Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 13:31:55
Yeni modelli qəbul imtahanları – Həyəcanlandırıcı yeniliklər, 700-ə həsrət nəticələr-TƏHLİL  

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul yeni model əsasında həyata keçirilir.

Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənninin olması nəzərdə tutulub.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Bu ildən buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənir və bununla da ümumi nəticə əldə olunur.

Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. Hər iki imtahanın nəticəsinə əsasən maksimal bal 700-dür.

Yeni tapşırıqlarının yoxlanılması da yeni üsullarla həyata keçirilir. Cavabların yoxlanılması təkcə kompüterlə yox, markerlərin qiymətləndirilməsilə də aparılır.

Artıq buraxılış və yaz qəbul imtahanları başa çatıb.

Buraxılış imtahanlarda 100 minə yaxın, dörd qrup üzrə qəbul imtahanlarında 67.600-ə yaxın şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 3 milyondan çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına əsasən, Apelyasiya Komissiyasına 1.593 nəfər buraxılış imtahanları üzrə, 54 nəfər I qrup üzrə, 111 nəfər II qrup üzrə, 55 nəfər III qrup üzrə, 45 nəfər isə IV qrup üzrə olmaqla ümumilikdə 1858 məzun və ya abituriyent (bütün imtahan verənlərin 1,11%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Bu müraciətlərdə buraxılış imtahanlarından 14.000-ə yaxın, qəbul imtahanlarından isə 800-ə yaxın olmaqla ümumilikdə 140.800 (bütün yazı işlərinin 0,49%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Apelyasiyaya müraciət edənlərdən 726 şagird və ya abituriyentin (bütün imtahan verənlərin 0,43%-i) cəmi 892 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. Təxminən 70 işdə edilən düzəliş imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılan yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

23 iyunda yay qəbul imtahanlarına start veriləcək.

Bəs başa çatan buraxılış və yaz qəbul imtahanlarından sonra yeni qəbul modeli özünü nə dərəcədə doğrultdu?

Model orta məktəblərdə 11 ildir, tətbiq olunan kurikilum proqramının şagirdlərə aşıladığı bilik və bacarıqları qiymətləndirməkdə yetərli oldumu?

İmtahanlar hansı müsbət və mənfi tərəfləri ilə yadda qaldı?

AzEdu.az mövzuyla bağlı bir neçə mütəxəssisin rəylərini öyrənib.

Deputat Fazil Mustafa AzEdu.az-a açıqlaması zamanı bildirib ki, DİM publik hüquqi şəxsə çevriləndən əvvəl də, sonra da öz işini təkmilləşdirən azsaylı qurumlardan biridir:

“Məleykə Abbaszadə kimi birinin bu qurumun başında olması böyük üstünlükdür. M. Abbaszadə kifayət qədər obyektiv, öz işinin ustası olan, problemin mahiyyətini bilən, yeniliklərə hazırlıqlı olan mütəxəssisdir. Qəbul modelindəki dəyişiklikləri təəccüblə qarşılamaq lazım deyil. Məqbul olan dəyişikliyə üstünlük vermək normal haldır. Blok imtahanlarında fənlərin sayının üçə endirilməsi imtahanların asanlaşdırılmasına xidmət edir”.

Statusu qaldırılan buraxılış imtahanları

Fazil Mustafa qeyd edib ki, modelin əsas hədəfi orta məktəblə ali təhsil arasındakı əlaqəni gücləndirməkdir:

“Orta məktəbdə attestat imtahanların statusunun qaldırılmasından da söhbət gedir. Məktəblə ali təhsil arasında əlaqənin qurulması təhsilin səviyyəsinin yüksəldilməsinə kömək edə bilər. Balların toplanması orta məktəbdə tədrisə daha məsuliyyətlə yanaşılmasını situllaşdırmaq  üçün nəzərdə tutulur. Yazı tipli tapşırıqların olması müəyyən narazılıqlar yarada bilər. Bəzən yoxlamanın yalnız test üsulu ilə aparılması yetərli olmur. Qiymətləndirmədə  insan faktoru da önəm daşıyır. Həlledici olmasa belə sualların yoxlanılmasında az qisim insan qrupunun iştirakı zərərli deyil. Bütövlükdə bu modeli müsbət qiymətləndirirəm. Gələcəkdə  təkmilləşdirilmə işləri aparılmalıdır. İndiki mərhələdə isə aparılan axtarışlar, edilən islahatlar dəstəklənməlidir”.

