Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 12:17:26
Ucqar kənd müəllimləri maaş artımından danışdılar: “Daha ayrı işlərlə məşğul olmayacağıq”

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

AzEdu.az olaraq mövzu ilə bağlı ucqar kənd müəllimləri ilə əlaqə saxladıq.

“Müəllimlik eşqim və bu  həvəsləndirici islahatlar sayəsində  kənd həyatını şəhərdən üstün tutub, burda işləyir və bundan zövq alıram”

Lerik Rayon Vistən Kənd tam orta məktəbin riyaziyyat müəllimi Rusif Məmmədov keçirilən islahatlar nəticəsində işindən daha da zövq aldığını bildirir:

“Cənab Prezident  İlham Əliyev  son 5 ildə təhsil və digər sahələrdə tək-tək ölkələrdə görülə biləcək inkişafa nail olub. Bir müəllim kimi artıq tam əminliklə, təhsilə aid başqa ölkələrdə olmayan irəliləyiş və müəllim nüfuzunun yüksəlişini görürəm.  Artıq başqa qazanc mənbələrinə ehtiyacım yoxdur. Hətta uşaq hazırlığına belə yalnız məktəbdəki uşaqlarla məşğuliyyətimi artıraraq ailəmə yaşayış üçün  lazımı  məvacib qazanıram. Həqiqətən, bizə firavan yaşayış şəraitini yaratdığı üçün ölkə Prezidentinə öz ailəmiz adından minnətdaram. Müəllimlik eşqim və bu  həvəsləndirici islahatlarla  kənd həyatını şəhərdən üstün tutub burda işləməkdən zövq alıram”.

Maaş artımı müəllimlərin daha məsuliyyətli olmalarına, dərsin daha keyfiyyətli keçirilməsinə gətirib çıxaracaq

 Yardımlı rayon Şıxhüseynli kənd orta məktəbinin Tarix-coğrafiya müəllimi Posu Mansırlı  artımın sosial rifahı yüksəldəcəyini deyir:

“İlin əvvəlində cənab prezident İlham Əliyev bir çox sahələrdə əmək haqqının artırılması ilə bağlı sərəncam vermişdi. Çox təəssüf ki, həmin sərəncamlar müəllimlərə aid deyildi. Buna görə bir çox müəllim öz təkliflərimiz etmişdik. Cənab Prezidentin bu sərəncamı bizi çox sevindirdi. Artım müəllimlərin sosial rifahının artırılmasına köməklik edəcək. Bundan başqa maaş artımı müəllimlərin daha məsuliyyətli olmalarına, dərsin daha keyfiyyətli keçirilməsinə gətirib çıxaracaq”.

Şəki rayon Başgöynük kənd tam orta məktəbinin riyaziyyat-informatika müəllimi Səfərzadə Aysel maaşlarla birgə, ərzaq qiymətlərinin də qalxmasından gileyləndi:

“Ailəli olmadığıma görə artım mənim üçün yaxşı mənada fərq edir.  Yəni, gündəlik yemək, işıq, su, qaz pulu kimi kommunal xərclərdən azadam. 

Amma maaşlar qalxmazdan əvvəl bazarlarda  qiymətlərin artması vəziyyəti çətinləşdirir.  Maaş artımı insanların daha yaxşı yaşaması, istədiklərini rahat ala bilməsi üçündür. Bununla  bir yerdə bazarda qiymətlər də qalxırsa,  əmək haqlarının  artımının elə bir fərqi olmur.

Xəbərlərdə maaşların artımında 5 dəqiqə sonra çayın qiymətinin artacağını öyrəndik. Lakin maaşla bir yerdə ərzağın qiyməti də qalxmasa bu artım çox yaxşı olardı”.

Ucqar dağ kəndlərində çalışan müəllimlər üçün bu xəbər daha sevindirici oldu”.

Astara rayonu, Şahağacı kənd tam orta məktəbin ingilis dili müəllimi Babək Rzazadə gündəlik yol, qida və kirayə xərclərini nəzərə alaraq, artımın kənd müəllimləri üçün daha sevindirici hesab edir:

“Artım  məni də bir gənc müəllim kimi sevindirdi. Əslində, gözlənilən idi, çünki, son artımda müəllimlərin maaşında bir dəyişiklik olmamışdı. Bu dəfə isə 20% artım oldu. Əvvəla bu qərara görə ölkə prezidentinə təşəkkürümü bildirirəm. Bu müəllimlərimizin işinə daha ciddi, məsuliyyətli və həvəslə yanaşmaqlarına ciddi təsir edəcək. MİQ üzrə müsabiqə  ilə işə başlayacaq gələcək  müəllimlər daha həvəslə  hazırlaşacaqlar.

Bu gün ucqar dağ kəndlərində çalışan müəllimlər üçün bu xəbər daha sevindirici oldu. Çünki onların kimisi  ailəsi  ilə birgə ucqarlarda yaşayır,  kimisi də gənc ailələrini qoyub çörək arxasınca evdən çıxırlar. Ev kirayəsi, yol, yemək xərclərini hesablasaq, müəllimlərimiz dolanışlarında  çətinliklər çəkirlər. Artım müəyyən qədər rifahın, ailə büdcəsinin yaxşılaşmasına təsir edəcək. Bu əlbəttə çox sevindiricidir və ümid edirəm ki, yaxın illərdə bu daha da artacaq.

Bəzi insanlar düşünürlər ki, müəllimlərin maaşını artırmaq lazım deyil, onlar az işləyir  amma çox qazanırlar. Bu gün müəllimin məktəbdəki işləri kənardan az görünə bilər, faktiki olaraq müəllimin yazı işləri o qədər çoxdur ki, hər gün dərsinə hazırlaşarkən dərsdən sonrakı vaxtının da çoxunu bu yazı işlərinə  sərf edir. Son illərdəki, islahatlar müəllim olmaq istəyənlərin çoxalmasına səbəb olur. Əminəm ki, gələcəkdə də  belə islahatlarla  müəllim peşəsinin əzəməti özünə qayıdacaq və ən öndə olacaq.  Bir nüansı qeyd edim ki, diaqnostik, yaxud, MİQ imtahanından keçən müəllimlərə bu şamil olunur və demək olar ki, əksər müəllimlər diaqnostikdən keçib.  Çox istərdim ki, müəllimlərin maaşları onların diaqnostik qiymətləndirmə nəticələrinə uyğun fərqləndirilsin.  Onsuz da zəif nəticə göstərən müəllimlər də müəyyən qədər dərs  saatı ilə  təmin olunurlar və maaşlarda eyni olarsa bu bir qədər gənc, savadlı və bacaqrıqlı, müəllimlərdə məyusluq yarada bilər. Bu da ümid edirəm ki,  tezliklə sertifikasiya imtahanında özünü doğruldacaq. Bir daha müəllimlərə verilən dəyərə görə həm məktəb rəhbərliyinə, həm də təhsil şöbələri rəhbər və işçilərinə, Təhsil Nazirliyinə və cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm”.

Ağstafa rayonu, Vurğun qəsəbəsi,  Habil Əzizov adına tam orta məktəbin fizika müəllimi Şahin Hüseynov artımı müəllimlərin nüfuzu üçün uğurlu addım hesab edir:

“Artım müəllimlərin maaşlarına uyğun hesablanır.  Bu da təbii ki, sevindirici haldır. 20% artım heç də az deyil.  Belə ki, 100 manat maaş alan 120, 500 manat maaş alan isə artımdan sonra 600 manat alacaq. Bu da təbii ki, müəllim işinin nüfuzu, müəllimlərin güzəranı üçün atılmış sevindirici addımdır.

“Belə sosial yönümlü sərəncamlar sayəsində, əminəm ki, gələcəkdə təhsil sahəsində böyük uğurlara nail ola biləcəyik”

Lerik rayon Blaband kənd tam orta məktəbinin coğrafiya müəllimi Amil Məmmədov bu istiqamətdəki addımların təhsil sahəsində  böyük uğurlara yol açacağını bildirir:

" Cənab prezidentin bu sərəncamını yüksək qiymətləndirir, müqəddəs peşə sahibləri adından ona öz minnətdarlığımızı bildiririk. Təbii ki, pedaqoq olaraq hər birimiz çiyinlərimizdə ağıllı, savadlı, məsuliyyətli və vətənpərvər gənc nəsil yetişdirmək kimi çətin və şərəfli bir vəzifə daşıyırıq. Bu elə bir vəzifədir ki, qarşılığı yoxdur. Lakin, ölkə başçısının daxili və xarici siyasətinin əsas prinsiplərindən biri vətəndaşların sosial-iqtisadi rifahının yaxşılaşdırılması, onların daha firəvan və rahat yaşamasıdır. Bu həm də yuxarıda qeyd etdiyim kimi hər birimizin işimizə daha ciddi və məsuliyyətlə yanaşmağı artırır. Belə sosial yönümlü sərəncamlar sayəsində, əminəm ki, gələcəkdə təhsil sahəsində böyük uğurlara nail ola biləcəyik"

“Bundan sonra da səylə çalışacağımıza , cənab Prezidentin etimadını doğruldaraq, təhsilimizin inkişafı naminə işlər görəcəyimizə əminik”

Lənkəran şəhər Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov Prezidentin müəllimlərə göstərdiyi etimadın doğruldulacağından əmindir:

 "Cənab Prezidentin 18 iyun sərəncamı müəllimlər üçün əsl toy-bayram idi.  Belə ki, sərəncama əsasən müəllimlərin aylıq maaşları sentyabrın 1-dən 20% artırılacaq. Bu münasibətlə, rəhbərlik etdiyim Gəgiran məktəbinin pedaqoji kollektivi adından cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildirirəm. Bundan sonra da səylə çalışacağımıza , cənab Prezidentin etimadını doğruldaraq, təhsilimizin inkişafı naminə işlər görəcəyimizə əminik".

Rəna Nəbi