Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 13:10:00
Şirməmməd Hüseynovun ən sonuncu tələbələrinin təəssüratları: “I  sinifdə dediyi şeiri də bizim üçün səsləndirirdi”  

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov bu gün 95 yaşında evində vəfat edib. 

Şirməmməd Hüseynov ömrünün uzun illərini ona çox doğma olan Bakı Dövlət Universitetinə həsr  etdi. 70 ildən çox bu ali təhsil müəssisəsində çalışdı. Həmçinin, mətbuat, televiziya vasitəsilə milyonlarla insana dərs keçdi. Amma Şirməmməd Hüseynovu daha yaxından tanıyanlar, onun qeyri-adi hafizəyə, maraqlı yanaşma tərzinə bələd olanlar isə auditoriyada ondan dərs alan tələbələr oldu. Təbii ki, bu 70 ildə Şirməmməd Hüseynovdan yüzlərlə, bəlkə də minlərlə tələbə dərs aldı.

Professor Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasında çalışırdı. Uzun illər idi ki, bakalavr dərəcəsində oxuyanlara mühazirələr deməsə də, magistraturada təhsil alanlara klassik mətbu irsimizin sirlərini öyrədirdi.

Böyük tədqiqatçı ömrünün sonunadək bu missiyanı həyata keçirdi. Elə  bir neçə ay bundan əvvələ qədər də auditoriyaya girib, dərsini keçdi.

AzEdu.az minlərlə gəncə dərs demiş Şirməmməd Hüseynovun ən sonuncu tələbələrinin təəssüratlarını təqdim edir:

Bu gənclər adıçəkilən kafedranın magistrları olarkən, düşünməzdilər ki, böyük alimin ən sonuncu yetirmələri məhz onlar olacaqlar...

Firayə Allahverdiyeva, BDU-nun Jurnalistika fakültəsinin magistrı:

“Alim öldü, aləm öldü... Məhz Şirməmməd Hüseynov üçün deyilib. Dünəndən hər kəs təəssüflənir,  bu kədərli sonluğun nə zamansa olacağına biz qətiyyən inanmırdıq. Daha doğrusu, buna inanmaq istəmirdik.  Nə şanslıyam ki, Şirməmməd müəllimin tələbəsi oldum. Auditoriyamız Şirməmməd müəllimin 94 möhtəşəm mühazirələrinin oxuduğu son auditoriya oldu... Həmin mühazirələrdən isə nə qədər danışsaq, azdır... Bir dərsdə bütün mövzulara toxunardı. Verdiyi heç bir informasiyanın içi boş olmadı. Möcüzəli şəxsiyyət idi.... Bir  insan həyata bu qədər  necə həvəsli, yaradıcılığa can verən ola bilər axı?! Hər mühazirəsi vaxtı belə düşünürdüm.

 Bir dəfə ad günündə müəllimlər istədilər ki, ona paltosunu geyinməyə kömək etsinlər. Amma kimsəyə imkan vermədi. Cavan oğlan cəldliyi ilə paltosunu geyinib, dedi: ”Bir müəllim ki, paltosunu özü geyinə bilmir, onun universitetdə nə işi var?!”.  

Sonra da ənənəsinə uyğun olaraq bir “göz vurdu”. Deyirdi ki, mən bundan 4 il sonra çıxacaq kitabımı fikirləşirəm. Fakültədə hər kəs onunla məsləhətləşərdi. Müəllimin razı olmadığı iş baş tuta bilməzdi. Bildirirdi ki, arxivdən hansısa önəmli məlumat əldə etdikdə, bunu ailəmlə qeyd edirəm. Həmin gün mənim üçün bayram olur. Seminar, mühazirə fərq etməz, özü danışırdı. Necə maraqla, diqqətlə dinləyirdik, qeyd götürürdük. 2 ildə nə öyrəndimsə, Şirməmməd müəllimdən öyrəndim. Allah rəhmət eləsin!

Şəbnəm Cavadzadə, BDU-nun Jurnalistika fakültəsinin magistrı:

İlk növbədə onu demək istəyirəm ki, Şirməmməd müəllimin vəfatı Azərbaycan mətbuatı üçün böyük itkidir. Özümü və qrup yoldaşlarımı   tələbələri olduğumuz üçün çox şanslı hesab edirəm. 2 ildə yeganə müəllim oldu ki, onun dərslərində böyük həvəslə və heç şikayət etmədən iştirak edirdim. Bizə elə faktlar deyirdi ki, bakalavr müddətində onları eşitməmişdik. O, informasiyanı maraqlı tərzdə çatdırırdı. Onun fenomenal yaddaşına, hadisələri dəyərləndirmə və əlaqələndirmə bacarığına heyran qaldım. Onun vəfat xəbəri mənə çox pis təsir etdi. Əvvəllər onun çox sərt biri olduğunu düşünürdüm, bizə dərs keçdiyi müddətdə zaraftcıl biri olduğunu gördük. Allah Şirməmməd müəllimə qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun!

Xəyalə Əmiraslanova, Şəbnəm Cavadzadə, BDU-nun Jurnalistika fakültəsinin magistrı:

Şirməmməd müəllimin  dərs keçməsi bizim üçün bir şərəf idi. Deyirdilər ki, əvvəlki illərdə Şirməmməd müəllim həddən artıq sərt biri olub. Biz isə onu çox mülayim, zarafatcıl biri kimi tanıdıq. Dərsə çox ciddi yanaşırdı. Hətta mühazirə zamanı dəfələrlə ona televiziya və digər kiv-lər müsahibə üçün müraciət edirdi. O isə bir kəlmə deyirdi : “Mən dərsdəyəm”. Onun dediyi fikirlər üçün əlavə qeyd dəftəri tutmuşduq. Ailə üzvlərim təəccüblənirdi ki, əfsanəvi şəxsiyyət Şirməmməd müəllimlə ünsiyyətdəsənmi?! Yaşının çox olmasına baxmayaraq, yaddaşı çox güclü idi.  Hətta 1-ci sinifdə dediyi şeiri bizim üçün səsləndirirdi. Çox istəyirdi ki, gənclər oxusun, maariflənsin. Bizim üçün böyük məktəb oldu. Onun vəfatını eşidəndə göz yaşlarımı tuta bilmədim. Kaş yaşayaydı, bizdən sonrakı tələbələr də bu xoşbəxtliyi dadaydı. Allah rəhmət eləsin!”

Firayə Allahverdiyava