Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 11:00:49
Müəllimlərin maaşı maksimum nə qədər arta bilər? – Qubad İbadoğlunun təhlili  

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin maaşını ən azı 40 faiz artırmaq olardı”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncamı bütün müəllim heyətinə şamil etmək olardı:

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncamı bütün müəllim heyətinə aid etmək olardı. Əlavə olaraq, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin maaşını ən azı 40 faiz artırmaq olardı.

Əvvəla, 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq 872352,7 milyon manat idi. Həmçinin, ilin ilk 5 ayında dünya bazarında Brend markalı xam neftin qiyməti də yüksək olub. Eləcə də 2019-cu il dövlət büdcəsində əməyin ödənişi və digər sosial ödənişlər üzrə xərclərə əlavə olaraq  620,0 milyon manat vəsait nəzərdə tutulub. Bundan də əlavə mənbələr tapmaq olardı. Çünki büdcədə sair xərclər adı ilə xeyli bölüşdürülməyən vəsait vardır”.

Qeyd edək ki, Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

Müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artımla 2019-cu il sentyabrın 1-dən etibarən hesablanacaq.