XƏBƏRLƏR

19.06.2019 18:18
Savadları hesabına “qızıllaşıb - gümüşlənən” parlaq gənclər – Olimpiada qaliblərinin sevinc videosu  

İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azedu.az xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib.

Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

Qalibləri təbrik edən Təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb.

Təhsil naziri bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb.

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir.

Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır. Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq ki, bu da məktəblərin və müəssisə rəhbərlərinin rəğbətləndirilməsi üçün əsasdır.

İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan Ceyhun Bayramov çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb.

Mərasimdə Respublika fənn olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş edilib.

Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu