XƏBƏRLƏR

18.06.2019 12:51
“Bizdə dərslik yazanların çoxu kurikulum sistemini bilmir” –Kərəm Məmmədov

 

Qəbul imtahanları bu ildən etibarən, kurikulum sistemi əsasında təşkil olunur.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Beləliklə, abituriyent müsabiqədə hər iki imtahanın ümumi nəticəsi əsasında iştirak edir.

 Bu il  yay qəbul imtahanlarında 700 bala namizəd abituriyentlərin sayı 6-dır.Onların isə 700 bal yığa bilməsi  sual altındadır.

AzEdu.az Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarixçi, professor Kərəm Məmmədovun bu il 700 bal yığacaq tələbələrlə bağlı fikirlərini öyrənib.

O sözlərində 700 bal yığan tələbələrin sayında azalma müşahidə olunduğunu deyib:

“Bu ildən qəbul qaydaları dəyişilərək, daha rahat üsula keçdi. Abituriyentlərin özlərini göstərməsi üçün əlverişli şərait yaradıldı. Əvvəllər bir imtahanla 700 bal yığmaq imkanı olurdu. Sonra bu qayda dəyişdi və  iki imtahan oldu. İndi isə 3 imtahan vasitəsi ilə bu mümkündür.

İmtahanda düşən suallarla bağlı deyə bilərəm ki, Tarix fənni çətin deyildi. Sualların hamısı məntiqə əsaslanan  və əzbərçilikdən uzaq  idi”.

Kərəm Məmmədov açıqlamasında dərsliklərin də öz növbəsində yenilənməli olduğunu qeyd edib:

 

“Bütün problemlərin əsasında dərsliyin düzgün yazılmaması dayanır. Ölkədə dərslik yazanların çoxu kurikulum sistemini bilmirlər.

Əsas problemlərdən biri də dil məsələsidir. Tarix fənninə misal olaraq deyə bilərərm ki, tarixi mənbələrin çoxu ərəb və fars dilindədir. AMEA-nın Tarix İnstitutu son illərdə bir neçə mənbəni tərcümə edib. Ümid edirəm ki, bu  tərcümələrin davamıda gələcək. Lakin  elə əsərlərdə olur ki, onları tapsaq da, dilini anlaya bilmirik.

Mən Bakı Dövlət Universitetində oxuduğum zaman əsərlərin çoxu rus dilində idi. Lakin indiki uşaqlar bunu oxumaqda çətinlik çəkirlər. Bu məktəbdə də özünü göstərir.

Kurikulum elə sistemdir ki, şagird öz üzərində işləməlidir. Məntiqi mühakimə və nəticə ortalığa qoymalıdır.Bunun üçün isə bizdə əlavə ədəbiyyat yoxudur”.

O sözlərində Tarix fənninin yer aldığı III fənn blokundan fərqli olaraq, I, II,IV qruplarla bağlı fikir yürüdə bilmədiyini deyib:

“III qrupdan isə gözləntim olduqca yüksəkdir. Buradan ən azı 5 nəfərdən 700 bal gözləyirəm. Birinci imtahanın nəticələri göstərdi ki, ikinci imtahanda da 700 bal yığmaq mümkündür.

700 bal yığmaq savad göstəricisi deyil. Şagirdin məntiqi təfəkkürü və mühakimə yürütmək bacarığı olmalıdır.

Abituriyentlərin əksəriyyəti xüsusəndə tarix fənindən  sualı  sona qədər oxumurlar. Məsləhətim odur ki, testin başlıq hissəsini düzgün oxusunlar. Bu onun şərtini dərk etməyə köməklik edəcək.

İkinci tövsiyəm odur ki, şagirdlər testlərdə düzgün cavab axtarmasınlar. Yanlış cavabları tapıb çıxarsınlar. Çünki yanlış cavabı görmək daha asan olur”.

Şükufə Süleymanlı

İlin gənc müəllimi-Müraciət formu