Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 13:20:00
Nazir peşə təhsilinin perspektivlərindən danışdı  

“2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılaraq, sayları 24-ə çatıb.

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Ceyhun Bayramovun sözlərinə görə, peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir:

 “Peşə təhsilinin inkişafı işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə əhəmiyyətli təsir göstərir. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilmiş və icrasına başlanmışdır.

Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb. Beləliklə, mərkəzlərin sayı 24-ə çatıb. Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilməkdədir”.

Ceyhun Bayramov bildirib ki, peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilib:

Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib. 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanmışdır, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilmiş və kadr hazırlığına başlanıb. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində müasir peşə təhsili mərkəzinin tikintisi başa çatmaq üzrədir. Artıq Koreyadan ən müasir avadanlıqlar gətirilib quraşdırılıb. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış həmin mərkəzdə 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçməsi təmin edilib.

İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilib.

Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər növbəti illərdə də davam etdiriləcəkdir”.