Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 14:36:00
Düzgün psixoloji hazırlıq olmayanda imtahanda abituriyentin “beli sınır”

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi çərçivəsində imtahan I və IV ixtisas qrupları üzrə iyunun 23-də, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsində kifayət qədər bal toplaya bilməyən abituriyentlərin böyük əksəriyyəti ümidini məhz ikinci mərhələyə bağlayıb. Sirr deyil ki, abituriyentlərin ən böyük problemi və biliklərini tam şəkildə ortaya qoymalarına mane olan məqam imtahan həyəcanıdır.

Psixoterapevt Elmir Əkbər AzEdu.az-a müsahibəsində imtahan həyacanın aradan qaldırılmasından danışıb.

- Elmir müəllim, qarşıdan qəbul imtahanlarının ikinci mərhələsi gəlir. Abituriyenlər hazırlaşırlar, psixoloji gərginlik, valideynlərin müdaxiləsi var. Bu gərgin atmosferi necə aradan qaldırmaq olar?

- Azərbaycanda qəbul imtahanları Avropada orta əsərlərdə tüğyan edən cəza sistemlərinə bənzəyir. Bu il abituriyentlər yeni qəbul modeli ilə imtahan verdilər. Bu da təşviş yaratdı, çünki ortada yenilik var. Ona görə də bu il özəlliklə təşviş çox yüksəkdir. Valideynlərdə də, abituriyentlərdə də. Bu yüksək təşviş hələ bir neçə il də müşahidə olunacaq. Yeni imtahan tərzinə nə valideyn hazırdır, nə də abituriyentlər. Düzgün psixoloji hazırlıq olmayanda imtahanda abituriyentin “beli sınır”. Abituriyentlər yuxularına, qidalarına, istirahətlərinə diqqət etməlidirlər. Valideynlər da övladlarına düzgün yanaşmalıdırlar. Təpki göstərməməli, övladlarının sevildiyini nümayiş etdirməlidirlər.Yəni “mənim üçün əhəmiyyətli olan sənin topladığın bal yox, sən özünsən” yanaşmasını tətbiq etmək lazımdır. Düzdür, təhsil çox vacibdir, amma hər şey deyil. Valideynlər intiharlardan, evdən qaçmalardan dərs çıxarmalıdırlar. İntiharların yaranmasında məktəblərin də rolu var. Amma ailədə psixi konteyner düzgün qurulubsa, bütün məktəb uşağa bullinq etsə ki, özünü at, o, bunu etməyəcək. İnsanlarla işləyən peşə sahibləri azı 6 aydan bir müayinədən keçməlidir. 

Qəbul imtahanları elə bir sadomazaxist oyundur ki, ət maşınından keçəndən sonra abituriyentdə psixi enerji ya bərpa olunur,  ya da olunmur. Bu enerji bərpa olunmayanda adamın oxumağa həvəsi olmur, gələcək həyatında problemlər yaranır. Enerji tükənməsinin yaranması heç də yaxşı hal deyil.

Nəzərə alaq ki, bu gün Azərbaycanda qızların tərbiyəsi mühit, cəmiyyət, bəzən də ailələr tərəfindən çox zədələnir. Ailələr tərəfindən ona görə olur ki, ana ilə 5-ci sinif şagirdi olan qızı eyni marka ayaqqabı, paltar geyinir. Orta məktəb şagirdi makiyaj edirsə, məktəbə gedib telefon markası yarışına girirlərsə, bu zaman təbii ki, ortada  bilik yarışından söhbət gedə bilməz.

- Bu dediklərinizin qızların qəbul imtahanlarında iştirakı ilə hər hansı bir əlaqəsi varmı?

- Əlbəttə. Mən sözümü elə ona gətirirdim. Azərbaycan hökuməti yaxşı bir addım atmış olar ki, qızlar üçün qəbul imtahlarını yığışdırsın. Qızlar üçün qəbul imtahanları yığışdırılmalıdır. Qızlar haranı istəyirsə, onları tələbə kimi imtahansız qəbul etsinlər. Onsuz da kifayət qədər boş yerlər də qalır. Onsuz da oxuyan qızların hamısı işləməyəcək ki, hamısının işlə necə təmin olunmasından ehtiyat etsinlər.

Avropada, bir çox inkişaf etmiş ölkələrdə ümumiyyətlə qəbul imtahanları yoxdur. Oğlanlarla bağlı çox məqamlar var, onları kənara qoyuruq. Ancaq heç olmasa qızlar qeyd-şərtsiz ali məktəblərə götürülməlidir. 

- Sizcə, bu, ədalətsiz yanaşma deyilmi? Bu, yüksək intellektli bir qızla az savadlı biri arasında fərqi aradan qaldırmır?

- Nəticə etibarı ilə qorxulu bir şey yoxdur. Fərz edək ki, 5 qızın 5-i də həkimliyi oxuyur. Amma onların 5-i də həkim olmur. Həkim olsa da, onların işləri ayrı olacaq. Məgər Avropada ədalətsizlikdir?! Orada hamı universitetə daxil olur. Lakin sual budur: hamı universiteti bitirirmi? Xeyr.

Mən təklif edirəm ki, qızlar ali məktəblərə imtahansız qəbul olunsun, sadəcə,  universitet imtahanları doğru-dürüst aparılsın. Qəbul olunandan sonra 5 ilə oxuya bilməsə, 10 ilə oxusun. Bəlkə eləsi olacaq ki, təhsilini yarımçıq saxlayacaq. Oxuyub bitərənlərin də hamısı mütəxəssis olmaq istəməyəcək.

Lakin belə olan təqdirdə, yaxşı olardı ki, universitetdə imtahanlar kompüterlə keçirilsin. Müəllimlər imtahan götürməsin, subyektiv insan faktoru olmasın. Subyektiv insan faktoru ancaq problemlərə gətirib çıxarır.

İmtahanları verə bilməyənlər də ömrü boyu oxusun. Bütün dünyada həkimlər, psixoloqlar ömürlərini oxumaqla bitirirlər. Yalandan univerisitetə təpik döyən bir qız belə, təsadüfən nəsə öyrənəcəksə, bu da qənimətdir. Mən düşünürəm ki, istəsələr, bu sistemi tətbiq edərlər, çox gözəl də nəticə əldə olunar. Ən azından evdən qaçan qızların, erotik görüntülərə çəkilən qızların sayı azalar. 

QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.