XƏBƏRLƏR

19.06.2019 12:00
“Müəllimlərin maaşlarının artırılması repetitorluğun qarşısını alacaq” –Sona Əliyeva  

“Müəllimin maaşının artması eyni zamanda təhsilin inkişafına gətirib çıxardacaq”.

Bu sözləri  AzEdu.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Əhalinin rifahı üçün atılan addımlardan danışan xanım deputat bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib:

 “Ümumiyyətlə, diaqnostik qiymətləndirmənin təhsilimizə tətbiqini yüksək qiymətləndirirəm. Bu, çox sevindirici haldır. Bizim övladımıza  verə bilmədiyimiz bilikləri müəllim verir. Heç kəs də övladına bilik  səviyyəsi və bacarığı aşağı olan müəllimin dərs keçməsini istəməz. Qiymətləndirmə müəllimlərin öz üzərlərində işləmələrini təmin edəcək. Yaxşı maaş almaq istəyən müəllim öz üzərində işləməlidir. Bu həm də müəllim nüfuzunun artmasına kömək edəcək.

Son dövrlərdə 2 milyona yaxın əhalini əhatə edən, rekord sayda sərəncamların verilməsi, insanların sosial rifahının artırılması çox sevindirici haldır. Müəllimlərin maaşlarının artırılması da bu qəbildən verilən qərarlardandır”.

 “Bu, gələcəkdə repetitorluğun qarşısının alınmasının təmin edəcək”

Sona xanım müəllimlərin maaşlarının artırılmasından danışarkən bu addımın repetitorluğu aradan qaldıra biləcəyini bildirdi:

“Bir neçə il əvvəl diaqnostik qiymətləndirmə aparılan müəllimlərin maaşları artıb və ikinci dəfə belə bir addımın atılması əlbəttə ki,  təhsil ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Eyni zamanda,  peşə təhsil müəssisələrində çalışan müəllim heyətinin maaşları da artırılıb ki, bu da  çox sevindirici haldır. 

Müəllimin maaşı artdıqca, onun rifahı yaxşılaşdıqca, o, əlbəttə ki, daha vicdanla çalışacaq.  Bu, gələcəkdə repetitorluğun qarşısının alınmasının təmin edəcək. Müəllimin maddi təminatı yeksəkdirsə o niyə özünü əlavə yormalıdır ki? Repetitorluq 1991-1992-ci illərdə ölkənin ən böhranlı dövrlərində meydan çıxdı. Çətin bir dövrdə  müəllimlər əlavə qazanc əldə etmək üçün bu yola əl atmalı oldular. Sonralar bu, təbii proses kimi baş  alaraq  kütləviləşdi və dəbə çevrildi.   

Müəllimin maaşının artması eyni zamanda təhsilin inkişafına gətirib çıxardacaq. Yüksək maaş yüksək tələb deməkdir. Bu istənilən halda, həm müəllimin rifahının yaxşılaşdırılması, həm də   bir sıra mənfi halların qarşının alınması üçün çox yaxşı addımdır”.

Rəna NƏBİ

İlin gənc müəllimi-Müraciət formu