Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-23 15:32:00
Şimal bölgəsindən olan 1077 abituriyent Xaçmaz şəhərində biliklərini sınayıb

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.

AzEdu.az xəbər verir ki, 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1077 məzun iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyində və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində imtahan veriblər.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq üçün I qrupda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki bildirib ki, imtahanlara 98 nəzarətçi müəllim, o cümlədən 8 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

İmtahanlar Xaçmazla yanaşı, respublikanın daha 10 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan və Lənkəranda ümumilikdə 46 binada aparılıb.