XƏBƏRLƏR

20.06.2019 08:43
MİQ müsabiqəsinə çıxarılan vakant yerlər necə müəyyən edilir? - Vacib bilgi  

İyunun sonundan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Bəs müsabiqəyə çıxarılan vakant yerlər necə müəyyən edilir?

AzEdu.az çoxsaylı müraciətləri nəzərə alaraq sualın cavabını təqdim edir:

Müəllimlərin dərs yükü müəyyən edildiyi vaxt müəllimlərin işə qəbulu (MİQ) və bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi (DQ) müsabiqələrində ixtisas üzrə toplanılan bal nəzərə alınır. Belə ki, müəllimin MİQ və DQ-də topladığı bal,

0-10 bal olduqda – 0-6 saat;
11-20 bal olduqda- 7 -8 saat;
21-30 bal olduqda – 9-12 saat;
31-35 bal olduqda – 13-18 saat;
36-40 bal olduqda – 18-36 saat dərs yükü müəyyən edilir.

Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqələri üçün vakansiya çıxarılarkən məhz bu düsturdan istifadə olunur.

Misal üçün, məktəbdə müəyyən fənn üzrə 20 dərs saatı və 1 fənn müəllimi olduğu nəzərə alaraq, vakansiya olub olmadığını hesablayaq.

İlk öncə müəllimin diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqələrində topladığı bala nəzər yetirmək lazımdır. Tutaq ki, müəllimin DQ-də topladığı ixtisas balı 25-dir. Belə olan halda sxemə əsasən (21-30 bal olduqda – 9-12 saat) müəllimə maksimum 12 saat dərs düşür. Məktəbdə həmin fənn üzrə 20 dərs saatı olduğunu nəzərə alsaq, deməli müəllimə maksimum 12 saat dərs verildiyi halda belə 8 dərs saatı boş qalır. Deməli, həmin fənn üzrə 8 dərs saatı vakansiyaya çıxarılmalıdır.

SUAL: Bəs 8 dərs saatı vakansiyaya çıxarıldıqda həmin vakansiyaya qəbul olunan müəllimin ixtisas üzrə balı məktəbdəki müəllimin ixtisas üzrə topladığı baldan çox olarsa dərs bölgüsü necə aparılmalıdır?

CAVAB: Yeni gələn müəllim 1 il boyunca ( ixtisas balı məktəbdəki müəllimin balından çox olsa belə ) qəbul olduğu vakansiya üzrə işləməlidir.

Növbəti ildən isə dərs bölgüsü düstur əsasında yenidən aparılır.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin iyul ayında keçirilməsi nəzərdə tutulur.  Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

İlin gənc müəllimi-Müraciət formu