Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 08:55:00
“Müəllimlərin maaşının artırılması yaxın zamanda öz faydasını göstərəcək”

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

Bəs maaşların artırılması müəllimlərin fəaliyyətində nə kimi stimul yaradacaq?

AzEdu.az xəbər verir ki, Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında məlum sərəncamdan sonra bu istiqamətdə müsbət nəticələrin yaxın zamanlarda ortaya çıxacağını bildirib:

“Əlbəttə, bu, böyük addımdır və hesab edirəm ki, birinci növbədə bu kateqoriyadan olan insanlara dəyər verilməlidi ki, onlar ölkənin gələcəyi üçün lazım olan kadrların hazırlanmasına bütün iradə və enerjilərini sərf edə bilsinlər.

Bu yeniliyə çox müsbət hadisə kimi yanaşıram və ümid edirəm ki, bu istiqamətdə müsbət nəticələr yaxın zamanlarda ortaya çıxacaq”.

Millət vəkili Kamilə Əliyevanən sözlərinə görə isə bu sərəncam xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Onun fikrincə, müəllimlər bundan sonra işlərində daha da aktiv olacaqlar:

“Yanvardan bu tərəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlar başlanılıb. Mərdəkan-Qala yolunun açılışı zamanında Cənab Prezidentin də dediyi kimi bu son deyil, yəni yenə də insanların pensiyaları, əmək haqları artırılacaq.

Beləliklə, hər zaman olduğu kimi Cənab Prezident yenə də öz sözünün üzərində durdu. Dünən çox böyük sərəncamlar imzaladı. Onlardan biri də dövlət büdcəsindən maliyyələşən orta ümumtəhsil məktəbləri müəllimlərinin əmək haqlarının artırılmasıdır.

Bu, Azərbaycan xalqı tərəfindən çox böyük rəğbətlə qarşılandı, insanlar bu xəbərə çox sevindi. Çünki Cənab Prezidentin də dediyi kimi bu yeniliklər insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Əlbəttə ki, əmək haqlarının yüksəldilməsi bilavasitə maaşları artan insanlar üçün bir stimuldur. Onlar bundan sonra öz işlərində və Azərbaycanın daha da inkişaf etməsi yolunda daha məsuliyyətli, fəal olacaqlar. Buna görə bütün insanlar Prezidentə öz minnətdarlıqlarını bildirirlər və biz də bu təşəkkürlərə qoşuluruq.

Ümidvaram ki, belə fərman və sərəncamlar axarıncı olacaq. Bundan sonra da Cənab Prezident İlham Əliyev insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində bu kimi sərəncamlar imzalayacaq”.