Təhsil üzrə mütəxəssis Elxan Nəcəfovun sözlərinə görə, bu ilki qəbul imtahanlarının ən çox həyəcan yaradan tərəfi yeniliklərin çox olmasıdır:

“Yeni modellə bağlı mətbuatda çoxlu fikirlər səsləndirildi. Bu yeniliklərə abituriyentlərin əlinin çatmaması əsas problemlər arasındadır. Sınaq imtahanlarının az olması, əsasən də buraxılış imtahanlarının modelinə uyğun sınağın keçirilməməsi yeniliklərin tətbiqində sıxıntılar yaratdı.

Növbəti illərdə həm buraxılış, həm blok imtahanlarında sınaqların sayının artırılması abituriyentlər, eyni zamanda buraxılış imtahanı verən şagirdlər üçün faydalı olar. Digər tərəfdən, qəbul proqramının gec elan olunması müəyyən çatışmazlıqlara səbəb oldu. Abituriyentlər, müəllimlər hansı mövzulardan sualların düşəcəyini, yanaşmanın necə olacağını bilmirdilər və imtahana kor-təbii şəkildə hazırlaşdılar. Onlar yalnız son 2-3 ayı dərslərini proqram üzərindən davam etdirə bildilər.

Digər məsələ buraxılış və qəbul imtahanları başa çatdıqdan sonra yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemlərlə bağlıdır.Yoxlama müddətinin uzun çəkməsi abituriyentlər, valideynlər və müəllimlərdə psixoloji gərginliyə səbəb oldu. Əvvəl imtahandan 3 gün sonra cavablar çıxırdı və şagirdlər neçə bal topladığını bilib rahat olurdular. İndi isə abituriyent nəticələrini gec öyrənir deyə onda əlavə həyəcan yaranır. Blok imtahanına gedəndə buraxılış imtahanında topladığı balı ya bilmir, ya da gec əldə edir. Bu da yeni modelin çatışmazlıqlarından biridir. Yazı tapşırıqlarının yoxlanılmasının uzun vaxt tələb etməsi qaçılmaz faktordur.  Bunu nəzərə alaraq DİM bu tapşırıqlarının sayının azaldılması ilə bağlı düşünməlidir.  Ümumilikdə belə sualların sayı çoxdur. Nəticədə, həm yoxlayan, həm də imtahan verən üçün sıxıntı yaranır”.

“Markerlərin xətası üzə çıxdıqca imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inam azalır”.

“Daha bir məsələ qəbul imtahanları başa çatdıqdan sonra bir xeyli abituriyentin yoxlama prosesindən narazılıq edərək Apelyasiya Komissiyasına müraciət etməsidir. Komissiyaya müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Üstəlik, Apelyasiyada abituriyentlərin haqlı çıxma halları da bu il daha çox müşahidə olundu. DİM-in markerlərinin xətası üzə çıxdıqca imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inam azalır. Növbəti illərdə hazırda müşahidə olunan bu problemi ciddi sürətdə aradan qaldırmaq lazımdır. Çünki müəllimlərin də, abituriyentlərin də DİM-in imtahan peşəkarlığına inamı yüksəkdir. Sualların yoxlanılmasında yarana biləcək sıxıntılar bu inamı azalda bilər. Yoxlamada markerlərin peşəkarlığının artırılması DİM-i ciddi düşündürən məsələlərdən biri olmalıdır.

Bu qədər narahatlığın fonunda DİM öz öhdəsinə düşən işi tamamlaya bildi. Eyni zamanda modelin üzərində islahatlar aparmaqla nəticələri müsbətə doğru dəyişdirməkdə də ümid yarada bildi. Orta məktəblərdə tədris, təhsilə yanaşma kurikulum proqramının tətbiqi ilə yeniliklər tələb edir. Hazırki imtahan modeli həmin bilik və bacarıqları qiymətləndirməyə yetərli olacaq. Təkcə DİM deyil, təhsillə bağlı olan istənilən qurum bu barədə düşünməlidir. Qəbul imtahanları ağır olmamalıdır. Prosesin ağırlığı səbəbiylə şagirdin imtahan verənə qədər yorğunluğu yaranır. Bu onların ali təhsil həvəslərinə də mənfi təsir edir.

Ağır prosesi yüngülləşdirmək, nəticənin şagirdə çatdırılmasını asanlaşdırmaq lazımdır. Hər bir hal gənclərimizdə psixoloji gərginliyə səbəb olur”- deyə Elxan Nəcəfov əlavə edib.

Xatırladaq ki, 23 iyunda I və IV ixtisas qrupları üzrə, 7 iyulda isə II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları keçiriləcək.

23 iyunda keçiriləcək imtahanda 24.028 abituriyentin iştirakı nəzərdə tutulub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları