XƏBƏRLƏR

20.06.2019 13:50
Ucqar kəndin ilk xanım tələbəsi: “Oxumaq istəyəni evliliyə necə məcbur edə bilərlər?!” – MÜSAHİBƏ  

“Xanımlar öz hüquqlarını bilmirlərsə, kişilər nə etsinlər?! Oğlanın da düşüncəsi olsa, yaşı az olan, məktəbli xanımla ailə qurmaz. Hüquqlarını bilsəydilər, kəndin mənzərəsi bir qədər başqa cür olardı. Qızların özlərində də günah var. Anlamıram, oxumaq istəyirəmsə, məni ailə qurmağa necə məcbur edə bilərlər?”

Bu sözlər hər zaman öz hüquqlarının keşiyində duran, onları kimsəyə təslim etməməyə çalışan Rəvanə Nurizadənin fikirləridir... O Rəvanə ki, əsası 1972-ci ildə qoyulan Lənkəran şəhər Gəgiran kənd məktəbinin tələbə adını qazanan ilk xanım şagirdidir.

Həmin məktəbdən keçən il məzun olub. Kənd qızları arasında ilkə imza ataraq,  239 balla tələbə olmağı bacarıb. Lənkəran Dövlət Universitetində Kompüter mühəndisliyi üzrə təhsil alır. Artıq kənddə davamçıları da yetişir. Dediyinə görə, bu il bir xanım də tələbə adını qazanıb.

Maraqlıdır, o da bütün xanımlar kimi ömründə bircə dəfə də olsa, əlindən çıxan şanslara baxıb “kaş, oğlan olardım” deyib:

“Oğlan olsaydım, təhsilimi istədiyim yerdə davam etdirə bilərdim. Məcbur deyildi ki, Lənkəranda oxuyum. Bakıda ali təhsil ala bilərdim. Amma  evdəkilər bununla razılaşmaqda bir qədər çətinlik çəkdilər”.

“Universitet, tələbəlik fikirlərini məndə o formalaşdırdı”

Hələ VII sinifdə oxuyanda Rəvanə məktəblərində bir xanım müəllimlə rastlaşır. Bəlkə də zərurətdən doğan bu təsadüf onun gələcəyə baxışını, fikirlərini dəyişir. Ali təhsil almaq qərarına gəlir:

“Əvvəl IV qrupa hazırlaşmağı düşünürdüm. Sadəcə o xanım mənə Riyaziyyatı çox sevdirdi və  I qrupu seçdim.

Valideynlərimə söz vermişdim ki, oxuyacağam. Sözümün üstündə də durdum. Elə oxumaq istəyimi də ilk dəfə valideynlərimə dedim. Sağ olsunlar, normal qəbul edib şərait yaratdılar”.

-Həmin müəllimlə qarşılaşmasaydınız, belə qətiyyətlə mübarizə aparıb tələbə ola bilərdiniz?

-Dəqiq bir söz deyə bilmərəm. Amma əminəm ki, universitet, tələbəlik fikirlərini məndə o formalaşdırdı.

“Bəzi valideynlər qızlarını məktəbə göndərməyə qorxurlar”

Onun sözlərinə görə, kənd sakinləri əvvəl bir xanımın ali məktəbə qəbul olunmasını  təəccüblə qarşılayıblar. Amma qarşı çıxan da olmayıb. Sadəcə, yaxşı mənada, təəccüblərini gizlətməyiblər:

“Çətin olmadı. Normal şəkildə hazırlaşıb universitetə qəbul olundum. Məktəb kollektivi də sağ olsun, mənə çox dəstək oldular. Hazırlaşmaq üçün 1 il repetitor yanına getdim. Sinif yoldaşlarım tələbə olmaq arzumu normal qarşılayır, fikirlərimə hörmət edirdilər.

Başqa bir sinif yoldaşım da universitetə hazırlaşırdı. Amma imtahan vermədi, nişanlandı. Xanımların   tələbə olmasına mane olan əsas səbəb çox vaxt elə bu olur.

Bilirsiz, bəzi valideynlər qızlarını məktəbə göndərməyə qorxurlar. Çünki özünü  tərbiyəli aparmayan bəzi oğlanlar olur. Belə olduqda, valideyn qızını məktəbə necə göndərsin?!

Amma fikrimcə, şagird valideynini sıxışdırsa, hüquqlarını tələb, arzusunu izah etsə, övladını oxutmaq istəməyəın ata–ana olmaz”.

“Oxuyandan sonra özümdəki fərqi hiss edirəm”

“Ali təhsil almamaq, sizi nələrdən  məhrum edərdi?” sualını isə Rəvanə xanım belə cavablayıb:

“Gələcəkdə qız ya oğlan olmasından asılı olmayaraq övladımın təhsil almasına şərait yaradacağam. İstərdim, o, savadlı böyüsün. Çünki oxuyandan sonra özümdəki fərqi hiss edirəm: dünyagörüşüm artıb, kənd uşaqlarından fərqlənirəm. Sosiallaşmağıma müəyyən qədər təsir göstərir.

Ali təhsil almayan kənd xanımları ilə də münasibətim normaldır. Heç vaxt özümü onlardan yuxarı tutmuram.

Hərdən düşünürəm ki, bu kənddə müəllim işləsəm, çox şey edərdim. İstərdim, məktəb direktoru olum, qızları təhsilə cəlb edim.

Valideynləri yığıb deyim ki, “mən oxuyub bu səviyyəyə çatmışam. Axı, niyə qızların oxumasını istəmirsiz?””

“Mən elə həyat, elə yaşayış istəmərəm”

Hazırda Rəvanə xanımın əsas arzusu Bakıda magistratura təhsili almaqdır. Hələ bu istəyini ailəsinə deməyib. Magistraturanı başa vurduqdan sonra isə banklardan birində  çalışmağı düşünür. Ətrafındakılar isə kənddə yeni məktəbin tikiləcəyini əsas gətirib onu burada işləməyə həvəsləndirirlər.

O, təhsil almaq üçün ailəsi, yaxınları ilə mübarizə aparan xanımlara belə məsləhət verib:

“Ailə qurmağa tələsməsinlər. Ailəli sinif yoldaşlarımı görürəm də... Mən elə həyat, elə yaşayış istəmərəm. Heç nədən başları çıxmır. Nəsə etmək istəsələr, mütləq kişilər qabağa düşməlidir. Özləri tək öhdəsindən gələ bilmirlər”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu