Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-26 13:30:00
Pedaqoji mühazirələrin qalibi: “Qaldırdığımız problemlər  bu səbəbdən üstün sayıldı”

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə pedaqoji mühazirələr keçirilib.

Pedaqoji mühazirələr iki mərhələdə (birinci mərhələ rayon (şəhər) və ikinci mərhələ respublika mərhələsi) təşkil olunub.

Rayon (şəhər) mərhələsi bu ilin fevral-mart aylarında keçirilib. Bu mərhələdə 3 min 642 pedaqoji mühazirə dinlənilib. Onlardan 182-si seçilərək respublika mərhələsinə təqdim olunub. Həmin mühazirələr Təhsil Nazirliyinin işçi qrupu tərəfindən oxunub, onlardan 155-i respublika mərhələsində oxunması üçün proqrama daxil edilib.

Respublika mərhələsi isə bu gün keçirilib.

AzEdu.az  pedaqoji mühazirələrin qalibi, tarix müəllimi Elnur Hacıyevin təəssüratlarını öyrənib.

Qalib müəllim açıqlamasında pedaqoji mühazirələrin önəmi haqqında danışıb:

 “Bu gün pedaqoji mühazirələrin respublika turu keçirildi. Daha öncə rayon və şəhər mərhələsi təşkil olunmuşdu.

Pedaqoji mühazirələr müəyyən meyarlara əsasən, seçilir. 148 pedaqoji mühazirə respublika mərhələsinə qatılmaq şansı əldə etmişdi. Burada ölkənin müxtəlif yerlərindən müəllimlər var idi. Əsas məqsəd pedaqoji təcrübələrin paylaşılması idi. Biz respublika turunda təcrübələrimizi digər müəllim yoldaşlarımızla paylaşdıq. Həmçinin də, digər müəllimlərin qabaqcıl təcrübələrinidən  faydalandıq.

Mühazirələrin əsas faydası ondan ibarətdir ki, dövr yenilənir  və buna uyğun olaraq təhsildə də tələblər dəyişir. Pedaqoji yanaşmalar həmişə eyni qalmır. O dövrün tələbinə və ehtiyaclarına uyğun inkişaf edir”.

O qeyd edib ki, yenilikləri  izləmək, paylaşmaq  onlardan faydalanmaq  üçün bu cür tədbirlərin böyük əhəmiyyəti var.

“Mühazirələrdə dinlədiyimiz bir çox  yenilikçi fikirlər var idi. Yeni metodlar,  təhsilin keyfiyyətinin yüksəldilməsi  və bir çox maraqlı məqamları öyrəndik. Bu da bizim üçün çox faydalı oldu.

Biz mühazirələrdə  bir istiqamət seçdik. Bu təhsildə olan  aktual  problemi əhatə etməli idi. Məqsədimiz bu problemi qabartmaq  və önə çəkmək deyil, həmin problemin həlli yolları ilə bağlı fikirlərimizi demək idi.

Mühazirəmizdə məqsəd nəzəri əsalarla praktiki bilikləri birləşdirmək idi. Bu səbəbdən də bizim meyarlarımız daha üstün götürüldü. Bu da qalib olma şansımızı  artırdı”.

Qeyd edək ki, pedaqoji mühazirələr 18 bölmədən ibarətdir. Mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Şükufə Süleymanlı