Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 15:23:00
“Yalnız milli rəqs və musiqidən istifadə etdik, çox kövrəldim” – Ucqarlarda “Son zəng”-FOTO

2018-2019-cu tədris ilinin yekunlaşması məktəblərdə müxtəlif tədbirlər qeyd olunub.

Bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir.

Xüsusilə də bölgə məktəblərində bu tədbirlər daha yaddaqalan, səmimi təşkil olunur.

AzEdu.az  əməkdaşı bölgə məktəblərində son zəngin necə keçirildiyini öyrənmək üçün orada çalışan müəllimlərlə əlaqə saxlayıb.

Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mətanət Paşayeva bildirib ki, onun üçün builki “Son zəng” xüsusilə maraqlı olub.  Burada şagirdlərin yeni ideyaları əsas rol oynayıb:

“Bu il onbirincilərimdən ayrıldım. Əsas yadımda qalan elə bu oldu: Onlarla vidalaşmaq məni kövrəltdi.

Amma builki “Son zəng”də ssenari çox fərqli idi. Məzunların geyimlərindən tutmuş, oxuduqları mahnılara qədər fərq hiss olunurdu. Yalnız milli rəqslər ifa etdilər. Milli ruhda hazırlanan fləşmob diqqət çəkdi. “Sarı gəlin”, muğam, Heydər Əliyevin səsi ilə “Azərbaycan” şeirinin səslənməsi də o ssenarinin tərkib hissələrindən biri idi. Ssenari çox rahat, sadə yazılmışdı”.

Gədəbəy rayonu İntiqam Mahmudov adına Gərgar kənd məktəbinin müəllimi  Nuranə Abbaslı da bugünün onun üçün kövrək məqamlarla yadda qaldığını bildirib:

“Artıq ikinci ildir, o məktəbdə işləyirəm. bu 2 ildə onlara dostlaşmışdıq. Xətirləri mənə əziz idi. Kənd məktəbidir. Bəzi səbəblərdən bütün şagirdlər qatıla bilmədi. Uşaqlarla deyib–güldük, rəqs etdik. Birincilərin şeirlərini dinlədik. Təhsil nazirinin qərarına uyğun olaraq başqa nəyəsə icazə verilmədi”.

Laçın rayon Taxtakörpü qəsəbə məcburi köçkün məktəbinin İngilis dili müəllimi Şəbnəm Cəbrayıl da “Son zəng” təəssüratlarını bölüşüb:

“Məcburi köçkünlük həyatının çətinliklərinə baxmayaraq  XI sinif şagirdlərinin əksəriyyəti kifayət qədər bal toplayıb, tələbə adını qazanıblar. Buna görə çox xoşbəxtik. Tək arzumuz “Son zəng”imizi Laçında keçirməkdir. Amma bugün həm də başqa səbəbdən sevincli, qürurluyuq. Məktəbimizin XI sinif şagirdi Şamama Bəxtiyarova diz sümüyündəki xərçəng xəstəliyi ilə mübarizə apararaq ona qalib gəldi. O, 1 il təhsildən uzaq qalsa da, sonradan  tələbə adını qazandı. Sevincimiz ikiqat artıb. O, sübut etdi ki, insanın məqsədi varsa, heç nə ona çatmağa əngəl olmaz”.

Şəbnəm müəllim bildirib ki, builki “Son zəng” həm də valideynlərin əvvəlki illərlə müqayisədə sayca az olması ilə yadda qalıb:

“Sanki insanlarda həvəs azalıb. Elə bil, hər şey adiləşir.

Bəlkə də bu, həm də isti ilə bağlıdır. Seyrəklik, uşaqlarda isə yorğunluq hiss olunurdu. Təbii imtahanın da buna təsiri az deyil. Məzunlar həm də imtahan ərəfəsindədirlər”.

Astara rayon, Qapıçıməhəllə kənd orta məktəbinin müəllimi Həbib Əlizadə isə bildirib ki, məktəb 9 illik olsa da, şagirdlərlə sağollaşmağı özlərinə borc bilirlər:

"Bu, rəsmi sağollaşmadır. Hələ onlarla görüşlərimiz çox olacaq. Məzunlarımız hələ təhsillərini başqa məktəblərdə də davam etdirəcəklər. Təəssüratlarım xoşdur. Direktor, müəllim, şagirdlərin iştirakı ilə kiçik və səmimi tədbir keçirildi. Onlarla birlikdə əylənməyə, günümüzü xoş keçirməyə çalışdıq. Şagirdlərimiz üçün şeir deyən müəllimlər də oldu. Müxtlif fotolar çəkdirdik.

Bu son zəngdə bizim bir başqa sevincimiz də oldu. Məktəbimiz köhnə idi. Yeni məktəbin inşası ilə bağlı qərar verildi. Modul tipli məktəb tikiləcək”.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilməlidir. Tədbirlərdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak edə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları