XƏBƏRLƏR

16.06.2019 14:35
Tarix müəlliminin dərs vəsaitlərinin təqdimatı keçirilib

Tanınmış pedaqoq Raqif Şirinov Cəbrayıl rayonunda anadan olsa da orta təhsilini Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə başa vurub. Hələ şagird olarkən tarix elminə göstərdiyi hədsiz maraq onu ali məktəbdə -Azərbaycan Dövlət Pedaqoji Universitetində də arzusuna qovuşdurub və o, tarix fakültəsində təhsilini davam etdirib. 2002-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirdikdən sonra pedaqoji fəaliyyətə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayon 6 nömrəli məktəbdə tarix müəllimi kimi başlayıb. Raqif Şirinov 2014-cü ildən etibarən isə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə çalışır.Sayılıb-seçilən pedaqoqlardan biri olan Raqif müəllim istər məktəbin, istərsə də Sumqayıt şəhərinin ictimai işlərində fəallığı ilə seçilir. Şagirdlərinin ali məktəblərə qəbulda göstərdikləri yüksək nəticələri nəzərə alan məktəb rəhbərliyi dəfələrlə onun əməyini rəğbətləndirib. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən o, iki dəfə təlim-tərbiyədə “Səmərəli pedaqoji fəaliyyətinə görə” fəxri fərmanı ilə təltif olunub. R.Şirinov pedaqoji fəaliyyəti dövründə müxtəlif müsabiqələrdə yaxından iştirak edib və sertifikatlar qazanıb. Bunlara İCRC, “Promethean” interaktiv lövhələrdən istifadə üzrə, “Fənlər üzrə Elektron Təhsil Resursları”, “QRANT” müsabiqələri və fərdi layihələrin hazırlanması metodologiyası” üzrə və sairə sertifikatları misal göstərmək olar. Raqif müəllim pedaqoji mövzuda yazılan onlarla maraqlı və məzmunlu məqalənin də müəllifidir. O, Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibi elan olunub.

Tanınmış pedaqoqun qələm məhsulları sırasında tarixi mövzuda yazdığı qiymətli elmi kitabları da var. “Qarabağın tarixi” (Bakı 2016), “Azərbaycan tarixi” (Bakı 2016), “5 sinif Azərbaycan tarixi üzrə qiymətləndirmə” (Bakı 2017), Azərbaycan və Ümumi tarix üzrə “Xronologiya” (Bakı 2018), “Azərbaycan tarixi” (Bakı 2018), “Azərbaycan tarixi test toplusu” (Bakı 2019) vəsaitləri onun bu qəbildən olan kitablarıdır. Bu günlərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində şəhərin qabaqcıl müəllimlərinin və məktəb direktorlarının iştirakı ilə müəllifin həmin elmi kitablarının təqdimatı keçirilib. Tədbirdə çıxış edən şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə müəllifin tariximizə yeni baxış bucağından yanaşdığını ifadə edib. Bildirilib ki, bu cür dərs vəsaitlərinin əhəmiyyəti olduqca böyükdür və bunlar bu gün yenidən yazılan tarix elmimizin inkişafına xidmət edir. Kitabların müxtəlif məziyyətləri barədə fikir və mülahizələrini bildirən çıxışçılar da bütövlükdə bu dərs vəsaitlərini olduqca yüksək qiymətləndiriblər.

Sonda tanınmış pedaqoq Raqif Şirinov tədbirin təşkilatçılarına və kitabları haqqında dəyərli fikirlər söyləyən iştirakçılara öz dərin təşəkkürünü bildirib. (Azərbaycan müəllimi qəzeti)

İlin gənc müəllimi-Müraciət formu