Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 12:31:42
MİQ üzrə müsabiqənin elektron qeydiyyatı ilə bağlı ən çox verilən suallar - Cavablar AzEdu.az-da  

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

AzEdu.az elektron qeydiyyat zamanı namizədlərdə sual doğuran bir neçə məqamı diqqətinizə çatdırır.

Şəxsiyyət vəsiqəsinin fin kodu

Müəllimləri qeydiyyat zamanı çaşdıran məqamlardan biri də şəxsiyyət vəsiqəsinin fin kodu ilə bağlıdır. Belə ki, elektron qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin fin kodu tələb olunur. Şəxsiyyət  vəsiqəsinin fin kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir və 7 simvoldan ibarətdir. Fin kodu vəsiqənin axırıncı sətrində çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir.

Sizə təqdim olunan iş nömrəsini yadda saxlayın!

Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcək. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcək.

Qeyd edək ki, namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə  birbaşa vakansiya seçimində  və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin,  ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.