Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 17:26:14
“Sabah” qruplarına qəbulun nəticəsi ləğv edildi – Təəccübləndirici SƏBƏB

2 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Təhsil Nazirliyinin “SABAH” layihəsinə yeni tədris ilində qəbul olunmaq üçün namizəd tələbələr arasında məntiq və ingilis dilindən imtahan keçirilib.

İmtahanda 1760 namizəd tələbə iştirak edib.

AzEdu.az xəbər verir ki, imtahan başa çatdıqdan sonra, SABAH qrupları İcra Komitəsinin əldə etdiyi məlumata əsasən, bu tələbələrdən biri imtahandan bir müddət əvvəl bəzi imtahan suallarının məzmununu əldə etmiş və onları bir neçə tələbə ilə paylaşıb. Bununla bağlı İcra Komitəsi dərhal araşdırmaya başlamış və araşdırma nəticəsində məlumat öz təsdiqini tapıb. Belə ki, bir tələbə həqiqətən də, imtahandan qabaq “Məntiq” bölməsindən 17 sualı (mövcud 50 sualdan) və “İngilis dili” bölməsindən 14 sualı (mövcud 50 sualdan) imtahan təşkilatçısının səhlənkarlığı nəticəsində mətbəə orqanından gizli şəkildə əldə edib və onları bir neçə tələbə ilə paylaşıb. İcra Komitəsi tərəfindən həmin tələbənin kimliyi müəyyən edilib, onun özündən və sualların məzmunu ondan əldə etmiş bir neçə digər tələbələrdən yazılı izahatlar alınıb.

Təsis edildiyi ilk gündən “SABAH” layihəsi şəffaflıq, dürüstlük və ədalət prinsiplərinə sadiqdir. Bu layihəyə namizəd olan tələbələrin bilik və bacarıqlarının hamı üçün bərabər, heç bir ayrı-seçkiliyə və ya ədalətsizliyə imkan verməyən bir şəraitdə yoxlanılması layihənin təməl prinsiplərindən biridir. Bu və ya digər səbəbdən bir və ya bir neçə namizədlər tərəfindən imtahanda digər namizədlərə münasibətdə ədalətsiz üstünlük əldə etmək cəhdlərinin hər zaman qabağı alınıb, imtahan prosesinin və onun nəticələrinin obyektivliyi qorunub saxlanılıb. Təəssüflər olsun ki, 2 iyunda keçirilən imtahanda bu təməl prinsipi bəzi namizəd tələbələr tərəfindən pozulmuş və bununla da imtahanın nəticələrinin bütün namizədlər üçün obyektivliyi təmin edilməyib.

Bunları nəzərə alaraq, SABAH qrupları İcra Komitəsinin yekdil qərarına əsasən 2 iyunda keçirilən imtahanın nəticələri ləğv edilib, “SABAH” layihəsinə yeni tələbələrin qəbulu üçün yaxın müddətdə yeni imtahanın keçiriləcəyi barədə qərar qəbul edilib. Bununla yanaşı 2 iyunda keçirilən imtahan prosesinin obyektivliyinə müdaxilə edən tələbələr “SABAH” layihəsi tərəfindən keçiriləcək yeni imtahanda iştirakdan, imtahan təşkilatçısı isə müqavilə şərtlərini pozduğuna görə yeni imtahan prosesinin təşkil edilməsindən kənarlaşdırılıb.

Bununla bağlı “SABAH” layihəsinə yeni tələbələrin qəbulu üçün imtahanın vaxtı və yeri barədə əlavə məlumat veriləcək, sual-cavab üçün müvafiq ali təhsil müəssisələrində növbəti həftə namizədlərlə görüş keçiriləcək.