Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 15:06:40
Apellyasiyadan sonra maksimum bala qovuşan Sərxan: “Hədəfim 700-ü toplamaqdır”  

“Apellyasiya Komissiyasında ekspert müəllim cavabıma baxdı və tamamilə doğru olduğunu söylədi. Beləliklə, balım düzəldildi və mən də 300 bal toplamış oldum”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Sumqayıt şəhər 22 saylı məktəbin məzunu Sərxan Həsənov deyib. Onun sözlərinə görə, imtahan uğurlu keçib:

“Suallar gözlədiyimdən asan düşdü. Biz bir az daha çətin suallar gözləyirdik . Amma bir neçə tapşırıq nisbətən vaxtımı aldı, üzərində düşündüm. Evə qayıdan kimi müəllimlərimlə danışdım. Narahat olduğum sualı düzgün yazdığımı dedilər. Bu həyəcanımı azaltdı. Qapalı sualları düz yazdığıma dəqiq əmin olsam da, açıq suallardan bir az narahat idim. 290-dan çox bal gözləyirdim. Cavablar açıqlananda, Azərbaycan dilindən açıq sualın birinə “0” bal verdiklərini öyrəndik”.

Sərxan Həsənov qeyd edib ki, müəllimləri onu Apellyasiya Komissiyasına müraciət etməyə razı salıblar:

“Ərizə yazdıqdan bir neçə gündən sonra məni çağırdılar. Apellyasiya Komissiyasında ekspert müəllim cavabıma baxdı və tamamilə doğru olduğunu dedi. Beləliklə, balım düzəldildi və mən də 300 bal toplamış oldum.  Təxminən, ayın 23-də maksimum balın sistemə vurulacağı bildirildi. Apellyasiyada yaratdıqları obyektivlik və şəffaflığa görə DİM-ə öz təşəkkürümü bildirirəm.

Yay qəbul imtahanlarına qatılacağam. Hədəfim 700 bala çatmaqdır. Hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm. Açığı, hələ universitet seçməmişəm. Məsləhətləşəcəyəm və hansı daha yaxşı təhsil versə, onu seçəcəyəm. Fikrimdə Bakı Dövlət Universiteti var”.

Xatırladaq ki, XI sinif buraxılış imtahanlarında respublika üzrə ümumilikdə 6 nəfər maksimum nəticə göstərə bilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları