Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 11:39:00
“Son zəng günü övladlarınıza avtomobil verməyin!” – Təhsil işçisindən çağırış

Dərs ilinin bitməsi, Son zəng tədbirlərinin yaxınlaşması ilə əlaqədar əsas məsələlərdən biri də məzunların təhlükəsizliyidir. Tədbirdən sonra məktəblilərin  başqa yerlərdə toplanmasına, nəzarətsiz yığıncaqlar keçirilməsinə icazə verilmir. 

Bəs, bunun qarşısı necə alınır, məktəb rəhbərliyi bunun üçün hansı addımlar atır? 

AzEdu.az-a açıqlamasında təhsil işçisi Elnur Hacıyev bildirib ki, ilk növbədə uşaqların yaş psixologiyası nəzərə alınmalıdır. Hadisələrin baş verməsində isə müxtəlif  motivlər var: 

“Motivlərdən biri 16-18 yaş aralığında olan uşaqların müstəqil surətdə davranışı, ədəb qaydaları,  ictimai yerlərdə  özlərini aparmasından ibarətdir. Bunun üçün məktəblərdə daim tərbiyəvi söhbətlər  aparılmalıdır və aparılır da. Amma məsələyə sistemli yanaşmaq lazımdır. Bunu təkcə müəllimlərin, məktəbin üzərinə atmaq olmaz.  Orta məktəblərdə Son zəng günü tədbirdən sonra hər hansı bir yerdə yığışarkən,  valideynlər övladlarına avtomobil verməsinlər, çünki onların sürücülük vəsiqəsi yoxdur, qanunları pozurlar. Biz verilməməsini istəsək belə,valideynlər həmin gün uşaqlarının rahatlığı, əylənməsi üçün maşınları verirlər. Təbii ki, onların sürücülük hüquqları yoxdur, buna baxmayaraq, həmin vaxtda avtomobilləri idarə edirlər və qəzaların olma səbəblərindən biri də budur.  Digər tərəfi isə əgər bizim məktəblər şəxsiyyət yetişdirməyi hədəfləyirsə, bu cür şəxsiyyətin formalaşmasında  etik qaydaları, özünü ictimai yerlərdə necə aparılması qaydalarını da öyrətməlidir” 

E.Hacıyev deyir ki,  dünyanın bir çox yerlərində bu tip hadisələr zamanı dövlət çox ciddi şəkildə bu məsələlərə nəzarət edir: 

“Çünki uşaqların  yaş dövrü elədir ki, bunlar hardasa oturmaq, əylənmək istəyirlər. Bir az da fərqlənmək istəyirlər. Onlar bilmirlər ki, bu fərqlənmələr , tam sərbəstlik bəzən ciddi fəsadlara, insan ölümünə, əlilliyə gətirib çıxarır. Bu da təcrübəsizliklərindən irəli gəlir. Məktəb rəhbərliyi, müəllimlər də hər zaman  maksimum dərəcədə uşaqların yanında olmağa  çalışırlar. Tədbir bitəndən sonra daha yaxşı olardı ki, daha təcrübəli , səriştəli bir adam onlarla olardı və elə edər di ki, uşaqlar bu tədbiri, xoş günü xətasız - bəlasız qeyd edə bilsinlər. Təəssüflər olsun ki, bu, hər zaman belə olmur. Hər il ölümlə və ya digər fəsadlarla müşahidə olunur. Təkcə məktəblər deyil, Dövlət Yol Polisinin əməkdaşları da bizim son zəng tədbirlərinə gəlirlər. Həmin məsələylə bağlı profilaktik tədbirlər görürlər. Orada valideynlərin də nəzərinə çatdırılır ki, uşaqlarınızı diqqət mərkəzində saxlayın, avtomobilləri verməyin.  Məktəb rəhbərliyinin, DYP-nin, Təhsil Nazirliyinin göstərişləri olsa da bu hallar hər il baş verir. Biz bunu sistemli, kökündən həll etməyə çalışsaq gərək şagirdlərimizə harada, nə vaxt , necə, nə zaman davranış  qaydalarını öyrədək. Onlar həmin gün biz artıq müstəqil həyata qədəm qoyuruq deyib, tam sərbəstlik əldə edib, istədiyi şəkildə müəyyən işlər görürlərsə təbii ki, bunun ciddi fəsadları olacaq. Onlar hələ yeniyetməlik dövründədirlər, bu barədə təcrübələri  yoxdur. Biz -böyüklər məktəb, valideyn, dövlət, DYP əməkdaşları ilə birlikdə ciddi yanaşmalıyıq ki, bu tədbirləri yüksək səviyyədə, xətasız keçirə bilək”.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi eləcə də rayon Dövlət Yol Polisi şöbələri bu gün gün gücləndirilmiş iş rejimində çalışır.

Yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. 

"Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq".