Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-23 13:36:00
Bu il magistraturaya maraq artdımı?- Statistik göstəricilər və təhlil

Magistraturaya bütövlükdə 12387 nəfər bakalavr ərizə verib

AzEdu.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. 

Ötən il bu rəqəm 13081 olub. Ərizələrin 90.49%-i (11209-u) Azərbaycan, 9.51%-i (1178-i) isə rus bölməsi üzrə olub. Sənəd verənlərin 42.96%-ni (5321 nəfər) oğlanlar, 57.04%-ni (7066 nəfər) isə qızlar təşkil edib. Onların da 6833 nəfəri (55.16%-i) bakalavriat səviyyəsinin builki məzunlarıdır və ali təhsil müəssisələrinə, əsasən, 2014-cü ildə daxil olublar. Həmin ildə 33707 nəfər gənc tələbə adını qazanmışdı.

Magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 25-də Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində keçirilib. Sual kitabçaları hər bir bakalavr üçün xüsusi avtomatlaşdırılmış xətt vasitəsilə (bu xətt xüsusi olaraq DİM-in keçirdiyi imtahanlarda sual kitabçalarının çapı və komplektləşdirilməsini həyata keçirir) fərdi qaydada çap olunub və imtahan zalları üzrə komplektləşdirilib. Sual kitabçasının “Dil fənni blokundakı xarici dil” bölməsində seçilən xarici dil üzrə test tapşırıqları təqdim olunub. Alman və fransız dilləri üzrə test tapşırıqları Azərbaycan və rus bölmələri üçün bir variantda, ərəb və fars dilləri üzrə test tapşırıqları yalnız Azərbaycan bölməsi üçün bir variantda, Azərbaycan və rus bölmələri üçün məntiqi təfəkkür, informatika və ingilis dili, həmçinin Azərbaycan bölməsi üçün xarici dil kimi rus dili üzrə tapşırıqlar 4 variantda hazırlanıb. İmtahanda 12241 nəfər bakalavr iştirak edib. İmtahan materialları bir gün ərzində emal edilib. Nəticələr fevralın 26-da DİM-in internet saytında elan olunub.

II mərhələyə buraxılan bakalavrlar mayın 7-dən 17-dək internetdə öz ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçiblər. Qəbul imtahanının II mərhələsi iyunun 3-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilib. Sual kitabçaları hər bir bakalavr üçün xüsusi avtomatlaşdırılmış xətt vasitəsilə fərdi qaydada 1 variantda çap olunub və imtahan zalları üzrə komplektləşdirilib. İmtahanda köçürmə hallarının qarşısının alınması üçün eyni proqram üzrə imtahan verən bakalavrların imtahan zallarında bir-birindən aralı oturması təmin edilib.  

Şükufə Süleymanlı