XƏBƏRLƏR

19.06.2019 12:45
Direktorlardan  maaş artımına münasibət:  “Müəllimlərə diqqət və nəzarəti artırmalıyıq”  

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq.

Bəs, sərəncam müəllimlərin stimullaşdırılmasına necə təsir göstərəcək? Ümumiyyətlə, bu, öz üzərində işləməyən müəllimləri “silkələyə” biləcəkmi?

AzEdu.az məsələyə orta ümumi təhsil müəssisələri direktorlarının münasibətini öyrənib.

Ağdam rayonu 91 nömrəli tam orta məktəbin rəhbəri Nemət Rüstəmli düşünür ki,  maaşların artırılması işinə məsuliyyətlə yanaşan, peşəsini bilən müəllimlər üçün stimul mənbəyi olacaq:

“Amma  savadı olmayan, müəllimliyə təsadüfən düşən insanların sadəcə gəliri artacaq. Bu, onların biliyini artırmayacaq.

Bundan əlavə, diplomunda problem yaranan müəllimlər diaqnostik qiymətləndirmədə iştirak etməyib və onların maaşları artırılmayacaq. Yəqin ki, dövlət bu məsələyə də aydınlıq gətirər. Belə insanlar ya məktəbdən getsinlər və başqa işlə məşğul olsunlar, ya da onlara bir çarə qılınsın. Qalıblar iki daş arasında.

Bu artımın müəllimləri öz üzərilərində işləməyə nə dərəcədə təşviq edəcəyi məsələsinə gəlincə isə direktor keçmiş maaş artımlarını xatırladıb:

“Bundan əvvəl də bir neçə dəfə 5 və 10%  maaş artımı olub. Amma inanın, öz üzərində işləmək məsələsi cəmi 10 % müəllimə aiddir. Maaş artımı onları müəyyən qədər həvəsləndirə bilər, amma kadrın özündə məsuliyyət olmalıdır. Heç nəyə baxmadan gəlib vicdanla dərsini deyən müəllimlər var. Maaşın az və ya çox olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Maaşın azdırsa, işləmə. İşləyirsənsə, millətin balasını kor qoymaq olmaz. Müəllimlərin səhvi böyük bir bəlaya çevrilə bilər. Ona görə də səhvə yol vermək olmaz”.

Yevlax rayon 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova isə bildirib ki, bu sərəncam müəllim peşəsinə marağın artmasına gətirib çıxaracaq:

“İnsanın əməyinə qiymət veriləndə onda ruh yüksəkliyi yaranır. Bu, Cənab Prezidentimizin müəllimlərə göstərdiyi diqqətin nəticəsidir.

Təhsilverənlərin inkişafı ilə bağlı müxtəlif proqramlar nəzərdə tutulub və bir – bir həyata keçirilib. Müəllimlər kurs, imtahan və müxtəlif proqramlara cəlb olunduqca üzərilərində işləyəcəklər. Bundan əlavə, direktordan da çox şey asılıdır. Kadr keyfiyyətinin artırılmasında əsas rol direktorun üzərinə düşür. O, müəllimlərin dərslərində tez-tez  iştirak edib, onlara xüsusi diqqət ayırmalı, zəif müəllimləri daha çox irəli çəkməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflər 3 ay müddətində hazırlanaraq  İlham Əliyevə təqdim ediləcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu