Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 16:50:00
Oğlanlar və qızların ən çox üstünlük verdiyi ixtisaslar – Uğursuz seçim və yanlışlıqlar-TƏHLİL

AzEdu.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında məlumat verilib.  

Jurnalda qeyd olunan statistik göstəricilərə əsasən,  oğlan və qız abituriyentlərin üstünlük verdikləri  ixtisasların bir-birindən kəskin şəkildə fərqləndiyi məlum olub.

Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox riyaziyyat, fizika və mühəndislik (I qrup) və İqtisadiyyat və idarəetmə (II qrup) ixtisaslarınadır.

Azərbaycan bölməsində oğlanların 72.91%, rus bölməsində isə 76.45%-nin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir.

Oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir. Sual oluna bilər: nə üçün abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki qrup üzrə DİM-in müəyyənləşdirdiyi minimal tələbləri ödəyərək müsabiqədə iştirak edən abituriyentlərin sayı bir-birinə yaxındır və hər iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun səbəblərindən biri I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır. Statistik təhlil göstərir ki, I ixtisas qrupunun abituriyentləri, əsasən, bir və ya iki fənn üzrə yaxşı hazırlaşır, digər fənlərə isə səthi yanaşırlar. Digər səbəb isə bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət  fənləri ilə bağlı olmasıdır.

Orta statistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər, həmişə olduğu kimi, “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın, əsasən, şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır. Belə ki, II qrupda Riyaziyyat fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq səviyyəsi, digər regionlardan fərqli olaraq, yüksəkdir.

IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 2.35 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 2.69 dəfə yüksək olub.

Ötən ildə olduğu kimi cari ildə də V ixtisas qrupuna həm oğlan, həm də qız abituriyentlər yüksək maraq göstəriblər. Bu daha çox ərizə qəbulu mərhələsi ilə əlaqədardır. Ötən illərdə V qrupu öz ərizələrində yalnız qabiliyyət imtahanı üçün qeydiyyatdan keçən abituriyentlər seçə bilirdilər, son iki ildə isə abituriyentlər qeydiyyatdan keçmədən V qrupu öz ərizələrində qeyd etmək imkanı əldə ediblər. Nəzərinizə çatdıraq ki, V ixtisas qrupuna marağın bu dərəcədə yüksək olması daha çox cari ilin məzunları ilə bağlıdır. Məlum olduğu kimi, cari ilin məzunlarının V ixtisas qrupu üzrə ixtisasların müsabiqəsində buraxılış imtahanının nəticələri əsasında iştirak etmək imkanı olmuş və onlar bu məqsədlə əlavə imtahan verməmişlər.

Həmçinin, cari ilin məzunları ali təhsil müəssisələrinə qəbul kampaniyasında ilk dəfə iştirak etdikləri üçün onların iştirakı dövlət büdcəsin tərəfindən maliyyələşdirilmişdir. Qeyd olunan səbəblərə görə cari ilin məzunları ərizələrində həm də V ixtisas qrupunu seçmişlər, baxmayaraq ki, faktiki olaraq onların bir çoxunun bu qrupa aid olan ixtisaslara maraqları çox az olub və yaxud heç olmayıb.

Şükufə Süleymanlı