Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 16:50:00
İmtahan öncəsi stressdən qurtulmağın metodları - Vacib tövsiyələr

Tezliklə ölkəmizin abituriyentləri vacib sınaqdan keçməlidirlər – qəbul imtahanı verməlidirlər.

Həyatımızın hər bir mərhələsində şəxsiyyət və mütəxəssis kimi təşəkkül tapmaq üçün müxtəlif sınaqlardan keçirik. Bu sınaqları biz asan, çətin kimi qiymətləndiririk, bəzilərini isə keçilməz, lakin inkişafımız və yüksəlişimiz üçün zəruri sayırıq.

Abituriyentlərin böyük əksəriyyəti üçün imtahan stres mənbəyidir, çünki situasiya onlar üçün həm əhəmiyyətlidir, həm də zehni gərginlik tələb edir və buna görə də emosional təlatümlə müşayiət olunur.

İmtahanlardan qazanılan müvəffəqiyyətə materialı bilməklə yanaşı bir çox psixoloji amillər də təsir edir: əhval-ruhiyyə, motivasiya, valideynlərin gözləntiləri, şəxsi gözləntilər, stres.

Burada biz imtahanlara hazırlığın psixoloji cəhətlərindən danışacağıq.

Məzunun buraxılış və qəbul imtahanlarından keçməyə psixoloji hazırlığı onun müvəffəqiyyət qazanmasının çox mühüm təminatıdır. Yalnız psixoloji cəhətdən hazır olan yeniyetmə imtahan zamanı qarşılaşa biləcəyi çətinlikləri aşa bilər. İldən‑ilə bu problem daha da aktuallaşır və həm uşaqlarla, həm də valideynləri ilə xüsusi iş aparılmasını zəruri edir.

Ali təhsil müəssisəsinə qəbul olunmağı qarşısına məqsəd kimi qoyan abituriyent nəyi bilməlidir ?

1.İmtahan abituriyentin yaxşı və ya pis insan olmasının dəyərləndirilməsi deyil, onun zehni, əqli imkanlarının qiymətləndirilməsidir. Bu fakt çox vacib bir fikri qavramağa imkan verir: a) əgər mən az bal toplamışamsa, bu o demək deyil ki, mən qüsurlu insanam, sadəcə o deməkdir ki, mən kifayət qədər hazırlaşmamışam; b) bacarıq və bilik elə amillərdir ki, onlara təsir etmək mümkündür və deməli, nəticəni yaxşılaşdıra bilərik.

2.İmtahan güclü həyəcan, stres yaradır və bu normal haldır! Bu halda stresi inkar etmək lazım deyil. Stres, eləcə də müxtəlif psixi-emosional hallar bir hissəmiz və reaksiyamızdır, onunla mübarizə özümüzün bir hissəmizlə mübarizə anlamına gəlir. Stresi dərk etmək, qəbul etmək və xeyrimizə dəyişməliyik, bunun üçün isə niyə və nədən qorxduğumuzu aydınlaşdırmalıyıq: İmtahanın özündən və ya onun nəticələrindən? Siz öz qorxu və emosiyalarınızı nə qədər aydın başa düşsəniz, o qədər çox onlara nəzarət etmək üçün imkanlarınız yaranacaq.

3.Stres orqanizmin bütün resurslarının problemin həlli üçün cəmləşdirmə və yönəltmə şəklində müsbət, konstruktiv funksiya yerinə yetirir.

İndi isə stresin neqativ təsirlərini və onu vaxtında aşkar etməyin əhəmiyyətini nəzərdən keçirək. Stres zamanı bizim beynimiz və bütün əsəb sistemimiz fərqli tərzdə çalışır. Beyin stresə müəyyən kimyəvi reaksiyalar zənciri ilə cavab verir ki, bu da hormonal fonun dəyişməsinə – qərarların qəbul edilməsini, vəziyyəti düzgün qiymətləndirməsini ləngidən, yəni destruktiv funksiya yerinə yetirən  kortizolun ifrazına gətirir.

Stres zamanı obyektiv reallıq təhrif olunur, insanın qarşısında reallıq yox, onun təfsiri, gələcək, hələ baş verməmiş bir hadisə durur.

Həyəcan doğuran imtahanın özü deyil, onun haqqında fikirlərdir.

Təhlil və qiymətləndirmə prosesləri zamanı təhriflərə bunları aid etmək olar: "mən suallara cavab verə bilməyəcəm, hər şeyi etməyə vaxtım çatmayacaq, mən bəxtsiz insanam, bacarığım yoxdur, yaddaşım zəifdir, mən heç nə yadıma sala bilmirəm və ya qarşıda hələ çox vaxt var, mən köçürə də bilərəm".

Yuxarıda sadalanan məlumatlara əsaslanaraq abituriyentlər özlərini necə aparmağı və stresli vəziyyətin öhdəsindən gəlməyə özlərinə kömək etməyi bilməlidirlər.

İmtahandan öncə vacibdir:

1. Qeyri-müəyyənliyi azaltmaq. Çox zaman abituriyenti imtahanın özü deyil, onu gözləyən qeyri-müəyyənlik qorxudur. Bu səbəbdən qeyri-müəyyənliyi azaltmaq üçün bütün formal detalları hazırlamaq lazımdır:

İmtahan proseduru haqqında ətraflı məlumatlanmaq;

Test tapşırıqları və məsələlər üzərində işləməyi məşq etmək;

İmtahanda davranış qaydalarını öyrənmək;

Cavab kartına cavabları düzgün daxil etmək vərdişlərini işləmək;

Əvvəlcədən imtahan binasına necə çatacağınızı planlaşdırın, ünvanı öyrənin və tıxacları nəzərə alaraq nə qədər zaman tələb olunduğunu aydınlaşdırın.

2.Resurs tapın. İmtahan qabağı, xüsusən də son bir və ya iki ay daha da güclənmiş rejimdə hazırlaşırıq. Belə qızğın rejimdə orqanizmin bütün resursları fizioloji fəallığın dəstəklənməsinə sərf olunur və əqli fəallıq azalır, orqanizm fiziki və emosional yorulma vəziyyətinə gəlir. Bu səbəbdən istirahət zəruridir, özünüzə istirahət etməyə icazə verin, sizi sevindirən, gərginləşdirməyən məşğuliyyətlərə yer ayırın.

3.Cəmiyyətlə razılaşmaq. Biz təcrid olunmuş şəkildə yaşamırıq, bizim hərəkətlərimizə cəmiyyət həmişə münasibət bildirir və qiymət verir. Bu mürəkkəb dövrdə özünüzü yalnız sizi dəstəkləyən insanlarla əhatə edin.

İmtahan günü:

1. Səhərinizi səhər yeməyindən başlayın, bu sizin orqanizminiz üçün zəruridir.

2. İmtahanda böyük gərginlik və materialın çoxluğundan zaman təhrif olunmuş, subyektiv şəkildə qavranılır, buna görə situasiyanın – tapşırıqların, vaxtın obyektiv, düzgün qiymətləndirilməsi çox vacibdir. Ona görə imtahandakı hərəkətlərinizin sxemini imtahandan əvvəl müəyyən edin: imtahana daxil olacam, təlimata diqqətlə qulaq asacam, diqqətimi toplayacam, əvvəlcə asan tapşırıqları, sonra mürəkkəbləri həll edəcəm. İmtahanın sonuna 1 saat qalmış cavabları köçürəcəm, yerdə qalan tapşırıqları cavablandıracam.

3. Əmək qabiliyyəti əyrisi mövcuddur. Zehni yük zamanı əvvəlcə işə öyrəşmə baş verir , sonra I mərhələdə iş qabiliyyəti saxlanılır, daha sonra isə eniş başlanır – yoruluruq (bu vaxt əqli (zehni) iş tələb etməyən avtomatlaşdırılmış işlərlə məşğul olmaq daha yaxşı olar. Məsələn, cavabları cavab kartına köçürmək) və bu zaman isə imtahandan çıxmaq lazım deyil. Təcrübə göstərir ki,məhz bu zaman abiturientlər artıq bütün bacardıqları hər şeyi etdiklərini düşündükləri üçün imtahanı tərk edirlər. Lakin müəyyən istirahətdən sonra qüvvəmiz yaranır və biz əvvəl yorğun olduğumuz üçün həll edə bilmədiyimiz məsələni yerinə yetiririk.

İmtahan zamanı gərginliyin öhdəsindən gəlmək üçün üsullar:

1.Fikrinizi toplamağa mane olan güclü həyəcan hiss edirsinizsə, sakitləşdirici tənəffüs texnikasından istifadə edin. Bunun üçün nəfəs almaq və bundan iki dəfə artıq vaxta nəfəsi vermək lazımdır.

2.Bədənimiz stresə reaksiya verir, istənilən emosional gərginlik bədənimizdə sıxıntılar yaradır, nəticədə biz bədənimizi "eşidə" bilmirik. Bilirsinizmi huşunu itirmiş insanı niyə şapalaqlayırlar? Bizim bədənimiz və şüurumuz əlaqəlidir.  İmtahan zamanı aktiv vəziyyətə qayıtmaq üçün bədən hərəkətləri etmək effektivdir:

Hərəkətlər:

Ayaqlarınızı bacardığınız qədər gərginləşdirin. Bir neçə saniyə bu vəziyyətdə saxlayın. Budunuzu gərginləşdirin və boşaldın. Qarnınızı gərginləşdirin və boşaldın. Kürəyinizi gərginləşdirin və boşaldın. Əllərinizi gərginləşdirin və boşaldın. Boynunuzu gərginləşdirin və boşaldın. Üz əzələlərinizi gərginləşdirin və boşaldın. Bu hərəkətlərdən sonra siz yüngüllük və əzələlərinizin boşalmasını hiss edəcəksiniz. Hərəkətlərdən sonra tapşırıqları cavablandırmağa davam edin.

Bütün abituriyentlərə uğurlar! 

Psixoloq, Güləliyeva İlahə

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı