Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 16:20:17
MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi bu tarixləri əhatə edəcək - RƏSMİ  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edəcək.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin  İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.

Bildirilib ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

Qeyd edək ki, iyunun 24-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər  miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.  Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.

Müəllimlərin işə qəbulu müsabiqəsi ümumilikdə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

Rəna Nəbi