Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 14:07:00
Müəllimləri MİQ üzrə müsabiqə ilə bağlı ən çox narahat edən suallar-Cavablar Azedu.az-da  

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

AzEdu.az müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ən çox verilən sualların cavablarını təqdim edir:

-Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?

-Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

-Müsabiqə hansı mərhələlərdən ibarətdir?

-Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

-Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

-Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

-Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

-Müsabiqədə iştirak etmək istəyən namizədlər iyun ayının sonunda miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.

-Miq.edu.az saytından qeydiyyatdan keçərkən nəyə xüsusi diqqət yetirmək lazımdır?

-Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcəkdir. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcək.

-Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?

-Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

-Test imtahanı necə təşkil olunur?

-Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

-Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?

-Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

-Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?

-Hazırda müəllim işləyən şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakına məhdudiyyət yoxdur.

-Yerdəyişmə və daimiləşmə müsabiqəsində uğur qazanmış şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?

-Bəli, iştirak edə bilərlər.

-Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?

-Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz  olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

-Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

-Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

-İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı balın növbəti işə qəbul müsabiqələrində rolu varmı?

-İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 tədris ili ərzində qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir.

-Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

-Namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.

-Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?

-Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

-Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaq?

-Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcək.

-Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?

-Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Təhsil Nazirliyi tərəfindən formalaşdırılan apelyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

Qeyd edək ki, suallar Təhsil Nazirliyinin rəsmi saytına istinadən cavablandırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları