Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 11:24:00
Nazir Qubdalı məktəbinin 28 məzununu təbrik etdi: “Bu gün müstəqil həyata addımlamağa hazır yeniyetmələrsiniz”  

Bu gün 2018-2019-cu dərs ilinin yekunlaşması müxtəlif məktəblərdə “Son zəng” tədbirləri ilə qeyd edilir.

AzEdu.az xəbər verir ki, tədbirlərdə Təhsil naziri və müavinləri, müxtəlif təhsil, ictimaiyyət adamları iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov isə Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində “Son zəng”  tədbirində  iştirak edib.

Nazir tədbirdəki çıxışına bu il məktəbi bitirən 28 məzunu  təbrik etməklə başlayıb. Bildirib ki, məktəbin məzunları onun fəaliyyətinin güzgüsü hesab olunur:

“Əziz şagird, valideyn və müəllimlər! Hər birinizi bu “Son zəng” tədbirində salamlayır, arzu və niyyətlərimi bildirirəm. Fəaliyyəti ilə hər zaman seçilən Qubadlı rayon Hal kənd tam orta məktəbinin kollektivini təbrik edirəm.

Az yaşınızda bura qədəm qoyub məktəbli adını qazandınız. Sadə biliklərdən başlayaraq müxtəlif fənləri öyrəndiniz. Hesab edirəm ki, bu gün müstəqil həyata addımlamağa hazır yeniyetmələrsiniz.

Dövlətimiz hər zaman vətəndaşının maraqlarını ən üstün tutub. Bunu məktəb illərində də görüb, hiss etmisiniz. Oxuduğunuz məktəbdə ən yüksək təlim prosesinin həyata keçirilməsi üçün şərait var. Bu şərait sizinlə yanaşı, 1 milyondan çox Azərbaycan məktəblisi üçün yaradılıb”.

Təhsil naziri çıxışında ölkə başçısının təhsilə olan diqqət və qayğısını, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəb quruculuğu sahəsində aparılan işlərin nəticəsini də vurğulayıb. Bildirib ki, bu tədbirlər nəticəsində Azərbaycanın əksər məktəblərinin siması dəyişib.

Nazir çıxışında son həftə ərzində ölkəmizdə məktəb quruculuğu sahəsində işlərin davam etdirilməsi ilə bağlı cənab Prezident tərəfindən 3 sərəncamın  imzalandığını da qeyd edib.

Ceyhun Bayramov məktəbi bitirən məzunların gələcəkdə müxtəlif ali təhsil müəssisələrini təmsil edəcəklərini qeyd edərək bildirib ki, bu istiqamətdə də son illər ərzində mühüm işlər görülüb:

“Azərbaycanda yeni nəsil universitetlər yaradılıb, aparıcı beynəlxalq ali təhsil müəssisələrinin filialları açılıb. Yalnız bu il ərzində təhsilin müxtəlif pillələrində təhsil alan 100 mindən artıq şəxsin təqaüdləri artırılıb. Təqaüd alan tələbələrin sayı 16 min artıb. Dövlətin ümumi tələbələrinin 50 %-nin təqaüd alması təmin ediləcək.

Dövlət sifarişli yerlərin sayı da ötən illə müqayisədə 66 % artırılıb. Bu işlərin görülməsində əsas məqsəd  təhsilin bütün vətəndaşlar üçün əlçatan olmasıdır. İstəyirik ki, Azərbaycan gənci savadlı olsun. Əminəm ki, bugünün məzunları olaraq yaradılan imkanlardan maksimum yararlanacaqsınız”.  

Tədbir müxtəlif təhsil işçilərinin nitqi və məzunların çıxışları ilə davam edib.

Qeyd edək ki, bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları