Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-17 17:00:00
Dərslik hazırlığı sahəsində yeniliklər tətbiq olunub

 

2018-2019-cu tədris ilində məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilib. Dərsliklər Dövlət İmtahan Mərkəzi, Dərslikləri Qiymətləndirmə Şurası, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir.

Təhsil Nazirliyindən  bildirilib ki, cari tədris ilinə I-XI siniflər üçün 338 adda 7,2 milyon nüsxədən artıq dərslik və metodik vəsait nəşr edilərək məktəblərə paylanılıb. Bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici olub. Cari tədris ilində yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanıb, beləliklə I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb.

Dərslik hazırlığı sahəsində daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılıb və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb. İlkin mərhələdə I siniflər üçün “Ana dili” və “Riyaziyyat” dərslikləri hazırlanıb və 100-dən çox məktəbdə sınaqdan keçirilib. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklər hazırlanması olacaq. (Azərtac)