişikliklərə uyğunlaşmaq  və zamanı düzgün idarə etmək çox vacibdir.

Qeyd etdiyiniz kimi Antarktidaya təşkil olunan elmi səfərlər nəticəsində hər il alimlər müxtəlif layihələr təqdim edirlər.

Bu elmi layihələrə dəniz və quruda xəritəçəkmə prosesləri, Antarktidada düşərgələrin salınması ilə həyatın davam etdirilməsi, ekstremal şəraitdə yaşaya bilmək üçün sərf edilən səylər və bunun üçün tədbirlər planının hazırlanması daxildir.

Bugünə qədər reallaşdırılan 3 elmi səfərdə planlarımıza uyğun müvəqqəti elm bazasının, meteoroloji stansiyanın qurulması, quru və dəniz dibinin xəritəçəkmə prosesləri kimi bir neçə layihə uğurla həyata keçirilib.

Səfərlər çərçivəsində reallaşdırılan elmi işlərin dünya ictimaiyyətinə çatdırılması üçün ingilis dilində sənədli film də çəkilib. Layihələrimiz dünya mediasında yayımlanmağa başlanıb. Türkiyə olaraq Antarktidada uğurlu elmi işlərə imza ata biləcəyimizi dünyaya sübut etmişik.

-Bütün dünyanı təsiri altına ala biləcək qlobal iqlim dəyişikliyinin əsas səbəblərindən biri də qütb bölgələrində mövcud olan coğrafi şəraitin dəyişməsidir.  Bu baxımdan, Antarktida ilə bağlı heç bir elmi bilgiyə sahib olmayan insana bu qitənin əhəmiyyətini necə izah edərdiniz?

-Hazırda qlobal iqlim dəyişikliyi sadəcə elmi materiallarla ortaya çıxan məsələ deyil. Bu, hamımızın həyatında bəzi dəyişikliyə səbəb olan ciddi faktordur. Kənd təsərrüfatı üçün yararlı olan ərazilərin məhv olması, şirin su qaynaqlarının azalması kimi bir çox hadisələr hər kəsin iqlim dəyişikliyindən xəbərdar olmasına şərait yaratdı.

Antarktida “dünyanın soyuducusu” olaraq tanınır. Qütb bölgələri Günəşdən gələn şüaların bir qismini geri qaytarır. Bunun əsas səbəbi quru və dənizdə buzlaqların mövcudluğudur.

Ancaq insanların atmosferi çirkləndirməsi səbəbiylə yaranan sera qazları (xüsusilə də karbon dioksid - atmosferin çirklənməsinə və havanın hərarətinin dəyişməsinə səbəb olan qaz –red.) qütb bölgələrinin geri qaytardığı şüaların dünyada qalmasına səbəb olur. Beləliklə, sanki dünyamızın üzərinə yorğan örtmüş oluruq.

Antarktida dünyanın qara qutusudur. Hər il donan buz təbəqələri arasında sıxışıb qalan qalıqlar milyonlarla il əvvəlki şərait barədə nümunələr tapıb araşdırma aparmağımıza imkan verir. Keçmiş və bugünümüzlə əlaqədar bilgilər gələcəyi başa düşməyimizə və proqnozlaşdırmağımıza yardımçı olur.

Bu gün kosmosla bağlı araşdırmaların bir qismi Antarktidada aparılır. Kosmonavtlar ekstremal şəraitdə həyatda qalmaq üçün məhz bu bölgədə təlim keçirlər.

99% buzlaqlarla örtülü olan və dünyadakı şirin suyun 70%-nin ehtiyatda saxlanıldığı Antarktida həm bu səbəblərə, həm də heç bir ölkəyə aid olmaması,eyni zamanda sadəcə sülhün və elmin bərqərar olduğu bir yer olduğuna görə bizim üçün çox böyük əhəmiyyət daşıyır.

-Qitədə araşdırmalar aparan alimlərdən bəziləri buraya bir daha gəlməyəcəklərini desələr də, böyük bir qisim tamamilə bəyaza bürünən bölgəyə heyran qaldıqlarını qeyd edirlər. Siz necə, illərlə uzaqdan araşdırdığınız Antarktidanı ilk gördüyünüzdə hansı hissləri keçirdiniz?

- Buranı ilk gördüyümdə sadəcə, heyran qaldım.  Bəyazlarla örtülü, həyatın, tıxacın, yolun, binanın, marketin,  hətta əlaqə vasitələrinin belə yox səviyyəsində olduğu bir yer düşünün. Buna baxmayaraq, hüzur dolu bu yerə heyran qaldım.

Antarktidanın xüsusi sehri var. Onu görən hər kəs yenidən görmək üçün can atır. Bütün çətinliklərə rəğmən bura təkrar- təkrar gəlmək istəyirsiniz.



-Sizcə, Antarktidada həyat mövcud olsaydı, hazırda qitədə bərqərar olan elm və sülh bu gün də mövcudluğunu davam etdirərdimi?

-Antarktidada həyatın olmamasının ən böyük səbəbi buradakı iqlimin sərtliyi ilə əlaqədardır. Qitə 1900-cü illərin əvvəllərində kəşf edilib. 1930-cu illərdən burada müxtəlif elmi araşdırmalar həyata keçirilib.  Antarktida 1959-cu ildən etibarən sülhə və elmə hədiyyə edilən böyük töhfədir.

Qitədə qeyd olunan tarixlərdən bəri həyat mövcud olsaydı, bu gün buranı dünyanın qara qutusu adlandıra bilməzdik. Antarktikadan təbii resurslar əldə etməyə çalışarkən qitəni tamamilə çirklənmiş vəziyyətdə tapa bilərdik.

-Qitədə daimi elmi bazaya sahib olan ölkələrin alimləri qış fəslində də araşdırmalar aparır və burada yaşayırlar. Türkiyə bölgədə daimi elmi düşərgə qurmağa nail olarsa, qışda Antarktidada, yəni 4 ay Günəş işığı görməyən bölgədə xidmət göstərmək istərdinizmi?

- Bu gün Antarktidada  30 ölkəyə aid elm düşərgələri qurulmağa davam edir. Qeyd etdiyiniz kimi, bu bazaların bir qismi 12 ay müddətində fəaliyyət göstərir.

Türkiyənin 2019-cu ildə qurduğu müvəqqəti düşərgə 2022-ci ilə qədər ildə 2 ay istifadəyə yararlı olacaq. 12 ay xidmət göstərə bilən düşərgəmiz qurulduğu təqdirdə isə heç şübhəsiz, burada xidmət göstərmək mənim üçün şərəf olardı.

-Dünyada baş verən iqlim dəyişiklərində qütb bölgələrinin təsiri danılmazdır. Antarktidanın bu prosesdə əsas rolu nədən ibarətdir?

-Antarktidada yerləşən dəniz buzlaqları dünyadakı iqlim sisteminin yaranmasına səbəb olur. Buzlaqların vasitəsilə qütb bölgələrindən başlayan böyük axıntı bütün dünya dənizlərini dolaşaraq təkrar qütb bölgələrinə qayıdır. 1000 illik dövrü əhatə edən bu sistem iqlimin hazırkı kimi mülayim olmasına səbəb olur.

Alimlərin qənaətinə görə, qütb bölgələrində bu sistem məhv olarsa, Yer kürəsi “buz dövrü” ilə qarşı-qarşıya qalacaq.

Dəniz buzlaqları hər il bir az daha azalır, okeanlar günəş şüalarını daha çox udur və bu da buzların sürətlə əriməsinə səbəb olur. “Pozitiv geri qidalanma” adlandırılan bu hadisə iqlimin daha sürətli dəyişməsi anlamına gəlir.

İqlim dəyişikliyi səbəbiylə dünyanın qarşılaşacağı təhlükələr xeyli çoxdur. Bu təhlükələrə kənd təsərrüfatı üçün yararlı ərazilərinin məhvi, şirin su qaynaqlarının azalması, buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi, dəniz canlılarının azalması kimi nümunələr göstərə bilərik.

Yəni əslində dünyanı xilas etmək, qütb bölgələrini xilas etməkdən keçir.

-Antarktidada elm adamları xaricində heç kim yaşamasa da, ozon təbəqəsində ən böyük dəlik məhz burada aşkarlanıb. Bu da onu  deməyə əsas verir ki, insanlar qitədə həyat sürməsələr belə, onların səbəb olduğu hadisələrin mənfi təsirləri ən uc nöqtədə yerləşən bölgələrə qədər belə gəlib çıxa bilir…

 -Tamamilə doğrudur! Dünyada atmosferə atılan qalıqlar külək və dəniz axıntıları vasitəsilə çox uzaq məsafələrə daşınır. Çernobıl hadisələrinin izləri hazırda Antarktidada tapıla bilər. Eyni zamanda İstanbul və ya Bakıda sürdüyünüz maşından çıxan zəhərli qazlar qütb bölgələrinə qədər yayılıb atmosferdə yığıla bilir.

Ozon qatının seyrəlməsi də eynən dünyanın fərqli yerlərində atmosferin çirkləndirilməsiylə sıx əlaqəlidir. Bu səbəbdən də ozon təbəqəsində dəliyin olması məhz Antarktidada kəşf edilib.

Anlamaq lazımdır ki, dünya sonsuz bir yer deyil. Dənizə atdığınız plastik parçası bir də görməsəniz belə dünyanın fərqli yerlərində meydana çıxa və ciddi fəsadlar törədə bilər.

-İqlim dəyişikliyi səbəbiylə dünyanın üzləşəcəyi təhlükələrdən ən çox hansı ölkələr zərər görəcək?

-2000-ci illərə qədər “qlobal istiləşmə” adlandırılan hadisə sonradan müxtəlif fəsadlar törətməsi səbəbiylə iqlim dəyişikliyi kimi tanınmağa başladı.

Qlobal iqlim dəyişikliyindən ən çox zərər görən ərazilər hazırda qütb bölgələri olsa da, xüsusilə Türkiyə, Azərbaycan kimi orta qurşaq ölkələri də bu dəyişiklikdən təsirlənməyə başlayıb.

Şirin su və qida qaynaqlarının azalması bu qaynaqlara əlçatanlıq səviyyəsinin çətin olduğu ölkələrdə böyük problemlər yaradacaq. Artıq Aralıq dənizində tarixdə misli görülməmiş fırtınalar, Sibirdə bu günə qədər rast gəlinməyən yağışlar yağmağa başlayıb.

-Bəs dünyanın “qara qutu”su adlandırılan və coğrafi proseslərə dərindən təsir göstərən Antarktida bu gün yetəri qədər qoruna bilirmi?

-Antarktidada qış fəslində 1000, yazda isə 4000 alim yaşayır. Bura hər il 50.000-ə yaxın turist tərəfindən ziyarət edilir. Türkiyənin 17, Azərbaycanın 160 qatı böyüklüyündə olan qitədə 1959-cu ildən bəri hər hansı nüvə tədqiqatı və ya hərbi əməliyyatlar aparılmayıb, buradakı insanlardan qaynaqlanan tullantılar da daim təmizlənərək ərazidən kənarlaşdırılır.

Bölgədən hər hansı təbii resurs çıxarmaq, dəniz məməlilərini ovlamaq qadağandır.

Bu qadağalara rəğmən dünyanın müxtəlif  yerlərindən bölgəyə daşınan yüklər vasitəsilə yenə də tullantılara rast gəlirik. 

Xüsusi ilə qeyd etmək istəyirəm ki, Antarktidanı qorumaq üçün hamımız evlərimizdə, məktəblərdə diqqətli olmalıyıq. Ora getməmək oranı çirkləndirə bilərik demək deyil. Dənizə atılan hər zibil, maşınlarda istifadə olunan hər damla benzin, evimizdə istifadə etdiyimiz enerji qaynaqları bütün dünyayla yanaşı, Antarktidanı da çirkləndirir.

-Deməli, insanın səbəb olduğu və gələcəkdə üzləşəcəyimiz problemlərdən qurtulmağın ən təsirli vasitəsi elə insanın özüdür. Bu yolda hər birimizin üzərinə hansı vəzifələr düşür?

- Təbii ki, bu qədər təhlükəylə yanaşı, texnologiya bizə gələcək üçün ümidlər vəd edir. Alimlər buzlaqların təkrar dondurulması, atmosferdə karbon dioksid miqdarının azaldılmasına qədər bir çox mövzuda bu gün də araşdırmalar aparmaqda davam edirlər. Bizə də bu işdə üstümüzə düşən vəzifəni yerinə yetirmək qalır.

Bu vəzifələri sistemləşdirsək, ortaya belə siyahı çıxır:Enerjini qənaətcil istifadə etməliyik. Evimizdəki işıqlardan avtomobilimizə qədər hər sahədə daha az enerji istifadə etməyimiz labüddür;

-Yenilənən enerji qaynaqlarından fərdi şəkildə istifadə edə bilərik. Üstəlik, iş yerlərində rəhbərlərimizi də bu mövzuda razı sala bilərik;

-Bərpa oluna bilən məhsulun önəminin fərqinə varmalıyıq. Çünki hər məhsulun istehsalına enerji sərf olunur və yenidən istehsal olunmayan materiallar tullantıya çevrilərək çirkənməyə səbəb olur.

-Buzlaqların əriməsi ilə okeanlarda suların səviyyəsinin yüksəldiyini qeyd etdiniz. Bəzi elmi araşdırmalarda buzlaqların tamamilə əriməsinin dünyanın suların altında qalmasına səbəb ola biləcəyi göstərilir…

-Uzun illərdir, okeanların sonsuz, ucsuz-bucaqsız olduğu bilinirdi. Buna görə də insanlar tullantıları laqeydcəsinə dənizə atırdılar. Bu gün fərqinə varıblar ki, dənizə atdığımız hər plastik əşya yediyimiz dəniz məhsullarında toplanır. Yəni bir tərəfdən dənizləri çirkləndiririk, digər tərəfdən isə fərqinə varmadan öz “sənət əsərimiz”lə qidalanırıq. Dünya əhalisinin sayının artması da bu çirklənmənin miqyasının genişlənməsinə səbəb olur.

Antarktidadakı buzlaqların tamamilə əriməsinin dəniz səviyyəsini 60 metrdən çox artıracağı təxmin edilir. Bu baxımdan, dünyanın dəniz səviyyəsindən 60 metrdən az yüksəklikdə yerləşən bölgələrinin su altında qalma təhlükəsi var.

Qlobal iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsi, suların yüksəlməsi də hər gün baş verən prosesdir. Hər il dəniz səviyyəsi bir neçə santimetr yüksəlir. Ancaq buzlaqların tamamilə əriməsiylə dəniz səviyyəsindəki artımın bütün dünyanı yox edəcəyini söyləmək mümkün deyil.

-Hazırda atmosferdəki karbon dioksidin miqdarında da ciddi artım olduğu müşahidə olunur…

-1990-cı illərin əvvəllərində atmosferdə milyonda 300 partikül səviyyəsindən də aşağı olan karbon dioksid hazırda 410-dan yüksəkdir. Üstəlik, artmaqda da davam edir. Bu, dünyanı hər gün daha qalın yorğanla örtdüyümüz anlamına gəlir.

İqlim dəyişikliyinin sürətini artıran bu hadisə elm adamlarının bir nəticəyə gəlib çıxmasına səbəb olub. Alimlərin iddialarına görə, 2100-cü ildən sonra bizi daha fərqli bir dünya gözləyir.

- Demək olar ki, hər çıxışınızda gənc tələbələrə daim dəstək olmağın önəmindən bəhs edirsiniz. İstanbul Texniki Universitetində bu məqsədlə tələbələrə hansı imkanlar yaradılır?

- Gələcəyin alimləri, rəhbərləri, anaları, ataları olaraq gənclərimiz bizim üçün olduqca dəyərlidir. Buna görə də məktəbdən universitetə qədər onlarla daim əlaqədə olmağı çox önəmsəyirəm.

2010-cu ildə hazırladığım “qlobal iqlim dəyişikliyi və qütb bölgələri” mühazirələri çərçivəsində bir çox məktəbə gedərək gənclərimizlə ünsiyyətdə oldum. 2015-ci ildə İTÜ Qütb Araşdırmaları tələbə komandasını quraraq bakalavr və magistr səviyyələri üzrə tələbələr yetişdirdim. Onları başqa məktəblərə getməsi üçün təşviq etdim.  2019-cu ildə 6 aylıq müddət ərzində təxminən 20.000 insana bu şəkildə çata bildik.

Bundan əlavə, İTÜ PolRecin qapıları hər zaman tələbələrimizə açıqdır. Qütb bölgələri ilə bağlı layihəsi olan və bu layihəni təkmilləşdirmək, eyni zamanda həyata keçirmək istəyən tələbələr üçün imkanlar yaradırıq. Elmi səfərlərimizdə magistratura və doktoranturada təhsil alan tələbələrimizə yer veririk.

-Bir çox insan qadının qazana biləcəyi uğurları məhdudlaşdırsa da, siz bir alim olaraq dünyanın ən ucqar nöqtəsində yerləşən bölgəyə 5 dəfə səfər etmisiniz. Üstəlik, bu çətin səfərlərin 3-nün rəhbəri olmusunuz. Son olaraq, qadın olmağı uğur qazanmaqda əngəl olaraq görənlərə nələri tövsiyə edərdiniz?

-Bir qadın və bir ana olaraq qadınların bacara bilməyəcəyi bir şeyin olduğunu düşünmürəm. Antarktidada bugünə qədər 5 səfərdə iştirak edib 3 milli səfərə liderlik etmişəm. Ziyarət etdiyimiz bəzi ölkələrin elm düşərgələrində qadın araşdırmaçı belə yox idi. Lakin qadınlara seçmə və seçilmə hüququnu bir çox ölkədən  öncə verən Türkiyənin səfər liderinin qadın olması bir çoxlarının diqqətini çəkdi.

Sizin vasitəniz ilə qardaş Azərbaycandakı həmcinslərimə də qadınların hər şeyi bacara biləcəyini göstərməkdən qürur duyuram.

Gənclərə və  qadınlara çoxlu oxumalarını, özlərinə güvənmələrini, səhv etməkdən qorxmalalarını tövsiyə edirəm. Xarici dilləri təkmilləşdirsinlər, akademik məqalələr oxusunlar, dünya tarixinə bələd olsunlar. Özünə güvənən, savadlı gənclərə ehtiyacımız çoxdur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları