XƏBƏRLƏR

25.06.2019 09:55
Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər  

İyunun 24-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb.

AzEdu.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyində keçirilən press brifinqdə İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müsabiqə barədə məlumat verib.

O qeyd edib ki, ümumilikdə il ərzində 10-11 min müəllim işə qəbul olunur. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Eşqi Bağırov diqqətə çatdırıb ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar səriştələri, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

“Keçən il imtahan qaydalarında bir yenilik tətbiq olunub. Belə ki, müəllimlərin test imtahanında göstərdiyi nəticələr iki il qüvvədə qalır. Ötən il imtahan verən namizəd bu il də təkrar müsabiqəyə qatılarsa və test imtahanı mərhələsində daha az bal toplayarsa onun sonuncu - cari ildə topladığı nəticə nəzərə alınacaq. Əvvəlki nəticə ləğv olunacaq”, - deyə Eşqi Bağırov bildirib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.

İlin gənc müəllimi-Müraciət formu