Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 17:50:40
BMU- da 15 – İyun Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Bakı Mühəndislik Universitetində 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev də iştirak edib. Tədbirdə dövlət himni oxunduqdan sonra müstəqilliyimizin ilk dövrlərində baş verən hadisələrdən, xalqın təkidi ilə Ümummilli lider Heydər Əliyevin 15 iyunda hakimiyyətə gəlişindən sonra ölkəmizdə müsbət mənada baş verən dəyişikliklərdən bəhs edən sənədli film nümayiş etdirildi.

Universitetin rektoru, professor Havar Məmmədov tədbirdə açılış nitqi ilə çıxış etdi: “1990–1993-cü illərdə Azərbaycan dövləti məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmış və işə salınmışdı. Belə bir şəraitdə xalq ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yeganə nicat yolunu ümummilli lider Heydər Əliyevdə gördü. Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan milli və müstəqil dövlət kimi mövcudluğuna görə bu tarixi qayıdışa, milli qurtuluşa borcludur”.

İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə Ulu öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına “Milli Qurtuluş Günü” kimi daxil oldu.

Rektor qeyd etdi ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi: “Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir”.

Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada dövlətimizin nüfuzu daha da artır. Azərbaycan dünyanın ən qabaqcıl layihələrində iştirak edir.

Ümummilli lider Heydər Əliyev xalqın qəlbində tayı-bərabəri olmayan heykəl, əsrlər boyu yaşayacaq abidə – şah əsər ucaltdı. Bu abidənin, şah əsərin adı Azərbaycandır – müstəqil və qüdrətli Azərbaycan!

Rektor bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirdəi məruzə ilə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev həmin ağır dövrlərdə baş verən hadisələrin canlı şahidi olduğunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra söz YAP universitet ərazi təşkilatının sədri, BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadəyə verildi. Prorektor Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonrakı zaman kəsimində Azərbaycanın və Naxçıvanın düşdüyü ağır günlərdən, o illərdə xilaskar, dahi şəxsiyyət  Heydər Əliyevin Naxçıvanı böyük bəlalardan qorumağından söz açdı.