Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 16:04:00
Xaricdə təhsil alanların müraciətlərinə baxılma prosesi müvəqqəti dayandırılacaq-SƏBƏB

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir. 

Nostrifikasiya üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədləri (diplom və ona əlavə [transkript]) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır.

Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü, sənədi [diplom və ona əlavəni] imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.

Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində sənədi [diplom və ona əlavəni] imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin [ali təhsil müəssisəsinin] adı qeyd olunmalıdır.

Bəs nostrifikasiya üçün təqdim ediləcək diplom və ona əlavəni [transkript] apostil möhürü ilə leqallaşdırmaq üçün nə etmək lazımdır?

-Müxtəlif ölkələrdə leqallaşdırmaya qoyulan fərqli tələbləri nəzərə alaraq, apostil möhürü/sertifikatı əldə etmək üçün təhsil sənədini təqdim edən ali təhsil müəssisəsinə müraciət olunmalıdır;

-Müvafiq olaraq leqallaşdırılmış sənədlərin əslinin elektron surəti [skan] apostil möhürü/sertifikatı ilə birlikdə bir pdf formatında fayl şəklində elektron ərizəyə yüklənilməlidir. 

Apostilsiz təqdim olunmuş sənədlərə baxılmasının mümkün olmadığını nəzərə alaraq, bu tip sənədlərin elektron ərizə vasitəsilə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.


“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və Təhsil Nazirliyi tərəfindən icra olunan hökumətlərarası müqavilələr çərçivəsində məzun olan müraciətçilər üçün sədaləşdirilmiş nostrifikasiya proseduru nəzərdə tutulduğundan, həmin müraciətçilərin təqdim etdiyi təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur.

Qeyd edək ki, “Haaqa Kovensiyası”na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd [diplom] və ona əlavə [transkript], sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.