XƏBƏRLƏR

19.06.2019 16:31
Hindistan səfiri LDU-da olub  

Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqaladə və səlahiyyətli  səfiri cənab  Bavitlunq Vanlalvavna  və xanımı Lənkərana iki günlük səfərləri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində olublar.

AzEdu.az xəbər verir ki, qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib və onlara təmsil etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib.

Universitet rəsmisi Hindistan səfirinə LDU-da son illərdə təhsilin yenilənməsi istiqamətində görülən işlər,yeni ixtisaslar, turizm-təcrübə bazası, tikilməkdə olan yeni tədris korpusları və yataqxana binası, kadrların hazırlanmasındakı yenilklər barədə ətraflı məlumat verib, Hindistanın ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduqlarını qeyd edib.

Çay süfrəsi arxasında keçən söhbət zamanı səfir Bavitlunq Vanlalvavna səmimi qarşılanmaya və maraqlı məlumata görə professor Natiq İbrahimova minnətdarlıq bildirib, ölkəsində ali təhsil sisteminin təşkili, bu sahədə olan yenilklər barədə danışıb.

Bildirib ki, LDU ilə Hindistandakı ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasına yardımçı olmağa hazırdır. Söhbət əsnasında professor Natiq İbrahimov daha çox aqrar yönümlü ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib və şəkillər çəkilib.

İlin gənc müəllimi-Müraciət formu