Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 16:20:00
“Alimlərimizin bəsit və düzgün yazılmayan məqalələrini elmi jurnallar qəbul etmir” -PROBLEM

Gənc alimlər dissertasiya işlərini müdafiə edən zaman onlardan elmi məqalələrini çap etmək tələb olunur. Bu çap prosesində gənc alimlər və alimliyə namizədlər bir sıra çətinliklərlə üzləşirlər.

AzEdu.az bu çətinliklər haqqında AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin fikirlərini öyrənməyə çalışıb:

O sözlərində  alim və mütəxəssislərin əldə etdiyi elmi  nəticələrdən söz açıb.

“Dissertasiya müdafiəsinə hazırlaşan alimlərin təqdim etdiyi çap  məhsulları məqalə və konfrans materialları şəklində ola bilər.  Müdafiə zamanı bunlar mütləq şəkildə tələb olunur.

Alimlər elmi məqalələrini dərc etdiyi zaman müəyyən çətinliklərlə üzləşirlər.  Amma dediyimiz çap problemi yerli jurnallarda  demək olar ki, yoxdu. Bizdə elmin istənilən sahəsinə aid olan yerli jurnallarda məqalələr dərc etmək mümkündü. Bu həm humanitar , həm də dəqiq sahələri əhatə edir. Elə jurnallar var ki, onlar müəyyən ödəniş qarşılığında çap prosesini həyata keçirirlər. Tədqiqat institutlarına aid olan jurnallarda isə pulsuz dərc etmək mümkündü. Yetər ki, əldə olunan nəticə haqqında məqalə yaxşı yazılsın.

Əfsun Sucayev onu da  qeyd edib ki, müdafiə ərəfəsində olan gənclər üçün ən böyük çətinlik, məqalələrin xarici jurnallarda dərc edilməsi zamanı yaşanır:

“Burada iki mühüm məqam var: Birinci  odur ki, alimlər məqalələrini beynəlxalq indeksli jurnallarda  çap etməlidirlər. Bu zaman  üzləşdiyimiz çətinlik isə alimlərin məqalələrini həmin jurnalların tələblərinə uyğun şəkildə hazırlaya bilməməsidi. ”Clarivate Analytices” şirkətinin bazasında olan indeksləşmiş jurnalların hər birinin öz tələbi var. Bu tələblər içərisində ən əhəmiyyətlisi  məqaləni ingilis dilində oxunaqlı və başadüşülən şəkildə yazılmasıdır. Məqaləni  elmi ingiliscədə yox, adi danışıq dilində yazıb göndərdikdə  o, geri qaytarılır. Çünki onu oxuyanlar məqaləni anlaya bilmirlər.

Mən ildə ən azı 4 dəfə müxtəlif jurnallarda məqalə çap etdirə bilirəm. Bu da əldə etdiyim elmi nəticələrin dünyanın aparıcı elm mərkəzləri tərəfindən təsdiq olunması deməkdir. Bir sıra aparıcı elm mərkəzləri var ki, bizlə birlikdə iş görmək istəyirlər. Bunlar Rusiya, İtaliya, Türkiyədə yerləşir”.

O qeyd edib ki, ən böyük problem isə bizdəki  elmi nəticələrin əhəmiyyətinin olmamasıdır:

“Ya əldə olunan nəticələr bəsit olur,  ya da indeksli jurnalların tələblərinə uyğun inglis dilində düzgün yazılmır. Bunu da dünyanın aprıcı elmi jurnalları qəbul etmir .

Dəqiq elmlərdə bu problemlər o qədər də nəzərə çarpmır. Lakin  humanitar sahədə özünü göstərir. Bəzi alimlər kitabları, jurnalları, qəzetləri köçürüb məqalə hazırlayırlar. Amma düşünmürlər ki, bu nəticə dünyanın aparıcı elm mərkəzləri tərəfindən qəbul olunmayacaq.

Son olaraq qeyd etmək istəyirəm ki.  biz çalışmalıyıq ki. elmin səviyyəsini artıraq. Nüfuzlu jurnalların tələblərinə uyğun tədqiqatlar aparmalıyıq.Əgər bunu etsək, məqalələrimiz rahat şəkildə jurnallarda dərc olunacaq”

Şükufə Süleymanlı