Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 15:59:00
Hamlet İsaxanlı: "Tələbəmiz evdə qaz sızmasına nəzarət edəcək proqram təminatı yaradıb" 

“e-PERSON” rubrikasının budəfəki qonağı Xəzər Universitetinin təsisçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlıdır. Müsahibimiz İKT-nin təhsil sahəsinə inteqrasiyası, distant (onlayn) təhsil və sosial şəbəkə fəaliyyəti haqqında maraqlı fikirlərini bölüşüb.

Beləliklə, buyurun “e-Hamletİsaxanlı”

“Elektron xidmətlər texnologiya olmaqla yanaşı, həm də bir mədəniyyət və təcrübədir”.

Hamlet müəllim, “Elektron hökümət”in yaranması dövlətin vətəndaşlar üçün müəyyən etdiyi bir vasitədir, yoxsa qlobal zərurət?

Dünyanın hazırki əsas xüsusiyyəti qloballaşma prosesidir. Bu prosesdən kənarda qalmaq, ona cavab verməmək mümkün deyil. Bu təsir forması həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan ölkələrdə özünü göstərir. Ona görə də “Elektron hökümət”  beynəlxalq bir zərurətdən yaranıb. Təbii ki, ölkələr bu qlobal zərurətə müxtəlif şəkildə cavab verir. Bəziləri tez, bəziləri isə bir qədər gec. Ümumiyyətlə,  adambaşına internet istifadəsi bizim ölkədə qənaətbəxşdir. Bu sistemi sıralasaq, Baltik ölkələrindən sonra Azərbaycan gəlir. Elektron xidmətlər texnologiya olmaqla yanaşı, həm də bir mədəniyyət və təcrübədir. Məsələn, hökümət və qeyri-hökümət təşkilatları bu sistemi nə dərəcədə öyrənir, necə istifadə edir və hansı formada xidmət göstərir. Adətən, vətəndaş belə düşünür ki, hökümətlə onun arasında bir divar var. Bu səddi də keçmək, hökümət nümayəndələri ilə görüş almaq, onlarla məktublaşmaq çox çətindir. Bu kimi hallarda hökümət də müəyyən mənada bir az  kənara çəkilir. “Elektron hökümət”  ideyası, elektron texnologiya vətəndaşla dövlət arasında o sədləri xeyli zəiflədir, amma tamamilə aradan qaldırmır. Vətəndaşlar rahat şəkildə müraciət edib xidmətlərdən yararlana bilir. Məncə, bu kifayət qədər pozitiv bir hadisədir.

 

“Təəssüf ki, bəzən siniflərə elektron lövhələri reklam üçün yerləşdirirlər”.

İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) təhsil sahəsinə inteqrasiyası bu sahənin sürətli inkişafına zəmanət ola bilərmi? 

İKT-nin ilk tətbiq edildiyi sahələrdən biri elə məhz təhsil sahəsi olub. Xüsusilə də, ali təhsil. Ali təhsil verən bir müəssisə dünya ilə bağlı deyilsə, o əyalət təhsil müəssisəsidir. Ali məktəblərə dünyanın hər bir nöqtəsindən tələbələr, elm adamları müraciət edir, beynəlxalq görüşlər aparılır. Əvvəllər tələbənin valideyni övladı haqqında universitetdən məlumat almaq üçün uzun məsafə qət etməli, bir sıra şəxslərlərlə görüşməli idi. Lakin, indi hər hansı bir tələbə haqqında 30 saniyə ərzində “Tələbə məlumatı” deyilən sistemimizdən universitetə qəbul olduğu gündən bugünədək fəaliyyəti barədə məlumat əldə edə bilirlər. Məsələn, imtahan sessiyasında qiymətləndirilməsi, mükafat alması, cəzalandırılması və s. Yəni, artıq yol qət etmədən bir telefon və ya kompüter vasitəsilə bu məlumatları əldə etmək mümkündür. Demək olar ki, bugün İKT-siz  həyat yoxdur və avtomatik olaraq təhsil sistemi də yoxdur. Ancaq belə düşünmək lazım deyil ki, hər şeyi İKT həll edir. Mühit, müəssisə və müəllimdən çox şey asılıdır. Məsələn, Finlandiya orta təhsil sistemində öndə olan bir ölkədir. Mən Kanadada işlədiyim zaman Finlandiya Kanadaya bir nümayəndə göndərmişdi ki, təhsil sistemləri arasındakı fərqləri müəyyənləşdirsinlər. Onlar Kanadaya gəldikdə bildirdilər ki, hansısa kənd yerində riyaziyyat dərsində iştirak etmək istəyirlər. Dərsə gəldikdə isə belə bir mənzərə ilə qarşılaşdılar - dərsdə nə elektron lövhə, nə proyektor var. Sadəcə savadlı bir müəllim adi lövhədə təbaşirlə dərs keçir. Kanada öz müəllimlərini çox diqqətlə seçir. Onlar magistratura təhsili olmayan müəllimi işə götürmürlər və onların maaşı ölkənin orta  əməkhaqqısından daha yüksəkdir. Yəni, savadlı və yaxşı maaşı olan müəllim istedadlı şagird yetişdirəndə texnologiya bu prosesə köməkçi bir vasitə rolunda olur. Məktəblərə ağıllı yazı taxtası alınmaqla təhsil problemləri həll  edilmir. Əsas o yazı taxtasında işləyən müəllimdir. Təəssüf ki, bəzən siniflərə elektron lövhələri reklam üçün yerləşdirirlər.

“Distant təhsil üz-üzə təhsil formasını əvəz edə bilmədi”.

Bu gün bir çox ölkələrdə təhsil forması aktiv şəkildə onlayn rejimə keçir. Xəzər Universiteti gələcəkdə onlayn (distant) təhsili tətbiq etmək üçün hansı işlər aparır? 

Bizdə bütün imtahanlar yazılıdır. Yazılı olanların da xeyli hissəsi elektron şəkildədir. Kağız variantlarda olanlar da var, çünki imtahan prosesinin təhlükəsizliyi də önəmlidir. Belə bir hadisə ilə qarşılaşmışdıq - Tələbələr müəllimlərin göndərdikləri elektron testləri internet üzərindən götürmüşdülər. Burada fantastik tələbələr var, onlar I kursdan şirkətlər üçün proqram yazırlar. O tələbələr sistemə daxil olub cavabları götürmüşdülər. Biz həmin tələbələri bir smestr müddətinə universitetdən kənarlaşdırdıq. Bu yaxınlarda inglis dili departamentinin müdiri (xarici vətəndaşdır) mənə dedi ki, internet vasitəsilə müəllimlər nəsə göndərməsin, ancaq fləşkarta yazıb mənə versinlər. Əks halda tələbələr xakerlik edib cavabları götürürlər. Amma onu da qeyd edim ki, universitetin modul sistemi çox inkişaf edib. “Distant learning” dərsləri keçirilir. Müəllimin onlayn keçdiyi dərsi digərləri dinləyib müəyyən suallar verir. Üç dənə video konfrans zallarımız var. Xarici universitet heyəti ilə nəyisə müzakirə etdikdə  video konfrans zalından canlı bağlantı edirik. İmtahanların bir hissəsi distant şəkildə aparılır. Həmçinin dərslərin bir qismi də onlayn şəkildə keçirilir. Universitetin daxildə qurduğu sistemlər var ki, elektron xidmətlər göstərirlər. Məsələn, mən müəllimlərə hər hansı bir xəbər göndərdikdə “bütün müəllimlər” deyilən ünvandan istifadə edirəm. İndi biz “bütün tələbələr” ünvanını da açdıq. Hər bir müəllim və tələbə üçün internet ünvanı açılıb bu ünvan vasitəsilə onlara ümumi şəkildə məktub göndərə bilirəm.  Müasir təhsil sistemində nə qədər elektron xidmətlər varsa, bunlar bizdə də fəaliyyət göstərir. Onlar arasında ən mühümü isə “Tələbə informasiya sistemi”nin qurulmasıdır. Ölkədə ilk elektronlaşmış xidmət sektorunu bizim kitabxanamız yaradıb. Bu sistemi də amerikalıların köməyi ilə qurduq. Milyonlarla kitabları biz elektron şəkildə oxuya bilirik. Hazırda Xəzər Universitetində beynəlxalq konfrans keçirilir. Dünyanın ən məşhur 80 riyaziyyatçısı buradadır. Həmin riyaziyyatçıların konfransa gəlməsi də elektron şəkildə baş tutub. Əlbəttə, distant təhsil ideyası dünyada belə bir eyforiya  yaratmışdı. Amerika da bunu çox təbliğ edirdi ki, bu təhsil forması yeni bir inqlabdır və onlayn təhsil üz-üzə təhsil formasını sonlandıracaq. Çünki, üz-üzə təhsil növü bahalı bir təhsil formasıdır. Hər hansı bir xarici ölkədə təhsil almaq istəsən, müəyyən məsafə qət etməli, orada yaşamalı, təhsil haqqı ödəməlisən. Məsələn, ABŞ və ya İngiltərədə yaxşı bir müəssisədə təhsil almağın xərci 50 min dollara başa gəlir. Bu qiymətlər fakültəyə görə daha da çox ola bilir. Məsafədən təhsil vasitəsilə bütün bu proseslər aradan qaldırılacaqdı, amma bunun əvəzinə həmin eyforiya aradan qaldırıldı, çünki distant təhsil üz-üzə təhsil formasını əvəz edə bilmədi. Üz-üzə təhsil daha keyfiyyətli təhsildir. Diqqətlə qulaq asırsan, qeydlər edirsən, anındaca müəllimə sual verə bilirsən, məşhur bir professorun yanında oturub çalışırsan və s. Məsafədən təhsil, əslində daha güclü insanlar üçündür. Bugün internetin kəsilib 20 dəqiqə işləməyəcəyi xəbərini, təcili yayımlayır, səbəblərini açıqlayır və üzr istəyirlər. Bu çox vacib bir xəbərdir, çünki biz hər an internet üzərində əməliyyatlar aparırıq.

“Tələbəmiz evdə qaz sızmasına, yanğına elektron şəkildə nəzarət edəcək bir proqram təminatı qurub, bu proqram inqlabi bir hadisədir”. 

Tələbələrinizin hansı  startap layihələri var?

Startap layihələr çoxdur. Bu sahədə bir sıra müsabiqələr keçirilir. “Earling” deyilən layihə var. Onlar neft geologiyası sahəsində olan tədqiqatlardan başlayıb hazırda  isə nəhəng şirkətlərlə BP və Azərbaycan Dövlət Neft Şirkətindən böyük sifarişlər alırlar. Bu yaxınlarda da bizim bir tələbə müsabiqədə birinci yeri tutdu. Həmin tələbə bir layihə hazılayıb - evdə qaz sızmasına, yanğına elektron şəkildə nəzarət edəcək bir proqram təminatı qurub. İndi “Azəriqaz” və neft şirkətləri ilə razılaşsalar bu proqram inqlabi bir hadisədir. Robotexnikadan bir sıra dərnəklər təşkil edirik. Bu yöndə müsabiqələrə qatılırıq. 

Sizcə, İKT-nin sürətlə inkişafı etdiyi bir dövrdə Universitetə tələbə cəlb etməyin hansı üstünlükləri var?

İnternetə qədərki dövrdə universitet quranda həmin zamana uyğun şəkildə təsis edib qəzet və televiziyalara müraciət edirdik. Hazırda isə əcnəbi tələbələri bura cəlb etmək üçün əlbəttə ki, ilk növbədə internet resurslarından istifadə edirik. Bizim saytımızda ölkə və universitetimiz haqqında ətarflı məlumatlar yerləşdirilib. Onlar bizə müraciət edir və “Skype” vasitəsilə müsahibə alırlar. Qısa desək, hadisələrin əsas hissəsi elektron şəkildə görülür. Sadəcə indi düşündüyün nələrisə ətrafa çatdırmaq daha asandır. Məsələn, “Facebook”da elan verməklə bu fikirləri geniş ictimaiyyətə çatdırmaq mümkündür.

 

 

“İnternetə böyük bir bilik xəzinəsi, texnologiya kimi baxıram. Məncə, “Facebook” isə bir dedi-qodu məskəninə çevrilib”. 

Hansı sosial şəbəkələrdən istifadə edirsiniz?

“Facebook”dan əvvəllər daha fəal istifadə edirdim. Son 5 ildir ki, bu sosial şəbəkən birbaşa istifadə etmirəm. Çünki çox vaxtımı aparır. Mən internetə böyük bir bilik xəzinəsi, texnologiya kimi baxıram. Mənə bu gün İngiltərədən məlumat göndərdilər ki, NASA-nın aya ilk dəfə göndərdiyi Appalon gəmisinin şəkil və xəbərini  mənə göndərdilər. “Facebook” səhifəmi köməkçilərim idarə edir ,mənə sosial şəbəkə vasitəsilə yönlənən sualları çatdırırlar, mən də onlara necə cavab vermək lazımdır qeyd edirəm. Məncə, “Facebook” bir dedi-qodu məskəninə çevrilib. Ora baxdıqda nələrisə görüb, ona vaxt sərf edirik. Pozitiv xəbərləri nisbətən azdır. “YouTube”dan çox istifadə edirəm. Orada elmi, pedaqoji, siyasi və s. proqramları izləyirəm. Məsələn, dünən Alim Qasımovun qızı Fərqanə Qasımova mənə link göndərdi ki, mənim “Bakı” şeirim əsasında Alim Qasımov mahnı oxuyub. Həmin videonu öz səhifəmə əlavə etdim. Bu məlumatı almaq, linki səhifəmə yerləşdirmək sosial şəbəkə üzərindən oldu.

Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin fəaliyyətini necə qiymətləndirirsiniz? 

Həyat yoldaşım “Facebook”da baş verən bütün hadisələr haqqında mənə məlumat verir. Sosial şəbəkədən çox aktiv istifadə edir. Bir tədbir keçirdikdə biz saytda, onlar isə “Facebook”da elan verirlər. “Facebook” saytlardan bir addım irəlidədir. Azərbaycanda da hər yerdə olduğu kimi sosial şəbəkələr mühüm rol oynayır. Bu yaxınlarda biz bir elmi iş bitirdik. Elmi iş “Dedi-qodu folklor nümunəsi kimi”  adlanır. Artıq “Facebook”un özü və orda baş verən dedi-qodular bir folklor nümunəsi olublar. Onun ciddi bir tədqiqata ehtiyacı var. Dünya ölkələrinin bir çoxu bu təcrübədən istifadə edib tədqiqatlar aparırlar. Bunun sosioloji və psixoloji aspektləri, cəmiyyətə ciddi sürətdə təsiri araşdırılır. “Facebook”da insanları çox tərifləmək onları ciddi şəkildə məhvinə səbəb olur və ya onların ictimai fəaliyyətinə və ailəsinə hücumlara gətirib çıxarır. Artıq dünya ölkələrində  “Facebook”la necə rəftar etmək, hansı qadağalar qoymaq kimi fikirlər yürüdülür. 

“Əgər elmi əsərlərdə “Vikipediya”ya istinad edilirsə, o yazı etibarlı sayılmır”.

Araşdırmalarınızda texnologiyanın nə kimi köməklikləri olur?

Mən Moldovada Sovet vaxtında çap olunmuş bir kitabı axtarırdım. O ölkədəki dostlarıma həmin kitabla bağlı müraciət etdim və demək olar ki, 10 dəqiqə sonra kitabın elektron versiyasını mənə internetlə göndərdilər. İnternetdən istifadə etdiyim zamanın 95%-ni araşdırma məqsədlərim əhatə edir. Əlbəttə ki, həmin məlumatlara etibar etmək məsələsi də var. Əgər elmi əsərlərdə “Vikipediya”ya istinad edilirsə, o yazı etibarlı sayılmır. Çünki “Vikipediya” yazılarını  istənilən bir şəxs yaza bilir. Mən dəfələrlə şahidi olmuşam ki, vikiməqalələrin əksəriyyətində səhvlik var. Azərbaycan “Vikipediya”sının, hətta 90%-i  propoqandadan ibarətdir. Bu ensiklopedik sayt sadəcə bizə istiqamət verir. 

Bəs Siz “Vikipediya” məqalələri yazıb və ya onlara düzəliş etmisiniz?

Əlbəttə. Bir zamanlar daha çox o məqalələrin üzərində işləyirdim. Bəzi qapalı saytlar var ki, onlara girib hansısa bir məqaləyə müdaxilə edə bilmirsən. Onların  redaksiya heyəti olur ki,  həmin şəxslərlə danışmadan yazılara düzəlişlər etmək mümkün deyil. Məsələn, Nizami Gəncəvi haqqında inglis dilində qapalı məqalə var. Həmin məqalədə Nizami Gəncəvi fars yazıçısı kimi göstərilib. Mən o məqaləyə düzəliş etmək istədim. Onun yaradıcılığında Azərbaycan coğrafiyası, folkloru, mədəniyyəti ciddi şəkildə əks olunduğunu qeyd etdim. Bu yazıda mənbə rus və ya Azərbaycan olduqda qəbul etmirlər. Yalnız Qərb mənbəsi istəyirlər.  Məqalədə Tadeus Svachovskinin, Odri Ostatın Nizami Gəncəvinin azərbaycanlı olmasını əks etdirən mənbələri verdim. Həmin əlavələr edildikdə dərhal yazıya əks fikirlər gəldi ki, o şəxslər millətçi, azərbaycanlılara rəğbəti olan şəxslərdir. Hazırda işləmirəm elə yazılar üzərində. Mən burada poetik tərcümə sənəti və poeziya sənəti dərslərini keçirəm. Tələbələrə tapşırıram ki, “Vikipediya”da səhifə yaradıb azhecalı şeirlər haqqında məqalə yazsınlar. Azərbaycan “Vikipediya”sının 10 illik yubileyində vikipediyaçılar mənə müraciət etdilər ki, vikiməqalə yazım. Bu saytın mahiyyətindən, məqsədindən. Həmin mövzuda bir məqalə də yazdım.

Hansı elektron xidmətlərdən istifadə edirsiniz və hansı xidmətlərin elektronlaşmasını istərdiniz?

Elektron xidmətlərdən yalnız araşdırmalarımda istifadə edirəm. Məişət məsələlərini, yəni kommunal ödənişlərini mən etmirəm. Universitetdə də elektron xidmətlər üzərində işləyən işçi qrupu var. Amma çox istərdim ki, gömrük xidmətləri elektronlaşsın. Çünki gömrük məntəqəsinə hansısa bir məhsul gədikdə onu gedib almaq bir bəlaya çevrilib. Bununla yanaşı, hüquqi şəxslərin qeydiyyatında tam elektron xidmətlər göstərilsin. Mən bunun tərəfdarıyam ki, bütün xidmətləri “ASAN xidmət”ə versinlər. Çünki təcrübə də göstərdi, ən yaxşı çalışan hökümət təşkilatı da “ASAN xidmət”dən pis işləyir. Tikintilərə də icazənin tam elektron şəkildə olmasını istərdim. Ümumiyyətlə, insanların iş fəaliyyətinə mane olan cəhətlər elektronlaşsa, daha yaxşı olacaq.

“Bir nömrəli kəşf elektrik enerjisinin əldə olunmasıdır”. 

Sizə görə ən böyük texnoloji kəşf nədir?

Bir deyil, bir neçə mühüm texnoloji kəşflər var. Bir neçə texnoloji kəşflər birləşərək sintez olub, bügünkü dünyamız meydana gətirib. Məsələn, sürətli nəqliyyat. Əvvəllər 100 adamın bir maşını olardı indi isə bir adamın 2 maşını var. Buxar mühərriki kəşf edildi, sonra elektrik mühərrikləri kəşf edildi və sonunda sürətli nəqliyyat vasitələrini yarandı. Atomun kəşfi kvant atom fizikasının yaranması, atom gəmilərini, atom elektrik stansiyalarını yaratdı. Elektronikanın kəşfi müasir kommunikasiya sistemini yaratdı. İnternet 60-cı illərdə təcrübə şəklində quruldu və 90-cı illərdə əhaliyə verildi. Bugünkü sivilizasiyanın arxasında  elektrikin kəşfi dayanır. Bütün bunlat elektrik üzərində qurulub. Məncə, bir nömrəli kəşf elektrik enerjisinin əldə olunmasıdır.

İnternetdən mobil, yoxsa kompüter vasitəsilə daha çox istifadə edirsiniz?

Mənə çalışırlar ki, müasir mobil telefonlar alsınlar. Bəzən deyirlər ki, telefonun yaman gündədi, dəyişmək lazımdır. Mənim üçün telefon əsasən zəng vasitəsidir. Gmail ünvanına demək olar ki, mobil vasitəsi ilə baxmıram. Telefona da aludə deyiləm. İclasa gedəndə telefonu otağımda qoyub çıxıram. İnternetə daha çox kompüter vasitəsilə daxil oluram.

“Hazırda “Land Rover” sürürəm. Növbəti maşınımı isə mütləq elektromobil alacam”. 

İlk avtomobiliniz hansı marka olub? Hazırda hansı avtomobildən istifadə edirsiniz?     

İlk avtomobilim çox yaşlı vaxtımda olub. Atamın maşını var idi, onu evdə demək olar ki, hamı sürürdü. Amma mənim avtomobillərə marağım olmayıb. Sovet dövründə “VAZ  2107” aldım və uzun müddət ondan istifadə etdim. Sonra Almaniyadan  aldığım ikinci əl “Mercedes” markalı avtomobili istifadə etdim. Hazırda “Land Rover”dir. Seçim zamanı əsasən rahatlığa önəm verirəm. Avtomobil hündür olsun ki, ətrafı yaxşı görüm. Həftə sonları maşını özüm sürürəm. Maşın seçimimi ətrafımda olan insanlar edir. Deyirəm ki, siz seçin amma sonunda mənə göstərin. Sovet vaxtı bir ifadə var idi “машина не роскошь”. Yəni maşın sadəcə zaman qət edən bir vasitədir. Amma növbəti maşınımı mütləq elektromobil alacam. Bir neçə Avropa ölkəsi 2020-ci ilə qədər benzinlə işləyən maşınlara qadağa qoyacaq. Havanın korlanması nəqliyyat vasitələrinə görədir. Londonda şəhərin mərkəzinə getmək üçün xeyli miqdarda pul verməlisən.  Amma elektromobil, Tesla maşınlarına pul verilmir. Qiyməti baha olsa da sonrada batareyanı doldurmaq pulsuzdur. Mən sizə konkret faktlar deyəcəm.  Bakıda havanın təmizliyini ölçmək üçün laborotoriya qurduq. Bütün məntəqələrdə havanın təmizliyini yoxladıq. Dünyada havanın təmizliyini ölçən 1  - ən təmiz, 5 - ən çirkli şkala var. Bakıda ən dəhşətli vəziyyət Koroğlu metrosunun çıxışındadır. Səbəb isə maşınlardan çıxan qaz və s. maddələrdir. Buzovnada ölçdükdə isə havanın təmizliyi 1 idi. Ona görə ki, dəniz qırağında maşınlar olmur. Elektromobil üçün də gərək ölkədə xidmət olsun. Batareyaları doldurma məntəqələri çoxalsın. 

 “e-PERSON” rubrikasının ənənəvi sualını Sizə də ünvanlayıram. Elə bir işiniz var ki, onu heç sevmirsiniz və məmnuniyyətlə robotlara həvalə edərdiniz? 

Sualınız mənə 20-ci əsrin ən böyük fiziklərindən olan Riçard Feynmanın “Bunu Con eləsin!” məqaləsini xatırlatdı. Məqalənin məğzi belədir - Mən yaxşı fizikəm və bu işin üzərində işləyirəm, mənə deyəndə ki,  get imtahanlara nəzarət elə cavabım olur ki, bunu Con eləsin. Mən də bəzi tədbirlərə robotumu göndərərdim. Gün ərzində bir neçə tədbirə dəvət alıram, amma onlardan mənim üçün maraqlı olanına gedirəm. Bəzən deyirlər ki, siz gələ bilməsəniz bir nəfər göndərin. Bəzən adam göndərmək də çətin olur , çünki onların da müəyyən işləri var. Biz bütün tədbirlərə getsək, həyatımız onlardan ibarət olar.  Amma robot vurğunu da deyiləm. İnsanlar və təbiət içində olmağı sevirəm. (TED.az)