Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-26 17:13:00
Polşa Milli Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulur

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi üçün Texniki Yardım Layihəsi”nin təhsil və layihələrin idarə edilməsi üzrə eksperti, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik bölməsinin rəhbəri, professor Jacek Gajevski ilə görüş keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, fəlsəfə doktorluğu hazırlığı səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması, “Azərbaycan ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi üçün Texniki Yardım Layihəsi”ndə İnformasiya Texnologiyaları İnstitutunun imkanları, eləcə də kiberfiziki sistemlərdə və nüvə tədqiqatı sistemlərində kibertəhlükəsizliyə dair müzakirələrin aparılması olub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev institutda yaradılmış innovativ şərait haqqında məlumat verib, rəhbərlik etdiyi qurumda elm və təhsilin inteqrasiyası məsələlərinə xüsusi önəm verildiyini vurğulayıb. Qeyd edib ki, müasir dövrdə elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdən ibarətdir. Bunun üçün onlayn mühitlər üzrə kadr potensialının formalaşdırılması zəruridir.

İnstitutun bu istiqamətdə böyük təcrübəyə malik olduğunu söyləyən R.Əliquliyev qurumda süni intellekt, verilənlərin intellektual analizi, “Data Science”, İKT biliklərinin tədrisi ilə bağlı müxtəlif kursların təşkili üçün hər cür şəraitin yaradıldığını bildirib, bu kursların kommersiya əsaslı təşkili istiqamətində işlərin görülməsinin vacibliyindən danışıb.

Görüşdə professor Jacek Gajevski rəhbərlik etdiyi bölmə haqqında məlumat verib. Bildirib ki, bu bölmə korporativ şəbəkədə informasiya təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, kiberfiziki sistemlərin, o cümlədən sənaye idarəetmə sistemlərinin əsas komponentləri olan proqramlaşdırılan məntiqi idarəetmə (programmable logic controller, PLC) sistemlərinin təhlükəsizliyi istiqamətlərində elmi-praktik tədqiqatlar aparır və dünyanın nüfuzlu nüvə tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq əlaqələri qurub.

Akademik R.Əliquliyev iki qurum arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildirib, qonağı cari ilin noyabr ayında institutda “Fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri” mövzusunda keçirilməsi nəzərdə tutulan ümumrespublika elmi-praktik konfransına dəvət edib.

Sonda kibertəhlükəsizlik istiqamətində birgə qrant layihələrinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.