Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 12:55:00
2019-cü ildə bu qədər modul tipli məktəb istifadəyə veriləcək – Təhsil naziri  

“Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək”­­­­­­

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilib. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilib. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb”.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat vəsait ayrılıb:

“Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olub. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək”.