Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 16:02:00
Bağçaların fərqli iş saatlarını tənzimləyən qanun - Axşam qrupları da mümkündür

Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin iş rejimi müxtəlifdir. Xüsusilə də özəl sektorda fərqli saatlarda çalışan bağçalar fəaliyyət göstərir.

Bəs, qanunvericiliyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin iş rejimi necə tənzimlənməlidir?

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar “Məktəbəqədər tərbiyə müəssisələri haqqında” qanunda qeyd olunub.

Qanuna əsasən, məktəbəqədər müəssisənin iş rejimi bağçanın pedaqoji və rayon təhsil şuralarında qəbul edildikdən sonra müvafiq təhsil idarəsi və ya müəssisəsinin tabe olduğu idarə, təşkilat tərəfindən təsdiq edilir.

Məktəbəqədər müəssisə həftədə 5, 6, 7 günlük yaxud gecə-gündüz; 1 və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafik ilə işçilərə istirahət günü verməklə işləyə bilər.

Amma valideynlərin arzusu ilə bağçada səhər, axşam, günüuzadılmış rejimlə, eləcə də, şənbə, istirahət və bayram günləri işləyən növbətçi qrupların təşkilinə də icazə verilir.

Məktəbəqədər müəssisələrin işə başlama və qurtarma müddəti valideynlərin arzusu ilə (səhər saat 7-dən tez, axşam saat 19-dan gec olmayaraq, növbətçi qruplar isə 20-dən gec olmayaraq) müəyyən edilir.

Valideynlərin arzusu, rayon  təhsil şöbələrinin qərarı ilə məktəbəqədər müəssisədə 1-2 saat işləyən qruplar, gəzintili qruplar, idman- sağlamlaşdırma tədbirli qruplar, uşaqların musiqi, estetik və bədən tərbiyəsini inkişaf etdirən qruplar, uşaqları məktəbə hazırlayan qruplar, əqli və fiziki cəhətdən qüsurlu uşaqların təlimi üzrə qruplar və s. təşkil edilə bilər.

Valideynləri qabaqcadan yazılı xəbərdarlıq etməklə, onlar üçün əlverişli vaxtda uşaqları bağçaya gətirə bilərlər. Bununla bərabər, valideynlər fizioloji cəhətdən əsəslandırılmış gün rejiminə riayət etməli və məktəbəqədər müəsisədə təlim-tərbiyə prosesini pozmamalıdırlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları