Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 15:00:00
Şahlar Əsgərov: "Yeni yaşımda əlyazmalar və publisistik məqalələrimdən ibarət kitab çap etdirəcəyəm" - AD GÜNÜ

Bu gün ictimai-siyasi xadim, təhsil üzrə ekspert Şahlar Əsgərovun doğum günüdür.  Professorun 78 yaşı tamam olur. 

Şahlar Qaçay oğlu 15 iyun 1945-ci ildə Azərbaycan SSR-nın Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada alıb. 1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla universitetdə saxlanılıb. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər.

Professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də, onun 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.

Ş. Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub.

O, "Şöhrət" ordeni (1999) və "Əməkdar elm xa dimi" (2001) fəxri adıyla təltif edilmişdir. Bir sira Beynəlxalq Akademiyaların (РАЕ , АСПН) üzvüdür.

AzEdu.az Şahlar Əsgərovdan doğum günü ilə bağlı təəssüratlarını öyrənib.

Professor ad günündü çox sevincli olduğunu bildirib:

 “Ad günümlə yanaşı, bu tarix həm də ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Mənim üçün ən böyük təbrik və hədiyyə isə yaxınlarımın, nəvələrimin yanımda olmasıdır. Bu günləri adi bir vətəndaş kimi qeyd edirəm. Ən yadda qalan ad günüm isə 75 yaşımda olub. Həmin il yubleyimlə bağlı partiyamızın ad günümü təntənəli şəkildə təşkil etmişdilər.

Ş.Əsgərov həmçinin gələcək elmi planları barədə də söhbət açıb. Bildirib ki, o, çoxlu əlyazmalar və publisistik məqalələrini kitab halında çap etdirmək istəyir. “Artıq kitabın adını da düşünmüşəm, hazırdır. Qismət olsa, kitaba “Yaşam fəlsəfəsi” adını qoyacam. Ümid edirəm ki, bu kitab oxucular tərəfindən böyük maraqla qarşılanacaq”.

Şükufə Süleymanlı