Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 13:50:00
“Müəllimlər şagirdlərin parodiyasından inciyirlər, amma bizi də yamsılaya bilərlər” –“Son zəng” direktorların gözü ilə  

Orta məktəblərin “Son zəng”i yaxınlaşır. Baş verə biləcək mənfi halların qarşısını almaq üçün tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirmək tövsiyə edilib.

Bu tədbirlərin standart ssenari, bayağı musiqilərlə müşahidə edilməsi də çox vaxt müzakirə mövzusuna çevrilir. Bəs, məktəb direktorları bu barədə nə fikirdədirlər? Onları  “Son zəng”lə bağlı narazı salan detallar hansılardı?

“Bu, yasda da, toyda da hiss olunur. Təəssüf, indi “Son zəng”ə də gətirib çıxarıblar”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli “Son zəng”ə valideyn müdaxiləsinin doğurduğu fəsadları dilə gətirib:

“Əsas problem valideynlərin təkidi ilə şagirdlərin pul yığıb əlavə məclis təşkil etmələridir. Ümumiyyətlə, yeyib-içmək mədəniyyətimiz yoxdur. Bu, yasda da, toyda da hiss olunur. Təəssüf, indi “Son zəng”ə də gətirib çıxarıblar. Şagirdlərin məktəb illərinin  sonuncu günündə də yeməklərin bolluğu üçün çalışırlar, bu, çox iyrənc görünür. Bunun əleyhinəyəm.

Bundan əlavə, şagirdlərin aşağı siniflərə hədiyyə almaq kimi adətləri var. Valideyn buna da qarışır. Əvvəldən deyir ki, “mən sənin övladına qızıl alacağam. Sən də uşağıma bahalı hədiyyə alarsan”. Bu, çox pis haldır. İcazə verin, kimin imkanı nəyə çatır, ürəyi nə istəyirsə, onu alsın. Hədiyyə öncədən razılaşdırılmasın. “Son zəng” yadigarının dəyəri pulu ilə ölçülməməlidir”.

“Bizim üçün maraqsız görünən nə isə o şagirdləri xoşbəxt edə bilər”

Tədbirlərin ssenarisindəki bayağılığa gəlincə isə direktor bildirib ki, direktor və ya müəllimin bunu bəyənməməsi, müdaxiləsi düzgün olmazdı:

“Çünki yaşımız çoxdur. Bizim üçün maraqsız görünən nə isə o şagirdləri xoşbəxt edə bilər. Məzunun tədbirdə istədiyi mahnıya sözlər qoşması, rəqs etməsi normaldır. Burada bir qəbahət görmürəm.

Direktor kimi ilk “son zəng”im bu il olacaq. Amma müəllim işlədiyim müddətdə belə halların çox şahidi olmuşam. Şagirdlər hər hansı mahnının sözlərini dəyişib oxuyur, yaxud, müəllimləri parodiya edirdilər. Həmişə fikir vermişəm, bu, müəllimlərin xətrinə dəyir. Məzunlar da sıxılır, sərbəst olmurlar. Əslində, sərhədi aşmamaq şərti ilə elə direktorun özünü də yamsılamaq olar”.

“Həddi–buluğa çatmayan, sürücülük vəsiqəsi olmayan şagirdə maşın verib onunla öyünmək cılızlıqdır”

O, “Son zəng” günündə övladını öz əli ilə qəzaya sürükləyən valideynlərdən də söz açıb. Valideynlərin övladlarını ürəkli böyütdüklərini göstərmək üçün bir günlük avtomobillərini övladlarına verdiklərini vurğulayıb:

“Həmin məzunlar qəza şəraiti yarada bilərlər. Bu, həm onların özləri, həm də digərləri üçün çox təhlükəlidir. İstərdim, valideynlər bu məsələdə diqqətli olsunlar. Həddi-buluğa  çatmayan, sürücülük vəsiqəsi olmayan şagirdə maşın verib, onunla öyünmək cılızlıqdır. Camaatın elmi kəşfləri, əcnəbi universitetləri qazanması ilə öyündüyü bir vaxtda 07 markalı maşınla fəxr etmək geridəqalmışlıqdır”.

“Əlavə banket zalında “Son zəng” keçirmələrinə yaxşı yanaşmıram”

Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru Həqiqət Şükürova isə “son zəng”i qeyd etmək məqsədilə məktəbdən kənar keçirilən yığıncaqların heç birini dəstəkləmir:­­

“Buna yalnız o halda razılıq verərəm ki, həmin yığıncaqda şagirdlərlə yanaşı valideynlər də olsunlar, müəllimlər iştirak etsinlər. Sinif rəhbərinin iştirakı isə mütləqdir. Əks halda məzunların şəhəri gəzmək fikrinə düşməsi, əlavə banket zalında “Son zəng” keçirmələrinə yaxşı yanaşmıram. Çünki belə yığıncaqlarda mütləq nəsə anormal hal baş verir. Öz məktəbimizdə də buna icazə vermədim.

Bu il məzunlar tədbirdən kənar başqa rayona gedib, “Son zəng”i orada qeyd etmək istədilər. Mən icazə vermədim. Çünki burada risk faktorları çoxdur”.

“Tədbir üçün lazım olan maliyyə xərcini də özüm çəkirəm”

Tədbirlərin quruluşu zamanı direktor və məzunlar arasında yaranan fikri ayrılığına gəlincə isə Həqiqət xanım  3 ildir ki, “Son zəng” ssenarilərini özü hazırladığını bildirir:

“Ssenarilərdə bəyənmədiyim bir şey yoxdur. Əksinə, “Son zəng”in ssenarisində yalnız XI deyil, IV siniflərin də iştirakının tərəfdarıyam.

Məktəbimizdə “Son zəng”in təşkili, dekorasiyası - hər birini özüm təşkil edirəm. Bütün valideynlər bunun şahididirlər. Tədbir üçün lazım olan maliyyə xərcini də özüm çəkirəm.

Müəllimlərin parodiya olunmasına isə pis baxmıram. Müəyyən çərçivə daxilində müəllimlərin üzündə gülüş yaratmaq yaxşı haldır. Belə olduqda müəllim də öz səhvini bilir və növbəti dəfə gülüş hədəfi olmamaq üçün onu təkrarlamır”.

“Məzunların səsyazma studiyasına getməsini şəxsən özüm təşkil edirəm”

Çox vaxt direktorlar məzunların fərqli musiqilərə sözlər qoşaraq ifa etmələrinə razılıq vermirlər.  Həqiqət xanım isə:

“Onların səsyazma studiyasına getməsini belə şəxsən özüm təşkil edirəm. Bunun üçün məzunlar ödəniş etmirlər. Rəqs nömrələri hazırlamaları üçün məktəbdə hər cür şərait yaratmışam. Məktəbimizə rəqs müəllimləri də gəlib. Özüm də məşq zamanı onların yanında oluram. Dövrün bəzi tələblərini normal qarşılamalıyıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları