XƏBƏRLƏR

19.06.2019 14:45
Milyarder  universitetinin hesabına 188 milyon dollar köçürdü

Amerikanın “Blackstone” investisiya kompaniyasının rəhbəri milyarder Stiv Şvartsman xeyriyyəçilik məqsədilə Oksford Universitetinin hesabına 150 milyon funt-sterlinq (188 milyon dollar) vəsait köçürüb.

AzEdu.az  xəbər verir ki, bu, Böyük Britaniya ali təhsil müəssisələri tarixində ən böyük ianədir.

Pul vəsaiti süni intellekt və onun hazırlanması ilə bağlı müxtəlif sosial problemləri öyrənən yeni humanitar elmlər institutunun maliyyələşməsinə yönələcək. Bundan başqa, milyarderin şərəfinə onun adını daşıyacaq xüsusi humanitar fənlər mərkəzinin qurulması planlaşdırılır. Bura kitabxana, 500 nəfər tamaşaçı tutumuna malik konsert zalı, 250 yerlik təhsil otağı, televiziya və radio yayımı mərkəzi, həmçinin süni intellekt sahəsində etika institutu daxil olacaq.

“Blackstone” investisiya korporasiyasının qurucusu 72 yaşlı Stiv Şvartsmanın varidatı 12,3 milyard dollar həcmində qiymətləndirilir. Milyarder bundan öncə də müxtəlif təhsil müəssisələrinin inkişafına ianələr köçürüb: Nyu-Yorkun ictimai kitabxanasına 100 milyon dollar, Massaçusets Texnologiya İnstitutuna 350 milyon dollar, Yale Universitetinə isə 150 milyon dollar vəsait ayırıb. (Azərtac)

İlin gənc müəllimi-Müraciət formu