Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 11:54:00
Dərs ilinin son günlərini faydalı etməyin yolları:  “Müəllim dərslikdən asılı olmamalıdır”  

Ölkəmizdə 15 sentyabrda başlanan tədris ili 14 iyunda başa çatır. Amma illər əvvəl tədrisin 31 mayda yekunlaşması ənənəsi insanların yaddaşında qaldığından, onlar son 14 günün verdiyi üstünlüklərdən yetərincə yararlana bilmirlər.

Dərs ili başa çatmamış dərsliklər yığılır, müəllimlər isə bunu yazı–pozu işlərini görmək üçün fürsət kimi dəyərləndirirlər.

Bəs, dərs ilinin son 14 gününü daha faydalı etmək üçün nə kimi üsullardan yararlanmaq olar? Ümumiyyətlə, bu bir neçə gündə şagirdin hələ də zehni əməklə məşğul olması nə dərəcədə düzgündür?

“Belə çıxır, bizim bir sıra müəllimlərimiz dərslikdən asılıdırlar?”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Anar Məmmədov dərs ilinin  son günlərini yaddaqalan və faydalı etməyin üsullarını sadalayıb:

“Günün birinci hissəsi müxtəlif fəallıqlar, intellektual oyunlar, “yayı necə keçirməliyik?” mövzusunda seminarlar, uşaqların sosial səriştəsini artıracaq mövzularda müzakirələr aparmaq olar. Məsələn, könüllülüyün əsasları, ətraf mühitin qorunması, produktiv dincəlmə, aktiv idmanla məşğul olma, təbiəti seyr etmə və duyma, asudə vaxtın təşkili və s. mövzulara üstünlük verilə bilər. Məktəb son günlər üçün şəhər tipli düşərgə hazırlasa, yaxşı olar.

Yəni, 15 gün ərzində şagirdlərlə tədris platforması olmadan da xeyli işlər görmək mümkündür. Təbii ki, məktəb tədris fəaliyyətini bitiribsə... Amma qanunvericiliyə uyğun olaraq,  tədris hələ davam etməlidir. Buna görə də mənim dediyim yalnız aşağı və orta siniflərə aid ola bilər. Yuxarı siniflər öz məşğələlərini davam etdirə bilərlər. Hər məktəbin öz planları olmalıdır. Bu müddətdə yalnız göstəriş gözləyən, təşəbbüsü, heç bir fəaliyyəti olmayan məktəb rəhbərləri belə bir sualla ortalığa çıxacaqlar: “biz nə edək?”

Deyirlər, dərsliklər yığılıb. Deməli, bir müəllimin əlindən dərsliyi alsaq, o, təlim keçməyi dayandıracaq. Belə çıxır ki, bizim bir sıra müəllimlərimiz dərslikdən asılıdırlar? İnternet resursları, araşdırmalar, praktik tapşırıqlar var və hələ də müəllim dərsliksiz tədris keçə bilmir?”

“İl boyu üzərində işləməyən müəllim 15 gün ərzində heç nə edə bilməyəcək”

Ekspert məktəbdə son günlərin səmərəli təşkilinin müəllim, yoxsa direktordan asılı olması məsələsinə belə münasibət bildirib:

“Burada müəllim və ya direktor məsələsi yoxdur. Direktor göstəriş verir, iclas keçirir, motivasiya edir, diaqnostikaya baxıb boşluqları görür və s. Müəllim isə öz üzərində işləyib tədrisi həyata keçirməlidir. İl boyu internet resurslardan istifadə etməyib üzərində işləməyən müəllim 15 gün ərzində heç nə edə bilməyəcək. İl ərzində çalışıb müxtəlif yeniliklərə imza atan müəllimə isə direktorun hər hansı söz deməsinə ehtiyac yoxdur. Planlaşdırma direktor və müavinində, icra, hesabatlılıq isə müəllimdə olur.

Məktəb bir orqanizmdir. Orada görüləcək işlər icmanın xarakteri və şagird kontingentindən asılı olaraq dəyişir. İcmanın, sinfin səviyyəsini, şagirdlərin qabiliyyətlərini nəzərə alaraq bu zamanı olduqca maraqlı və səmərəli təşkil etmək mümkündür. Direktor iclas keçirib, müəllimləri toplayıb, onlardan ideya ala bilər. Gəlin, artıq göstəriş gözləməyi dayandıraq. Bu işdə psixoloqlar da iştirak edə bilərlər. Qeyri - formal təhsil tətbiq oluna, müxtəlif təşkilatlarla əməkdaşlıq edilə bilər. İdman müəllimləri bu işdə aktiv iştirak etməlidirlər. Onlar uşaqların dərslərə çox cəlb olunması, idmana vaxt qalmamasından şikayət edirlər. Bu 14 gün onlara müxtəlif turnirlər keçirilməsi üçün fürsətdir”.

“Müəllim və şagirdlərə güvənmək lazımdır”

Anar Məmmədov ölkə daxilindəki məktəblərin bir–biri ilə əlaqəsini də vurğulayıb. O bildirib ki, yanaşı yerləşən qonşu məktəblərin direktorları görüşüb müxtəlif təkliflərlə çıxış edə bilərlər:

“Bunun üçün heç bir sərmayə lazım deyil. Bu işə görə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsini gözləməyə ehtiyac yoxdur. Sadəcə direktorların səyi kifayətdir. Yeniliklərə açıq olmaq, şablonlardan imtina etmək, müəllim və şagirdlərə güvənmək lazımdır. Onda bütün işlər axarında gedəcək”. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları